AZƏRİŞIQA AÇIQ MÜRACİƏT – KONSTİTUSİYADAN ÜSTÜN HÜQUQİ ƏSAS OLA BİLƏRMİ? – Cavid İSMAYIL yazır
14:18 SosialCAVİD İSMAYIL
Bu yaxınlarda işdən evə qayıdarkən həyətdə ikən öyrəndim ki, evimdə elektrik enerjisi yoxdur. Bir sağa-sola göz gəzdirəndə gördüm ki, ətraf evlərin işıqları yanır. Eyni cərgədə olan evlərdə də işıqların yandığını gördüm. İlk ağlıma gələn o oldu ki, yəqin, qoruyucu atıb. Əlqərəz, yaxınımdakı qonşudan soruşdum: "Sizdə də işıq yanır?" Qonşu dedi: "Yanır." Elə ardınca qonşu bildirdi ki, Azərişıq bu gün sayğacları dəyişib, smart sayğaclar quraşdırıb. Dərhal sayğac tərəfə yaxınlaşdım. Gördüm ki, sayğacın saxlanıldığı qutunun qapısı açıqdır və doğrudan da yeni sayğac quraşdırılıb.
İlk ağlıma gələn o oldu ki, artıq gec saatlar idi, kart verilməyib, sayğac enerji ötürmür. Buna görə də problemin həllini tapmalı idim. Dərhal qonşulardan sahə nəzarətçisinin telefon nömrəsini tapıb ona zəng edərək iradımı bildirdim ki, sayğacın dəyişdirilməsi ilə bağlı nə telefon zəngi edilib, nə SMS göndərilib, nə yazılı bildiriş təqdim olunub, nə də həmin an qapı döyülərək birbaşa ev sahibinə məlumat verilib və bununla da dəyişdirilmə zamanı iştirakım təmin edilməyib. Lakin məni ilk növbədə maraqlandıran sayğaca vəsaitin daxil edilməsi və yayın bu istilərində elektrik enerjisinin mənzilə verilməsinin təmin olunması idi.
Aldığım cavab belə oldu: "Müəllim, sizi tanıyıram. Mən olmamışam. Lakin rəhbərliyin göstərişidir. Hamıda belə edilir."
Daha sonra evə daxil oldum.
Bir qədər sonra evdə paltaryuyan maşının işləmədiyi məlum oldu. Səhərisi gün servisdən usta çağırdım. Ustanın ilkin araşdırması zamanı enerji blokunun, plataların və displey ekranının sıradan çıxdığı bildirildi. Ən təhlükəlisi isə o idi ki, sadə gözlə də görünürdü ki, blokda kənardan müdaxilə zamanı fazaların bir-birinə dəyməsi nəticəsində plata blokunda partlayış baş verib, həmin blokda tüstülənmə olub və bunun izləri plastik qutuda açıq-aşkar görünürdü.
Ustanın ilkin araşdırması zamanı bildirdiklərindən belə məlum oldu ki, paltaryuyan maşına ayrılmış avtomatik qoruyucu atmasaydı, yanğının baş verməsi an məsələsi idi. Daha sonra o da müəyyən edildi ki, paltaryuyan maşının mühərriki və digər mexanizmləri də ziyan görüb. Onu da qeyd edim ki, bütün bu proses video vasitəsilə qeydə alınıb və servis tərəfindən baş vermə səbəbləri ekspert qaydasında həm videoda bildirilib, həm də yazılı şəkildə təsdiq edilib.
İndi sözüm Azərişığadır. Əlbəttə ki, ilk olaraq Azərbaycan Respublikasının vətəndaşı olaraq pozulan hüquqlarım, daha sonra isə dəymiş ziyan və evimdə yanğın baş verməsinə səbəb ola biləcək hallar haqqında danışmaq istəyirəm.
Hörmətli Azərişığın rəhbərliyi, əməkdaşlarınızın dediklərindən və etdiklərindən belə məlum olur ki, sizin göstərişinizlə əmlak sahibi məlumatlandırılmadan bu proses həyata keçirilir və bu hal kütləvi xarakter daşıyır. Beləliklə, sizin göstərişiniz Azərbaycan Respublikasının Konstitusiyasından və qanunlarından üstün ola bilərmi?
