Teatr və kino

Teatr mükafatlandıracaq

21 İyun 2017 17:04

Musiqili Teatrının 107-ci mövsümü yekunlaşmaq üzrədir. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq. Artıq bir neçə ildir ki, kollektivdə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mövsümün sonunda mükafatlandırılır. Tədbirdə “Mövsümün aktrisası”, “Mövsümün aktyoru”, “Mövsümün perspektivli aktyoru”, “Mövsümün perspektivli aktrisası”, “Mövsümün sevilən aktrisası”, “Mövsümün ən məhsuldar aktyoru”, “Bərpa tamaşasında uğurlu rola görə”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün debütü - aktrisa”, “Mövsümün debütü - aktyor”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, “Mövsümün ən yaxşı texniki işçisi” nominasiyaları üzrə qaliblər bəlli olacaq. Mərasimdə həmçinin “Mövsümün ən yaxşı tamaşası” elan olunacaq.

“Üçüncü günün adamı” təqdim olunacaq

21 İyun 2017 10:57

İyunun 30 – da Nizami Kino Mərkəzində Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçiriləcək. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, “Üçüncü günün adamı” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Film Qarabağ mövzusundadır. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir.

Milli Kino Günləri

19 İyun 2017 21:46

Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsnin və Nizami Kino Mərkəzinin birgə layihəsi əsasında, həmçinin C.Cabbarlı adına Azərbaycan Kinostudiyasının dəstəyilə iyunun 14- də başlanan “Milli Kino Günləri” layihəsinə daxil olan filmlərin nümayişi Nizami Kino Mərkəzində davam edir. Mərkəzdən “Olaylar” – a bildirilib ki, filmlər bazar ertəsi, çərşənbə və cümə günləri saat 12:30-da nümayiş olunur.

Fehruz Şamıyev “Kinoman nələri bilməlidir?” adlı seminarda

16 İyun 2017 16:47

İyunun 17 – də saat 17:00 – da Dialogue Cafedə  “Kinoman nələri bilməlidir?” adlı seminar təşkil olunacaq. Seminarda filmsevərlər  filmləri hansı xüsusiyyətlərinə görə seçməli, baxarkən nələrə diqqət etməli, ümumiyyətə filmləri bir-birindən məktəblərinə görə necə ayırd etməli suallarına cavab tapmaq tapacaqlar. Seminar Bakı Film İnstitutunun rəhbəri, kinoprodüser və rejissor Fehruz Şamıyevin iştirakı ilə həyata keçiriləcək.

“Sərgüzəşti Vəziri Xani Lənkəran” bölgələrdən döndü

16 İyun 2017 13:33

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti  Respublikamızın bölgələrində qastrol səfərini uğurla başa vurub. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində baş tutan qastrol səfəri çərçivəsində yaradıcı heyət milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Respublikanın şimal –qərb bölgəsində –Qəbələ, Oğuz, Balakən rayonlarında çıxış edib.

“Mən gəldim qızlar” “Səhnədən salam”dan qayıtdı

16 İyun 2017 13:30

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Qazaxıstan Respublikasının paytaxtı Astanada hər il ənənəvi keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalından uğurla dönüb. Teatrdan “Olaylar” – a bildirilib ki, festival Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin paytaxt elan olunmasının 19 illiyi, Qazaxıstanın görkəmli teatr və kino rejissoru, Qazaxıstanın Xalq Artisti və qəhrəmanı Azərbaycan Mambetovun anadan olmasının 85 illik yubileyi və “EKSPO - 2017” Beynəlxalq sərgisi münasibətilə iyun ayının 12-də start götürüb. İyun ayının 17-dək davam edəcək festivalda yaradıcı heyət görkəmli İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edib. Tamaşa həmçinin paytaxt teatrı olan “Jastar”da nümayiş etdirilib. Gənc Tamaşaçılar Teatrının təqdim etdiyi “Mən gəldim qızlar” (“Müharibə”) tamaşasını seyr edənlər arasında ölkəmizi Qazaxıstan Respublikasının səlahiyyətli səfiri Rəşad Məmmədov və Astanada yaşayıb fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərliyi və fəalları da var idi.

Gənc Tamaşaçılar Teatrında  Milli Qurtuluş Günü 

15 İyun 2017 14:03

Gənc Tamaşaçılar Teatrında Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Teatrdan "Olaylar" - a bildirilib ki, Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Mübariz Həmidov tədbiri giriş sözü ilə açaraq Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətli mövqeyindən danışıb: “1993-cü ildə, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ümummilli lider Heydər Əliyevin rəhbərliyə qayıdışı müstəqil dövlətimizin qurtuluşunu təmin etdi. Onun hakimiyyətə gəlişi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradaraq, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə start verildi. Ulu öndərin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanları həyata keçirə bilmişdir.

Musiqili Teatrda “Heydər Əliyev dərsi”

14 İyun 2017 16:48

Musiqili Teatrında 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, bu müansibətlə teatrda “Heydər Əliyev dərsi” keçirilib. Dərsi açıq elan edən Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Milli Qurtuluş Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu qeyd edib. “Müasir Azərbaycan dövlətçiliyinin əsası məhz 15 iyun tarixində qoyuldu. Əgər o zaman Ümummilli lederimiz Heydər Əliyev parcalanmaq, dağılmaq həddində olan ölkəmizə sahib çıxmasaydı, yəqin ki, indi dünya xəritəsində Azərbaycan adlı dövlət yox idi”, deyə Ə. Lalayev bildirib. Sonra söz millət vəkili, xanım Jalə Əliyevaya verilib. J. Əliyeva çıxışında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və fəaliyyətindən, böyük liderə ehtiyac duyulan bir vaxtda xalqın səsinə səs verərək 1993-cü il 15 iyun tarixində hakimiyyətə qayıdışından və bununla da ölkəni xaosdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etməsindən bəhs edib.

