Güney azərbaycanlıları əcnəbi ölkələrə aparan səbəblər
25 Noyabr 2014 15:22 DiasporaMüsahibimiz siyasi ekspert Rəhim Cavadbəylidir.
-Rəhim bəy, məlumdur ki, dünyanın müxtəlif ölkələrində çox sayda Cənubi Azərbaycandan olan mühacirlər var. Hansı tarixdən başlayaraq Güney Azərbaycandan xarici ölkələrə kütləvi axın başladı?
-İran və ya başqa bir deyimlə Güney Azərbaycandan siyasi səbəblərdən dolayı baş verən mühacirətlər əsasən beş siyasi mərhələnin nəticəsi olaraq meydana gəlmişdir. Qacar Türk Dövlətinin son dönəmində başverən siyasi olaylar səbəbilə ölkəni tərk etmək məcburiyyətində qalan Türk siyasi mühacirlər; İngilislər tərəfindən Qacar Türk Dövlətinin çökməsinə hesablanaraq bilərəkdən yaradılan aclıq və qıtlıq səbəbilə baş verən yüz minlərcə türk mühacirinin faciəsi; Qacar Türk Dövlətinin çöküş və məğlubiyyətindən qaynaqlanan siyasi mühacirətlər; SSRİ-nin çökməsinədək davam edən İrandakı sosialist axın tərəfdarlarının siyasi mühacirətləri; Güney Azərbaycan Milli Hərakatını vasitə olaraq istifadə edən mühacirlər. Bu siyasi mühacirət dalğası təxminən 1860-1920-ci illəri əhatə edir. Bu təbəqənin nümayəndələri siyasi baxışlarına görə əsasən yenilikçi kimi xarakterizə edilir. Amma çox dumanlı, şübhəli dövrdür və obyektiv şəkildə aydınlaşdırılması üçün yenidən araşdırılmasına ehtiyac olan bir dövürdür. Eyni zamanda, unudulmamalıdır ki, Türk düşmənçiliyinə əsaslanan irançılıq, uydurma farsçılıq-ariçilik də bu dövrün məhsuludur. Bu axının nümayəndələri əsasən ölkənin o, dövründə yüksək təbəqəni təmsil edən, dövlət adamlarının, xanların və tacirlərin övladları idilər. Əsasən Avropada təhsil alaraq Avropada, Qafqazda, Osmanlı topraqlarında yerləşməklə fəaliyyət göstəriblər. Sonradan geri dönənlərlə bərabər dönməyənlər də çox olub. Tağızadələr, Baharlar, İranşəhrlər, Əranilər, Xiyabanilər, Zəkalar, Xoyskilər, Cəlillər, Talibovlar, Hehdər Əmioğullar və s. Ikincisi bu aclıq və qıtlıqdan qaynaqlanan acından ölmələr və köç dalğası 3 milyondan çox, yəni ölkə əhalisinin yarısının həyatını məhv edən bir cinayət olmuşdur. İngilislərin bu aclıq və qıtlığı planlaşdırdıqlarına dair bir çox rəsmi sənədlərin açıqlanmasına baxmayaraq hələ də gizli saxlanmasına çalışılır. İngilislər tərəfindən həyata keçirilən bu aclıq və qıtlıq 1917-1919-cu illəri əhatə edir. Bu iki ildə ölkə əhalisinin yarısı ya acından öldü, ya da şimali Azərbaycan başda olmaqla Qafqazlara, Anadoluya və Xorasan üzərindən bu günkü Türkmənistana baş götürüb qaçmaq məcburiyyətində qaldılar. Azərbaycanımızın kino sahəsində şah əsər olan "O olmasın, bu olsun" filmindəki hambal obrazı, qeyd etdiyim güneyli mühacir türklərin o dövrdə yaşadığı həyatın ən bariz təzahür forması idi. Milli müstəqilliyini itirən bir millət dəhşətli və inanılmaz faciələr yaşayıb. İngilislərin əsas məqsədləri ölkə əhalisinin əksəriyyətinin təşkil edən türkləri azaltmaq, hakimiyyətlərini əzmək, iflic etmək və ingilislərlə razılaşmaq istəməyən Qacar Türk Dövlətini yıxmaq idi. Və ölkə əhalisinin kiçik bir qismini təşkil edən Fars etnosu üçün özündən asılı fars kimliyinə yönümlü bir dövlət qurmaq olmuşdur. 21 Fevral 1921-ci il inqilabı ilə onlar bu istəklərinə nail oldular. Qacar Türk Dövləti məğlub oldu. İngilislərin siyasətinə uyğun olaraq Pəhləvi dövləti quruldu. Üçüncü bir səbəb bu siyasi mühacirət dalğası biz türklərin elitar siyasi mühacirət dalğası olmuşdur. Təəssüf ki, milli tariximizdə həyati önəm daşıyan bu ləyaqət və faciə hekayəsi olan siyasi mühacirət unudulmağa məcbur edilmişdir. Bu mühacirət dalğası 1924-1926-cı illər arasında Qacar Türk Dövlətinin məğlubiyyətindən qaynaqlanan elitar türk dövlət adamlarının sürgünü ilə nəticələnmişdir. 