Ermənistan kilsəsinin revizionist rolu: Paşinyan niyə Katolikosu hədəfə alır? – ÖZƏL
13:08 Siyasət"Ermənistan cəmiyyəti ümumilikdə dindar bir cəmiyyətdir və bu dindarlıq səbəbindən kilsə ilə olduqca yaxın bağları var. Tarixə baxdıqda görürük ki, kilsə Ermənistan cəmiyyətində həmişə böyük rol oynayıb həm siyasi proseslərdə, həm də ictimai nüfuzun formalaşmasında".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycanın 30 illik işğalı dövründə də Ermənistan Kilsəsi bu prosesə böyük dəstək göstərib. Bu dəstək həm maddi, həm də mənəvi baxımdan olub. Bu gücdən istifadə edən erməni revanşistləri, terrorçuları və silahlı qrupları Azərbaycana qarşı bir çox qətliamlar törədiblər. Tarix boyu türklərə və azərbaycanlılara qarşı həyata keçirilən cinayətlərdə kilsənin rolu danılmazdır. Bugünkü gündə də kilsə həm iqtisadi cəhətdən, həm də siyasi-mənəvi baxımdan ciddi təsir gücünə malikdir.
"Kilsənin bu gücü təsadüfən formalaşmayıb. Ermənistan diasporası, müxtəlif ictimai-siyasi qruplar və erməni lobbisi kilsəyə böyük maliyyə vəsaitləri yönəldir. Bu vasitələrlə ictimai rəyin formalaşdırılması kilsə üzərindən həyata keçirilir. Kilsə rəhbərliyinin müxtəlif xütbələri və siyasi mesajları insanların düşüncəsinə ciddi təsir edir, onların yaddaşında uzun illərdir yaradılan düşmən obrazını gücləndirir.
Bunu çox yaxşı bilən şəxslərdən biri də Ermənistanın Baş naziri Nikol Paşinyandır. Son illərdə Paşinyan hər nə qədər kilsə ilə əməkdaşlıq etməyə çalışsa da, aralarında ciddi fikir ayrılıqları yaranıb. Paşinyan anlayır ki, Ermənistanın regionda sabitlik tapması və gələcəyinin təmin olunması üçün ictimai rəy dəyişməlidir. Lakin bu rəy hələ tam şəkildə Paşinyanın tərəfində deyil, cəmiyyət iki yerə bölünüb," - deyə siyasi şərhçi əlavə edib.
Ekspertin sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın məğlubiyyəti və Azərbaycanın hazırda sülh istiqamətində göstərdiyi fəaliyyətlər fonunda Paşinyanın da müəyyən addımları var. Amma kilsə bu proseslərə ciddi maneə yaradır. Kilsənin təsiri altında olan qruplar sülh prosesinə qarşı çıxır, ictimai rəydə gərginlik formalaşdırmağa çalışırlar.
Paşinyan bu vəziyyəti yaxşı anlayır və kilsədə müəyyən "təmizlik işi" aparılmasının zəruri olduğunu düşünür. Onun fikrincə, kilsədə dəyişikliklər aparılmalı, rəhbər vəzifələrə daha loyal və demokratik düşüncəli şəxslər gətirilməlidir ki, cəmiyyətə normal ab-hava yaradılsın. Çünki kilsə daxilində Paşinyana qarşı olan qruplar güclü olduğu halda, o seçkilərdə üstünlük qazana bilməyəcək.
R. Məmmədova əlavə edib ki, kilsə rəhbərliyinin, xüsusilə katolikosun son addımları cəmiyyətdə qarşıdurma yaradır və bu qarşıdurma həm Ermənistanın siyasi gələcəyinə, həm də Azərbaycanla sülh prosesinə ciddi zərər vurur. Paşinyan üçün bu vəziyyət böyük təhlükədir və o, gələcək layihələrini, regiondakı proseslərdə öz mövqelərini qorumaq üçün kilsədə dəyişikliklərin qaçılmaz olduğunu düşünür.
"Bu gün Ermənistan cəmiyyəti kifayət qədər gərgin və parçalanmış vəziyyətdədir. Din xadimlərinin bu proseslərdə rolu böyükdür və kilsənin mövqeyi cəmiyyəti iki düşərgəyə bölür. Paşinyan isə kilsənin təsirini neytrallaşdıraraq həm dini, həm siyasi, həm də ictimai sahədə normallaşma yaratmağa çalışır. Kilsənin oynadığı rolu öz xeyrinə çevirə bilsə, həm sülh prosesinə, həm də ölkənin daxili siyasi sabitliyinə töhfə vermiş olacaq," - deyə siyasi ekspert sonda vurğulayıb.
Sevda Dəniz