Vətən müharibəsinin qəhrəmanları vətənpərvərlik nümunəsidir
10:55 Sosialİstiqamət: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Vətənpərvərlik hər bir xalqın mənəvi dəyərlərinin əsasını təşkil edir. Gənclərə vətənpərvərlik hissinin aşılanması cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Vətənini sevən, onun tarixini, mədəniyyətini və milli dəyərlərini qoruyan gənclər ölkənin inkişafına daha məsuliyyətlə yanaşırlar. Bu hiss ilk növbədə ailədə formalaşır. Valideynlər uşaqlara vətən sevgisini, milli adət-ənənələrə hörməti və dövlət rəmzlərinə ehtiramı öz davranışları ilə nümunə göstərməlidirlər. Məktəb də bu prosesdə mühüm rol oynayır. Tarix, ədəbiyyat və digər fənlər vasitəsilə şagirdlərə xalqın qəhrəmanlıq salnaməsi, milli-mənəvi dəyərləri və dövlətçilik ənənələri öyrədilir. Bundan əlavə, müxtəlif tədbirlər, ekskursiyalar, vətənpərvərlik mövzusunda müsabiqələr və görüşlər gənclərin bu sahədə maariflənməsinə kömək edir. Müasir dövrdə informasiya texnologiyaları və sosial media da gənclərin dünyagörüşünə güclü təsir göstərir. Buna görə də internet məkanında milli dəyərləri təbliğ edən faydalı məzmunun artırılması, gənclərin düzgün informasiya ilə təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Vətənpərvərlik yalnız sözdə deyil, əməldə də özünü göstərməlidir. Təhsildə uğur qazanmaq, cəmiyyətə faydalı olmaq, qanunlara hörmət etmək, ətraf mühiti qorumaq və ölkənin inkişafı naminə çalışmaq da vətənə xidmətin mühüm formalarıdır. Gənclərə vətənpərvərlik hissinin aşılanması ailənin, məktəbin və cəmiyyətin birgə səyi nəticəsində mümkün olur. Vətənini sevən və ona sədaqətlə xidmət edən gənclər ölkənin güclü və firavan gələcəyinin əsas təminatıdır.
Etiraf edilməlidir ki, istər Birinci Qarabağ Müharibəsi, istərsə də Vətən müharibəsində gənclərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlar əsil vətənpərvərlik nümunəsi idi. O da faktdır ki, həmin qəhrəmanların keçdikləri döyüş yolunun təbliği gənclərdə Vətənə məhəbbət hissini daha da artırmış olur. Birinci Qarabağ müharibəsinin başlanğıcında Vətənin harayı gələndə minlərlə Azərbaycan gənci bir an belə tərəddüd etmədən silaha sarıldı. Onlar evlərini, ailələrini, arzularını geridə qoyaraq ölümün gözünə dik baxdılar. Kimi doğmalarının yanına qayıtdı, kimi isə əbədi olaraq Vətən torpağına qovuşdu. Bu gün həmin igidlərin bir çoxunun ata-anası artıq həyatda deyil. Bir zamanlar oğullarının yolunu gözləyən o gözlər əbədi yumulub. Bəzi şəhid məzarları isə sükuta qərq olub, onları ziyarət edənlərin sayı getdikcə azalıb. Təəssüf ki, Birinci Qarabağ müharibəsinin bir çox şəhidləri haqqında cəmiyyət az danışır, onların adları zaman keçdikcə unudulmaq təhlükəsi ilə üz-üzə qalır. Halbuki 2020-ci ildə qazandığımız tarixi Zəfərin yolu məhz həmin qəhrəman oğulların qanı, canı və fədakarlığı ilə başlanmışdı. Onlar olmasaydı, bu gün qalib Azərbaycan Ordusunun şanlı tarixi də yazılmazdı. Məhz Birinci Qarabağ müharibəsində şəhid olan və döyüşən oğullarımız xalqımızın mübarizə əzmini qoruyub saxladılar, Vətən sevgisini gələcək nəsillərə miras qoydular. Buna görə də həmin müharibənin hər bir şəhidi xalqımızın yaddaşında daim yaşamalıdır.
