Mediatorlər üçün “Uşaqların iştirakı ilə mediasiya” mövzusunda seminar keçirilib- ÖZƏL

25 noyabr 2026-cı il tarixində Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramının III mərhələsi (PGG III) çərçivəsində həyata keçirilən "Azərbaycanda mediasiyanın təşviqi" layihəsi üzrə mediatorlar üçün "Uşaqların iştirakı ilə mediasiya" mövzusunda seminar təşkil olunub. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki,  seminarda Avropa Şurasının beynəlxalq ekspertləri xanım Maria Oliveira və cənab Karim Salem, eləcə də milli mediasiya təlimçisi, Bakı 18 saylı mediasiya təşkilatının direktoru Sadiq Bağırov ekspert və təlimçi qismində iştirak ediblər.
Tədbirin açılışında Avropa Şurasının Bakıdakı ofisinin layihə üzrə məsul şəxsi Vəfa Rövşənova və Mediasiya Şurasının nümayəndəsi Əli Fərzəliyev çıxış edərək seminarın əhəmiyyətindən və uşaqların hüquq və mənafelərinin mediasiya prosesində qorunmasının vacibliyindən bəhs ediblər.
Seminar çərçivəsində uşaqların iştirakı ilə mediasiyanın əsas prinsipləri, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının müvafiq müddəaları və Avropa Şurasına üzv dövlətlərdə ailə mediasiyasında uşaqların iştirakına dair yanaşmalar müzakirə olunub.
Təlim zamanı, həmçinin uşaqların iştirakı ilə mediasiya prosesinin praktiki mərhələləri, mediatorun valideynlər və uşaqlarla ünsiyyətinin xüsusiyyətləri, müxtəlif situasiyalar üzrə ssenarilərin təhlili və müzakirəsi aparılıb. İştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq praktiki yanaşmalarla tanış olublar.
Seminarın davamında Azərbaycanda uşaqların iştirakı ilə mediasiya üzrə milli hüquqi çərçivə və bu sahədə tətbiq oluna biləcək yanaşmalar ətrafında dəyirmi masa müzakirəsinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, seminar mediatorların peşəkar bilik və bacarıqlarının artırılması, mediasiya prosesində uşaq hüquqlarının və mənafelərinin qorunması, eləcə də bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyət daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00