ƏMLAK TOXUNULMAZDIR!
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır və bu hüquq qanunla qorunur. Konstitusiyanın 71-ci maddəsinə əsasən isə dövlət orqanları və vəzifəli şəxslər insan və vətəndaş hüquqlarına və azadlıqlarına riayət etməyə və onları qorumağa borcludurlar.
Mən bu əmlakı inşa edərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada inşaat pasportu tərtib edilib və sizdən də texniki şərt almışam. Bütün tələb olunan ödənişləri, o cümlədən uzun məsafədən ayrıca çəkilən kabelin və quraşdırılacaq elektrik sayğacının dəyərini ödədikdən sonra həmin proses çərçivəsində elektrik sayğacı quraşdırılıb.
Əgər həmin sayğac mənim vəsaitim hesabına əldə olunubsa, onda belə bir sual yaranır:
* Mənim əmlakım hansı hüquqi əsasla götürülüb?
* Niyə mənə təhvil verilməyib?
* Hansı normativ hüquqi akt buna icazə verir?
AZƏRİŞIQA AÇIQ SUALLAR
1. Sayğac dəyişdirilməzdən əvvəl abonentin məlumatlandırılması qanunvericilikdə nəzərdə tutulurmu?
2. Əgər nəzərdə tutulursa, niyə bu tələbə əməl edilməyib?
3. Sayğac dəyişdirilərkən abonentin iştirakı təmin edilməlidirmi?
4. Əgər təmin edilməlidirsə, mən niyə prosesdən kənarda saxlanılmışam?
5. Sayğacın dəyişdirilməsi ilə bağlı akt tərtib edilməlidirmi?
6. Sayğacın dəyişdirilməsi ilə bağlı akt tərtib olunubmu?
7. Əgər tərtib olunubsa, niyə mənə təqdim edilməyib və niyə imzam alınmayıb?
8. Köhnə sayğacın son göstəricisi mənim iştirakım olmadan hansı əsasla qeydə alınıb?
9. Mən həmin göstəricini görməmişəmsə, sistemə hansı hüquqi əsasla daxil edilib?
10. Bu göstəricinin düzgünlüyünə kim cavabdehdir?
11. Mənim vəsaitim hesabına əldə olunmuş sayğac niyə mənə təhvil verilməyib?
12. Dövlət hesabına yeni sayğacın quraşdırılması vətəndaşın əvvəlki sayğacının götürülməsinə hansı hüquqi əsas yaradır?
ELEKTRİK TƏKCƏ İŞIQ DEYİL
Əfəndilər, hər kəs anlamalıdır ki, elektrik enerjisi bu gün sadəcə lampanın yanması demək deyil. Elektrik kəsildikdə: soyuducudakı ərzaqlar xarab ola bilər, təhlükəsizlik kameraları dayanır, internet və rabitə kəsilir, siqnalizasiya-kamera sistemləri fəaliyyətini dayandırır, uzaqdan nəzarət sistemləri işləmir və ya bəlkə də kiminsə evində xəstəsi var və o, elektrik cərəyanına qoşulu hansısa cihazla həyati dəstək alır. Siz bəs nə düşünürsünüz?
Təsəvvür edin ki, yay aylarıdır, ailə bir neçə gün evdə olmur. Bu müddətdə elektrik kəsilir və dediyim risklərin fəsadlarını düşünün. Hörmətli yetkililər, bu sadaladıqlarımın verə biləcəyi fəsadların, yarana biləcək faciənin məsuliyyətini kim daşıyacaq?
İndi isə gələk məişət texnikalarından birinin sıradan çıxmasına. Bəli, burada mənə maddi ziyan dəyib, lakin məni maraqlandıran əsas suallardan biri budur: həyata keçirilən müdaxilə nəticəsində əmlakımda yanğın riski yaranmasına görə kim məsuliyyət daşıyır? Aparılmış işlər zamanı mülkümün elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi niyə nəzərə alınmayıb?