Belə qəhrəman oğullardan biri də Şəhid Aslan Eyvaz oğlu Kərimovdur. O, 4 avqust 1973-cü ildə Yardımlı rayonunun Dağüzü kəndində sadə kəndli ailəsində dünyaya göz açıb. 1980-ci ildə Dağüzü kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunub, 1989-1990-cı tədris ilində məktəbi nümunəvi davranışı və yüksək qiymətlərlə başa vurub. Təhsilini davam etdirmək, ailəsinə dayaq olmaq istəyirdi. Lakin Qarabağ müharibəsi onun taleyini dəyişdi. O, şəxsi arzularını Vətən qarşısındakı borcundan üstün tutmadı.12 iyun 1992-ci ildə hərbi xidmətə yola düşən Aslan əvvəlcə Bakıda xüsusi təyinatlı dəstədə hərbi hazırlıq keçdi. Döyüş texnikasını qısa müddətdə mükəmməl mənimsədi, bacarıqlı və məsuliyyətli əsgər kimi komandirlərinin rəğbətini qazandı. İki aylıq hazırlıqdan sonra Naxçıvanın Sədərək istiqamətinə göndərildi və səkkiz aya yaxın burada xidmət etdi. O, 29 sentyabr 1992-ci ildə ailəsinə yazdığı məktubda belə "...Naxçıvan torpağından ermənilərin əlində bir kənd və bir də Miltəpə adlanan yer qalıb. Həmin torpaqları da düşmən caynağından xilas edəndən sonra Bakıya qayıdacağıq." Bu sətirlər onun Vətənə sevgisini, qələbəyə olan sarsılmaz inamını və döyüş əzmini açıq şəkildə əks etdirirdi.1993-cü il aprelin 13-də Bakıdan yazdığı məktub isə onun hərbçi kimi qazandığı nüfuzun göstəricisi idi. Döyüşlərdə topladığı təcrübəyə görə yeni xidmətə gələn əsgərlərə təlim keçmək üçün bir müddət Bakıya göndərilmişdi. Təlimlər başa çatdıqdan sonra isə yenidən ön cəbhəyə qayıtmağı özü istədi. Aslan əvvəlcə BMP döyüş maşınında nişançı kimi xidmət edib. Ağdamın müdafiəsində, bir sıra yaşayış məntəqələrinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlərin birində qəlpə yarası alsa da, yarasının ağır olmadığını bildirərək hospitala getməkdən imtina edib, silahdaşlarını tərk etməyərək yenidən döyüş mövqeyinə qayıdıb. Komandiri, polkovnik-leytenant İlyas İsmayılov sonralar onu belə xatırlayırdı: "Aslan həqiqətən də adı kimi aslan idi. Döyüşlərdə qorxu nə olduğunu bilmirdi." Onun sözlərinə görə, Aslan həmin döyüşdə geri çəkilsəydi, bəlkə də sağ qala bilərdi. Amma o, döyüş yoldaşlarını xilas etmək üçün öz həyatını qurban verməyi seçdi. Ağdam işğal edildikdən sonra Aslanın xidmət etdiyi batalyon Füzuli-Cəbrayıl istiqamətinə göndərildi. Son döyüşü isə Füzuli, Cəbrayıl və Qubadlı rayonlarına gedən yolların qovşağında baş verdi.1993-cü il avqustun 26-da səhər saat 05:30-da Aşağı və Yuxarı Kürdmahmudlu kəndləri azad edildi. Həmin gün Alxanlı istiqamətində müdafiə xətti quruldu. Axşam saatlarında düşmən əks-hücuma keçərək Azərbaycan əsgərlərini mühasirəyə almağa cəhd göstərdi. Artıq taqım komandirinin müavini olan Aslan Kərimov idarə etdiyi tankla düşmənin üzərinə hücuma keçdi. Bir tankla düşmənin bir neçə hərbi texnikasını və çoxlu sayda canlı qüvvəsini məhv etdi. Lakin düşmən tankı vurdu. Aslan alov içində qalan döyüş maşınını tərk etmədi və Vətən uğrunda qəhrəmancasına şəhid oldu. Onun igidliyi Səlim Ağayevin "Elimin Şəhid Oğulları" kitabında "Yaşamaq yanmaqdır..." adlı bölmədə əbədiləşdirilib. Bu gün Aslan Kərimovun təhsil aldığı Dağüzü kənd tam orta məktəbi onun adını daşıyır. Bu, onun qəhrəmanlığına göstərilən ehtiramın ifadəsidir. Lakin qəhrəmanları yaşatmaq yalnız onların adlarını məktəblərə və küçələrə verməklə bitmir. Ən böyük abidə onları xalqın yaddaşında yaşatmaq, həyat yolunu gələcək nəsillərə çatdırmaq və müqəddəs xatirələrini daim əziz tutmaqdır. Çünki xalq öz qəhrəmanlarını unutduğu gün tarixini də unutmağa başlayır.
Birinci Qarabağ müharibəsinin şəhidləri bu gün də Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanlar kimi ehtiramla anılmalıdır. Onların məzarları heç vaxt tənha qalmamalı, adları unudulmamalıdır. Çünki bu gün Qarabağda qürurla dalğalanan üçrəngli Azərbaycan bayrağının arxasında Aslan Kərimov kimi igidlərin qanı, cəsarəti və fədakarlığı dayanır. Onların xatirəsini yaşatmaq, qəhrəmanlıqlarını gələcək nəsillərə ötürmək isə hər birimizin vicdan və mənəvi borcudur. Bu, təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə qarşı məsuliyyətdir.
Vətən müharibəsinin qəhrəmanları xalqımızın şərəf və qürur mənbəyidir. Onlar Vətənin azadlığı, ərazi bütövlüyü və xalqın təhlükəsizliyi naminə böyük fədakarlıq göstərərək vətənpərvərliyin ən ali nümunəsini nümayiş etdirmişlər. Onların igidliyi, cəsarəti və Vətənə sədaqəti hər bir gənc üçün örnəkdir. Qəhrəmanlarımız çətin döyüş şəraitində belə qorxmadan irəli atılmış, xalqın və dövlətin mənafeyini hər şeydən üstün tutmuşlar. Onların göstərdiyi şücaət sayəsində ölkəmizin tarixinə şanlı səhifələr yazılmışdır. Bu qəhrəmanlıq nümunələri gənc nəslə Vətəni sevməyi, onu qorumağı və milli dəyərlərə hörmətlə yanaşmağı öyrədir. Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi daim ehtiramla yad edilir. Qazilərimizin göstərdiyi igidlik və əzmkarlıq da vətənpərvərlik ruhunun canlı təcəssümüdür. Onların həyat yolu gələcək nəsillərə məsuliyyət, birlik və fədakarlıq hissi aşılayır. Vətən müharibəsinin qəhrəmanları vətənpərvərliyin, milli birliyin və Vətən sevgisinin parlaq simvoludur. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq və hər zaman gənc nəslin Vətənə sədaqətlə xidmət etməsi üçün ilham mənbəyi olacaqdır.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.