150 ballıq ixtisaslar: əmək bazarı və subbakalavrlar nə qazanacaq?-Zeynəb Mustafazadənin ARAŞDIRMAsı
19:43 SosialAli təhsil təkcə gəncin diplom əldə etməsi deyil, eyni zamanda ölkənin inkişafına, əmək bazarının formalaşmasına və insan kapitalının gücləndirilməsinə xidmət edən əsas sütunlardan biridir. Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti təbii sərvətlərdən daha çox savadlı, peşəkar və yenilikçi insan resurslarının potensialı ilə ölçülür. Bu baxımdan ali təhsil müəssisələrinə qəbul prosesi, ixtisas seçimi və qəbul qaydalarında edilən hər bir dəyişiklik cəmiyyət tərəfindən diqqətlə izlənilir və geniş müzakirə olunur. Çünki bu qərarlar təkcə bugünkü abituriyentlərin deyil, gələcək əmək bazarının, iqtisadiyyatın və müxtəlif sahələr üzrə kadr təminatının da istiqamətini müəyyənləşdirir.
Düşünürəm ki, təhsil fərdin bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, onun cəmiyyətə faydalı və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına imkan yaradır. Lakin bu məqsədə çatmaq üçün yalnız universitetə qəbul olmaq kifayət etmir. Gələcək peşənin düzgün seçilməsi, şəxsin maraq və qabiliyyətlərinin əmək bazarının tələbləri ilə uzlaşdırılması ən vacib məsələlərdən biri hesab olunur. Yanlış ixtisas seçimi sonradan həm məzunların iş tapmaq imkanlarına, həm də ölkədə müəyyən sahələr üzrə kadr çatışmazlığı və ya əksinə, artıq kadr bolluğunun yaranmasına səbəb ola bilər. Buna görə də ixtisas seçimi hər il minlərlə gəncin həyatında taleyüklü qərarlardan biri kimi qiymətləndirilir.
Hazırda ali məktəblərə qəbul prosesinin ən məsuliyyətli mərhələlərindən biri yaşanır. İmtahan nəticələri elan olunduqdan sonra abituriyentlər və ailələri qarşısında ən çətin seçim dayanır. Bir tərəfdə yüksək bal toplamağa baxmayaraq, gələcək perspektivi zəif olan ixtisaslar, digər tərəfdə isə əmək bazarında daha çox tələb olunan, lakin qəbul balı yüksək olan sahələr dayanır. Mütəxəssislər uzun illərdir bildirirlər ki, ixtisas seçimi yalnız keçid balına əsaslanmamalı, əmək bazarının tələbləri, iqtisadi inkişaf istiqamətləri, şəxsi maraqlar və peşə perspektivləri də nəzərə alınmalıdır. Əks halda, ali təhsil diplomu əmək bazarında uğurlu karyera üçün kifayət etmir.
Son illər qəbul qaydalarında edilən dəyişikliklər də bu müzakirələri daha da aktuallaşdırıb. Xüsusilə minimum keçid balı ilə qəbul aparılan ixtisasların siyahısında baş verən yeniliklər cəmiyyətin diqqət mərkəzinə çevrilib. Bu ildən etibarən 150 balla qəbul aparılan ixtisasların sayının artırılması həm abituriyentlər, həm valideynlər, həm də təhsil ictimaiyyəti tərəfindən fərqli rakurslardan qiymətləndirilir. Bir qrup bunu ali təhsilə əlçatanlığın genişləndirilməsi, regionlarda yaşayan və müxtəlif səbəblərdən yüksək nəticə göstərə bilməyən gənclər üçün əlavə imkan kimi dəyərləndirir. Digər tərəfdən isə bu addımın ali təhsilin keyfiyyətinə, universitetlərə qəbul olunan tələbələrin hazırlıq səviyyəsinə və gələcəkdə əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsinə necə təsir göstərəcəyi ilə bağlı suallar səsləndirilir.
Müzakirələrin digər mühüm istiqaməti isə subbakalavrların qəbul imkanları ilə bağlıdır. Məlum olduğu kimi, orta ixtisas təhsili müəssisələrini bitirən subbakalavrlar müəyyən ixtisaslar üzrə ali məktəblərə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər. İndiyədək onların müsabiqədə iştirak etdiyi bir sıra plan yerləri məhz bu kateqoriya üçün mühüm üstünlük hesab olunurdu. Lakin 150 balla qəbul aparılan ixtisasların sayının artırılması fonunda subbakalavrların müsabiqədə iştirak edə biləcəyi vakant yerlərin azalacağı ilə bağlı narahatlıqlar da gündəmə gəlib. Bu isə orta ixtisas təhsilini ali təhsillə davam etdirmək istəyən minlərlə gəncin gələcək planlarına təsir edə biləcək məqam kimi qiymətləndirilir.