Hörmətli yetkililər, dövlət daim öz vətəndaşının yanında olduğunu göstərir. Bəs siz kimin yanındasınız?
Dövlət vəsaiti hesabına yenilənmə heç kəsə vətəndaşın hüquqlarına qanuni əsas olmadan müdaxilə etmək səlahiyyəti vermir. Sizcə, belə deyil?
ŞƏFFAFLIQ VƏ İCTİMAİ ETİMAD
Sayğaclarla bağlı cəmiyyətdə mütəmadi olaraq müxtəlif fikirlər səsləndirilir. Biz bu fikirlərə sosial şəbəkələrdə də rast gəlirik.
Mən bu iddiaların doğru olduğunu iddia etmirəm. Lakin belə suallar varsa və bu suallar cəmiyyətimiz arasında geniş yayılırsa, nə üçün Baş Prokurorluq, Hesablama Palatası və digər səlahiyyətli qurumlar aşağıdakı məsələləri araşdırmasın?
Məsələn: sayğacların texniki göstəriciləri; beynəlxalq sertifikatları; satınalma proseduru; maya dəyəri; dövlətə təqdim olunma qiyməti; maliyyə səmərəliliyi; quraşdırmanı həyata keçirən şirkətin seçilməsi; həmin şirkətin yarandığı tarix; quraşdırma proseduru; həmin şirkətin fəaliyyəti və təcrübəsi; köhnə sayğacların sonrakı taleyi; abonent hüquqlarına riayət olunması və s.
Belə araşdırma həm dövlət qurumlarına etimadı gücləndirər, həm də cəmiyyətdə yaranan suallara birdəfəlik aydınlıq gətirər.
AZƏRİŞIQ RƏHBƏRLİYİNƏ SUAL
Əgər əməkdaşlar "rəhbərliyin göstərişidir" deyirlərsə, mən də rəhbərliyə sual verirəm:
Sizə bu səlahiyyəti kim verib? Azərbaycan Respublikasının Konstitusiyasından üstün hansı qanun, hansı qərar və ya hansı normativ hüquqi akt mövcuddur?
Əgər belə hüquqi əsas varsa, onu ictimaiyyətə təqdim edin. Əgər yoxdursa, vətəndaşın Konstitusiya ilə qorunan hüquqlarına müdaxilə hansı hüquqi əsasla həyata keçirilir?
Və məni düşündürən çox ciddi bir hal budur. İşçiləriniz peşəkar olmasaydı, bu işləri onlara tapşırmazdınız, bu aydındır. Belə olan təqdirdə, peşəkarlar bilir ki, fazaları üst-üstə salınması nəticəsində yanğın hadisəsi baş verə bilər. İndi bu təsadüfüdür? Onu da qeyd edim ki, mən təsadüflərə inanan adam deyiləm. Xüsusilə də proseslərin yuxarıda ardıcıllıqla qeyd etdiyim şəkildə baş verdiyi bir halda.
CƏNAB PREZİDENT DƏFƏLƏRLƏ VURĞULAYIB
Hörmətli yetkililər, hər kəsə aydındır ki, indi şərəf tariximizin 44 günlük Zəfər səhifəsinin ardınca diplomatiya masası üzərində 44 günlük savaş qədər, bəlkə də ondan da ağır "döyüşlər" gedir. Səngərdə olduğu kimi, diplomatiya masası üzərindəki savaşda da bütün Türk düşmənləri, dövlətimizin müstəqilliyini həzm edə bilməyən bütün məkrli qüvvələr qarşımızdadır. Eyni zamanda, daxilimizdə adı bizdən olub, əslində Vətənə, xalqa, dövlətçiliyə qənim kəsilən, xaricdən maliyyələşən, şimal küləyindən hərəkətlənən, qərbin mənfur xislətindən qidalanan, konkret desək, 5-ci kolon da daxildən daha intensiv-dinamik anti-Vətən, anti-Dövlət istiqamətində nökərçiliklərini davam etdirməkdədir.
