Coğrafiya institutunun toponimiyaya dair yeni nəşri çapdan çıxıb

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun "Qarabağ iqtisadi rayonunun qədim yurd yerləri və toponimlərinin izahlı lüğəti" çapdan çıxıb.

Monoqrafiyanın  müəllifi Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev, baş redaktoru c.e.d. professor  Zakir Eminov, elmi redaktoru aparıcı elmi işçi, c.ü.f.d. Mahirə Abbasovadır.

İki hissədən ibarət kitabın birinci hissəsində Qarabağın qədim yurd yerlərinin toponimiyasına geniş yer verilir. Azərbaycan yurdlarının yaranmasının başlıca mərhələləri və əsas cəhətləri müəyyənləşdirilir, yerləşmələrin, yerdəyişmələrin mühüm və aktual problemləri araşdırılır.

Kitabın Qarabağ iqtisadi rayonu ərazisində mövcud olan toponimlərin izahlı lüğətinin yerləşdiyi ikinci hissədə Qarabağ ərazisinin coğrafi adları toplanaraq tədqiq edilib, toponimik qanunauyğunluqları müəyyənləşdirilib, yerli coğrafi xüsusiyyətin (şəraitin) toponimiyada əks olunması faktlarının meydana gəlməsi aşkar edilib, həqiqətlər elmi dəlillərlə əsaslandırılıb.

Əsər Qarabağ ərazisindəki toponimlərin sistemli şəkildə öyrənilməsində əsl mənbə olmaqla yanaşı, problem məsələlərin həllində də siyasi, təcrübi və elmi əhəmiyyətə malikdir.

Elmi-tədqiqat işləri aparılarkən, eləcə də dərslik və tədris-metodik vəsaitlərin hazırlanmasında, toponimik biliklərin təbliğində, ali məktəblərdə toponimikanın tədrisində kitabdan istifadə edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31