Bəs 150 balla qəbul aparılan ixtisasların sayının artırılması ali təhsilə çıxış imkanlarını genişləndirəcək, yoxsa bu dəyişiklik gələcəkdə əmək bazarının ehtiyac duyduğu ixtisasların keyfiyyətinə və subbakalavrların müsabiqə imkanlarına mənfi təsir göstərəcək?

Mövzu ətrafında yaranan suallara aydınlıq gətirmək üçün təhsil eksperti Əmrah Həsənli Olaylar.az -a açıqlama verib:
" Bu ildən 150 balla qəbul aparılan ixtisasların sayının artırılması ali təhsildə əlçatanlığın genişləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, əsas məqsəd ali təhsil almaq istəyən daha çox gəncə bu imkanı yaratmaq, bəzi universitetlərdə boş qalan plan yerlərini doldurmaq və regionlarda ali təhsilə çıxışı artırmaqdır. Lakin qəbul balının aşağı salınması heç də təhsilin keyfiyyətinin aşağı salınması kimi başa düşülməməlidir. Əsas məsələ tələbənin universitetə necə daxil olması deyil, universitetin həmin tələbəni dörd il ərzində hansı səviyyədə hazırlaya bilməsidir. Əgər ali məktəb zəif akademik hazırlıqla qəbul olunan tələbəni inkişaf etdirə bilmirsə, problem qəbul balında deyil, tədris prosesindədir.
Əmək bazarı baxımından isə burada diqqətli olmaq lazımdır. Bu qərar yalnız tələbə sayını artırmağa xidmət etməməli, ölkənin gələcək kadr ehtiyacı ilə uzlaşdırılmalıdır. Əgər aşağı keçid balı əsasən əmək bazarında ehtiyac olan mühəndislik, kənd təsərrüfatı, təbiət elmləri və digər prioritet istiqamətlər üzrə tətbiq olunursa, bu, müəyyən mənada müsbət nəticə verə bilər. Amma tələbatın məhdud olduğu ixtisaslarda sadəcə qəbul sayını artırmaq gələcəkdə diplomlu işsizlərin sayının artmasına səbəb ola bilər. Ona görə də plan yerlərinin müəyyənləşdirilməsi hər il əmək bazarının real göstəricilərinə əsaslanmalıdır.
Subbakalavrların narahatlığına gəlincə, bunu müəyyən qədər əsaslı hesab edirəm. Çünki plan yerlərinin strukturunda edilən hər dəyişiklik müsabiqə şəraitinə birbaşa təsir göstərir. Əgər bəzi yerlər yeni qəbul mexanizmlərinə yönəldilirsə, subbakalavrlar üçün rəqabət imkanları məhdudlaşa bilər. Ancaq bu məsələ emosional deyil, statistik məlumatlar əsasında qiymətləndirilməlidir. Əgər həqiqətən də subbakalavrlar üçün ayrılan vakant yerlərin sayı azalıbsa, onların narahatlığı nəzərə alınmalı və qəbul siyasətində balans qorunmalıdır.
Aşağı keçid balı ilə qəbul olunan tələbələrin uğur qazanması üçün universitetlərdə əlavə dəstək mexanizmləri yaradılmalıdır. İlk kurslarda adaptasiya proqramları, akademik hazırlıq dərsləri, mentorluq sistemi, əlavə məşğələlər və mütəmadi qiymətləndirmə tətbiq edilməlidir. Məqsəd sadəcə tələbəni qəbul etmək deyil, onu məzun olana qədər keyfiyyətli mütəxəssis kimi formalaşdırmaq olmalıdır.
Məncə, ali təhsil siyasətində nə yalnız əlçatanlıq, nə də yalnız yüksək keçid balları əsas prioritet olmamalıdır. Ən düzgün yanaşma əlçatanlıqla keyfiyyət arasında sağlam tarazlığın qorunmasıdır. Daha çox gəncin ali təhsil almaq hüququ təmin edilməli, eyni zamanda universitetlərdən əmək bazarının tələblərinə cavab verən, bilikli və bacarıqlı məzunlar gözlənilməlidir. Təhsil sisteminin uğuru qəbul olunan tələbələrin sayına görə deyil, məzunların əmək bazarında nə dərəcədə uğurlu olması ilə ölçülməlidir".
Zeynəb Mustafazadə