Bəllidir ki, Zəfər tariximizin yazılmasında qəhrəman Azərbaycan əsgərinin, Müzəffər Ali Baş Komandanın və qəhrəman xalqımızın Vətən naminə birliyi olmasaydı, Zəfərimiz də mümkün olmazdı. Elə bunu yaxşı bilən məkrli xain qüvvələr daim bu birliyi dağıtmağa çalışmışlar. Lakin nail ola bilməmişlər. Heç nail ola da bilməyəcəklər.
Eyni zamanda, Prezident İlham Əliyev müxtəlif çıxışlarında dəfələrlə bildirib ki, dövlət məmurları xalqa xidmət etməli, vəzifə isə xalqa xidmət etmək üçün istifadə olunmalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Prezident dövlət başçısıdır və Konstitusiyanın aliliyinin təmin olunmasına dair mühüm konstitusion səlahiyyətlərə malikdir.
Bu baxımdan sual edirəm: Cənab Prezident dövlət məmurlarını xalqa xidmət etməyə çağırdığı halda, sizcə, fəaliyyətinizlə bu çağırışa tam əməl edirsiniz?
Növbəti sualım: Cənab Prezident dünyada gedən bu ağır geosiyasi vəziyyətdə apardığı mükəmməl xarici siyasətini daha uğurla həyata keçirməsi üçün sizin daxildə insanlarla dövlətin siyasi kursuna uyğun münasibət qurmağınızın təsiri varmı?
Əgər siz də xalqın xidmətçisisinizsə, niyə vətəndaşın xəbəri olmadan onun əmlakına müdaxilə edilir? Niyə əvvəlcədən məlumat verilmir? Niyə vətəndaş prosesdə iştirak etmir? Niyə ona aid sənədlər təqdim edilmir? Niyə köhnə sayğacın son göstəricisi və hesablaşma prosesi onun iştirakı olmadan aparılır? Vətəndaşa xidmət anlayışı bu ola bilərmi?
SÖZ ARDI
Bu paylaşım kimisə ittiham etmək məqsədi daşımır. Bu, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına hörmət edilməsini tələb edən bir vətəndaşın hüquqi suallarıdır.
Əlinə silah alaraq Azərbaycanın milli azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparmış, Rusiya imperiyasının və erməni silahlı quldur dəstələrinin qarşısına vətən naminə savaşa qalxmış, SSRİ DTK-sının (KQB) xüsusi istintaq komissiyasına cəlb olunaraq üç dəfə izahat vermiş bir mübariz ziyalının ailəsində böyüyən və formalaşan bir insanın - vətəndaş mövqeyidir.
O ziyalı ki, təmənnasız olaraq dövlətçiliyi naminə gecəli-gündüzlü, tam varlığı ilə müstəqil dövlətimizin quruculuğunda vətənin ən təhlükəli dönəmində təmənnasız mübarizə aparmış, ümummilli lider Heydər Əliyevin ən ağır zamanında onun siyasi sirdaşı və silahdaşlarından olmuş, məşhur 91-lərdən biri, YAP-ın fəal qurucularından olmuş, həyatının sonuna qədər də qələmi ilə xalqına, dövlətinə, dövlətçiliyinə xidmət etmiş və son nəfəsində belə "Dövləti qoruyun!" nəsihətini vermiş professor Əjdər İsmayılovun ailəsində böyüyən, başa çatan, dövlətçilik yollarında ağrılı, acılı, fəlakətli və təhlükəli yol keçərək formalaşan bir vətəndaşın suallarıdır.
Unutmayın! Qanunun aliliyi hamı üçün eyni olmalıdır: vətəndaş üçün də, dövlət qurumu üçün də.
Konstitusiya Azərbaycan Respublikasının ali hüquqi qüvvəyə malik qanunudur. Heç bir təşkilat rəhbərinin göstərişi, heç bir daxili tapşırığı və heç bir vəzifəli şəxs Konstitusiyadan üstün ola bilməz.