Ukraynalı dirijor Viktoriya Ratsyuku Opera və Balet Teatrında

14 İyun 2017 15:25

 İyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, teatrın rəhbərliyi tamaşanı idarə etmək üçün Ukraynalı dirijor Viktoriya Ratsyuku dəvət edib. Viktoriya Ratsyuk yaradıcı karyerasına 1995-ci ildə başlayıb. O musiqinin müxtəlif janrlarında: opera, simfonik və müasir bəstəkarların əsərlərini idarə etmək sahəsində çox uğurla fəaliyyət göstərir. Vətəni Ukrayna ilə yanaşı, Rusiya, Almaniya, Danimarka, Yunanıstan, Polşa, Macarıstan, Çexiya, Braziliya kimi ölkələrdə simfonik orkestrlərlə birlikdə çıxış etmişdir.

“Maşınlar”, “Transformerlər”, “Hörümçək adam” – Park Cinemada

14 İyun 2017 14:31

Yay mövsümünün başlaması ilə əlaqədar Park Cinema kinoteatrlar şəbəkəsi IMAX-da “Super Qiymət” aksiyasına start verir. “İyul ayının ortasına kimi bu yayın ən məşhur premyeraları gözlənilir, və biz böyük məmnuniyyətlə kinosevərlərə bu filmləri super qiymətə izləmək şansı təqdim edirik. Belə ki, Bazar ertəsindən Çərşənbə gününə qədər IMAX-da günorta seansları üzrə super qiymət qüvvədə olacaq – 6.90 azn. İnanırıq ki, izləyicilər böyük ekranda sevimli qəhrəmanlarına bir addım daha yaxın olacaq və IMAX-ın xüsusi effekt və səs keyfiyyətindən zövq alacaqlar” -  deyə, kinoteatrlar şəbəkəsinin Marketinq üzrə Direktoru Musa Axundov bildirib.

Yuğda premyera

14 İyun 2017 12:10

 İyunun 14 – də Azərbaycan Dövlət "Yuğ" Teatrının yaradıcı heyəti yeni tamaşa -"Metamorfoza" adlı səhnə əsərinin premyerası olacaq. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb. Teatrdan "Olaylar" - a bildirilib ki,  rejissor  Günay Səttarın quruluşunda təqdim olunacaq. Tamaşada aktyorlar Oqtay Mehdiyev (Sən) , Zümrüd Qasımov (Mən) və Elgün Həmidov ( O) rollarında çıxış edəcəklər.

Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunub

12 İyun 2017 15:19

 Böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun 85 ilik yubileyi ilə əlaqədar Musiqili Teatrda silsilə tədbirlər həyata keçirilib. Teatrdan “Olaylar” – a bildirilib ki, böyük sənətkarın 85 illiyi ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Öncə teatr və kino tarixində özünəməxsus yeri olan unudulmaz akrtyorun məzarı ziyarət edilib. Burada teatrın kollektivi ilə yanaşı, Hacıbaba Bağırovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, onu sevənlər iştirak edib. Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, gənc aktrisa Gültac Əlili çıxışlarında mədəniyyət tarixinəzə adını qızıl hərflərlə yazmış Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, canlandırdığı obrazların özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşdülər. Yubiley tədbirləri çərçivəsində daha sonra Musiqili Teatrda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət təşkil olunan sərginin açılışı olub.

“İnsan səsi” tamaşası nümayiş olundu

12 İyun 2017 09:48

 Akademik Milli Dram Teatrının kiçik səhnəsində Mədəniyyət və İncəsənət Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı “İnsan səsi” tamaşası nümayiş olunub. Teatrın mətbuat katibi Cavid Zeynallının “Olaylar” – a verdiyi məlumata görə, fransız yazıçısı və kinorejissoru Jan Koktonun müəllifi olduğu monopyes əsasında ərsəyə gələn səhnə işinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur.

Musiqili Teatrda “3 gün sizinlə”

9 İyun 2017 14:51

 Musiqili Teatrı növbəti layihəyə start verib. Teatrın mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, “3 gün sizinlə” adlanan layihədə teatrın tanınmış simaları üç gün ard-arda olaraq öz sevimli tamaşaçılarının görüşünə gələcəklər. Bu dəfə isə Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal üç gün ardıcıl olaraq tamaşaçıların qarşısına çıxacaq. O, 16 iyun saat 19.00-da E. Sabitoğlu, C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Fərzəli, 17 iyun saat 19.00-da Ü. Hacıbəylinin “Ər və arvad” komediyasında Mərcan bəy və R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən” əsərində isə Orxan obrazını canlandıracaq.

Mübariz Həmidov yaradıcılıq seminarında iştirak edəcək

9 İyun 2017 14:03

Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Akademik Gənclər Teatrının təşkilatçılığı ilə 1-4 dekabr tarixlərində RF-in paytaxtı Moskva şəhərində Rusiya Federasiyasının, MDB və Baltikyanı ölkələrin Gənc Tamaşaçılar və Gənclər Teatrları rəhbərlərinin iştirakı ilə beynəlxalq yaradıcılıq seminarında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edəcək. Teatrdan “Olaylar” – a bildirilib ki, “Beynəlxalq yaradıcılıq seminarı çərçivəsində RF-in, MDB və Baltikyanı ölkə teatrları rəhbərləri öz həmkarları ilə qabaqcıl iş təcrübələrini bölüşəcək, bu gün dünyada fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrları qarşısında duran məqsəd və vəzifələr və s. məsələlərlə bağlı ustad dərsləri, eləcə də bir sıra treninqlər keçiriləcək” – deyə M.Həmidov bildirib.