1925-ci ildə Qacar Türk Dövləti, başda sultan Əhməd şah olmaqla dövlətə sadiq xadimlər və Elitar türk təbəqəsi ölkəni tərk etməyə məcbur oldular. Əhməd Şah və digər ona sadiq dövlət xadimləri ingilislərin bu inqilabını, törətdikləri cinayətləri gözardı etmədi. İngilislərin rəqibi Fransa dövlətinə mühacirət etdilər. Əhməd şah "Sürgündə Qacar Məmalek-ol-Məhrusə Dövlətini" davam etdirəcəyini və siyasi mübarizəsini sürdürəcəyini açıqlamışdır. Təəssüf ki, Əhməd şah 30 yaşının əvvəlində Fransa da əcəl ölümü adı altında öldürüldü. Ardınca Vəliəhd Mirzə Məhəmməd "Sürgündə Qacar Məmalek-ol-Məhrusə Dövləti"nin sultanı olaraq taxta oturdu və Şəhrivər 1320- Avqust 1941 tarixində Rus və İngiltərənin İrana girməsi ərəfəsində İrana dönmək və həyata keçirmək istədiyi proqramı bir bəyanatla açıqladı. Bu bəyanatın yayınlanmasından bir neçə gün sonra 40 yaşlarını yaşayan Sultan Mirzə Məhəmməd Fransadakı evində ölü tapıldı və... Qacar sülaləsinin sonuncu başçısı bir neçə il öncə Avropada həyatını itirdi... Bu üzərində durulması vacib olan bir mövzudur, çünki biz bu dövlətin hüquqi varisiyik. Dördüncü səbəb bu siyasi dalğa SSRİ-nın quruluşundan etibarən 1990-cı illərə kimi davam edib. Bu təbəqə sosialist fəhlə hərəkatına bağlı tərəfdarlar və bəzən isə öndə gələn nümayəndələrdən ibarət olub. Bu kəsim demək olar ki, çoxunluqla İranda Fars-İran mərkəzli sosialist dövlətin qurulmasını və sonunda Moskva mərkəzli sosialist sistemi xəyal edən insanlardan ibarət idi. Sonuncu siyasi mühacirət dalğasında türk sosialist kəsimlə birgə liberalist Türk təbəqəsi mühacirətə zorlanıb. Bu mühacirət müddəti 1980-ci illərin sonlarına kimi sürüb. Sosialistlər də öz içlərində əsasən ikiyə bölünmüşlər. Azərbaycan tərəfdarı sosialistlər İran-fars meyilli sosialistlər. Bu sosialist təbəqə ictimai sinif mənsubiyyətinə görə əsasən aşağı sinifə bağlı idi. Azərbaycan tərəfdarı sosialistlər isə İran meyilli sosialistlərə görə daha aşağı təhsilsiz ya da çox az təhsilli sinifə bağlıydılar. 1980-ci il sonrası mühacirət edən sosialistlər SSRİ dağıldıqdan sonra Avropaya köçdülər. Beşinci səbəb Güney Azərbaycan milli hərəkatı adına siyasi vasitə əsasən 1990-cı illərin sonu və 2000-ci illərin başlarından etibarən beynəlxalq ədəbiyyata keçdi. Bu siyasi mühacirət dalğasının insan qaynağını əsasən 1990-ci illərin başlarından etibarən güneydə milli zəmində başlayan siyasi çalarlı hərakatlarda olan azsaylı dava adamları, Türkiyəyə təhsilə gedən və sonra geri dönməkdənsə Avropaya getməyi seçən insanlar təşkil edir. Burada əsas rolu həvəs oynayır.
-Vətənini tərk edən və ya etmək məcburiyyətində qalan güneyli soydaşlarımız daha çox hansı ölkələrə üz tuturlar?
-Ölkə seçmək iqtidarında olanlar əsasən milli hərakata siz düşündüyünüz kimi qatılmırlar. Seçmək iqtidarında olmayan və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının BMT QAK-ın təyin etdiyi ölkəyə getmək məcburiyyətində qalan insanlar daha çox bu milli vasitədən istifadə edir. BMT QAK isə 1990 ci illərin sonlarından 2000-ci illərin sonlarına kimi daha şox Avropa ölkələrinə, 2010-cu ildən sonra isə əsasən Amerikaya göndərir.
-Sizcə, güneyli həmvətənlərimiz yaşadıqları ölkədə yetərincə təşkilatlana bilirlərmi?
-Sizin qəsd etdiyiniz təbəqə əsasən keçmiş siyasi mənsubiyyətlərinə görə Azərbaycan meyilli sosalistlər ilə 5-ci kateqoriyanı təşkil edir. Bunlar isə tam ziddiyətlərlə dolu bir mərhələni yaşayırlar. Azərbaycan meyilli keşmiş sosialistlər bizim yeni milli hərəkatə qatılsalar da, öz qatılımlarıyla bərabər keçmiş ixtilaflarını da istər-istəməz bu yeni zəyif hərakata tiransfer etmişlər. 5-ci qurup isə olduqca zəyif, təcrübəsiz, səmimi insanların azlığı, su istifadəçilərin çoxluğu, yeni dünya ilə tanışlığın vermiş olduğu acı-şirin duyğular, yerləşmə problemləri, aşağı təbəqədə kilidlənib qalmaq və s. kimi problemlərdən dolayı siz dediyiniz təşkilatlaşma yetərli deyil.
-Məlumatlar göstərir ki, Cənubi Azərbaycandan xaricə üz tutanlar arasında getdikləri ölkədə elm yolunu tutanlar çoxdur. Müəyyən bir məqama çatdıqdan sonra onlar doğma vətənlərinin çətinlikləri haqqında yetərincə təbliğat aparırlarmı?
-Siz dediyiniz insanlar əsasən 1-ci, 3-cü və üstəgəl 4-cü təbəqənin ikinci nəslidir. 1-ci və 3-cü təbəqə bizə qatılmır, 4-cü təbəqinin isə olduqca çox az sayda insanı bizə qatılır.
-Güneylilərin xarici ölkərədə öz milli dəyərlərini qoruyub saxlamaq istiqamətində gördüyü işlər haqqında nələri demək olar?
-Öncə söylədiyim və tam incəlikləri ilə olmasa da kökdən olaraq təsnif etdiyim kateqoriyalar işığında bu sulaı dəyərləndirmək lazımdır. Bir işlər görmək istənir, amma mövcud problemlərin kökdən çözülməsinə istiqamətlənmiş vacib addımlar atılmadığına görə istənilən nəticələri vermir və verməsini gözləmək də bu vəziyyətdə sadəlik olardı. Milli hərakata, dəyərlərimizə tam ürəkdən bağlı olanlar isə həm sayları azdır, həm də olduqları ölkələrdə hələ ki, oturuşmamış insanlardı, oturuşmuş dəyərli insanlarımız da təəəssüf ki, gözardı edilir.
-Sizcə, Cənubi Azərbaycandan olan həmvətənlərimiz diaspor fəaliyyəti ilə istənilən səviyyədə məşğul olurlarmı?
-Bu həm dövlət həmdə millətimiz üçün olduqca önəmli mövzudur. Amma sualın cavabı gözləntilərimizin çox aşağısındadır. Bu isə Azərbaycan Diaspora Komitəsinin və Rəsmi məqamların fəaliyyətlərindən qaynaqlanan problem deyil, əslində bizlərin içindəki dərin ixtilafların var olmasından qaynaqlanır. Bu da təbiidir. Milli hərakat olduqca gənc hərakatdır. Və qarşı sistemlərin müdaxiləsi sonunda sonu öncədən görünən, məlum insanların problemli fərdlərinin bir arada faydalı işləməsini təmin etmək olduqca çətindir. Bu problemin həlli üçün Azərbaycan Diaspora Komitəsi İran türklərinin-Güney Azərbaycan türklərinin xaricdəki qruplarından dövlət və millətimiz üçün yararlanmaq məqsədi ilə mütləq yuxarıda qeyd etdiyim təsnifatın kökündən incələnməsi gərəkir. Bu ayrıca bir layihə olaraq ələ alınmalı və tam detallarıyla araşdırılmalıdır.
-Güney və Quzeydən olan həmvətənlərimizin birgə fəaliyyəti haqqında nələr demək olar?
-Azərbaycan Diaspora üzrə Dövlət Komitəsi adına olduqca dəyərli addımlar atıb və bunun nəticəsində bir çox olumlu işlər görülüb. Güney Azərbaycan türklərinin siyasi mühacirləri üzərində aparılan araşdırmaların nəticəsinə dayanaraq deyə bilərəm ki, bu istiqamətdə Diaspora üzrə Dövlət Komitəsinin müxtəlif yönlərdə müxtəlif strategiyalar üzərində çalışması lazımdır. Fərqli qruplar, fərqli düşüncələr, fərqli strategiyalar, bəzən isə ixtilaflı qrupların fərqli strategiyalarından yararlanmaq lazımdır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir