"Yalanın, haramın yoxdursa, qorxma..." – Cavid İsmayıl yazır
11:13 SosialCavid İsmayıl
Bir şəkil bəzən min kitabın deyə bilmədiyini deyir. Sosial şəbəkədə qarşıma çıxan bir şəkil məni uzun müddət düşündürdü.
Şəkildə dəfn mərasimi əks olunmuşdur. Molla Qurani-Kərim oxuyur, insanlar sükut içində son borclarını yerinə yetirirdilər. Torpaq növbəti əmanətini qəbul etməyə hazırlaşırdı.
Ancaq mənim diqqətimi çəkən başqa bir səhnə idi. Köhnə, nimdaş paltar geyinmiş, saçı dağınıq, uzun saqqalı pas içində, insanların "dəli" deyə kənara itələdiyi bir adam məzara əyilib ölüyə baxaraq sanki sakit səslə pıçıldayırdı:
"Yalanın, haramın yoxdursa, qorxma..."
Bir anlıq düşündüm: doğrudanmı dəli o idi?
Bəzən cəmiyyət ağıl ölçüsünü insanın geyimi, vəzifəsi və cibindəki pulla müəyyənləşdirir. Halbuki hikmət çox vaxt sadə insanların dilindən çıxır. Elə sözlər var ki, min moizədən, yüz kitabdan daha dərin iz buraxır.
İnsan ölümdən yox, vicdanının hökmündən qorxur. Çünki qəbirə nə var-dövlət enir, nə yüksək vəzifə, nə də gurultulu ad-san. Oraya yalnız əməllər gedir : halal zəhmət, doğru söz, qorunmuş insan haqqı və təmiz vicdan...
Biz bu dünyada evlər tikirik, sərvətlər yığırıq, ad-san qazanmağa çalışırıq. Amma bəzən ən vacib sərmayəni - etibarımızı və vicdanımızı - itirdiyimizin fərqinə varmırıq. İnsan başqasını aldadanda elə bilir ki, qazanıb. Əslində isə hər yalan vicdanından bir parça aparır. Hər haram tikə ruhunda sağalması çətin olan bir yara açır.
Zənnimcə, dəfn mərasimləri ölənlərdən çox, yaşayanlar üçün bir dərs olmalıdır. Orada torpağa tapşırılan bir insan olsa da, əslində hər kəs öz ömrünə baxmalıdır. Öz hesabatını verməlidir. Çünki bir gün həmin məzarın içində biz olacağıq, başında isə başqaları dayanacaq.
Həmin adamın dediyi bir cümlə sanki həyatın bütün fəlsəfəsini özündə cəmləmişdi:
"Yalanın, haramın yoxdursa, qorxma."
Elə buradaca sufilərin bir deyimini xatırladım. Sufilər deyirlər ki, insanın içində iki aləm yaşayır. Biri nəfsdir - doymaq bilməyən, yalanı bəhanə, haramı qazanc hesab edən tərəf. Digəri isə ruhdur - gəldiyi mənbəyə, Haqqa qayıtmaq istəyən ilahi nəfəs. Ölüm bu iki aləmin ayrıldığı andır. Nəfs üçün ölüm məğlubiyyətdir. Ruh üçün isə vüsaldır.
Əfəndilər, bəlkə də xoşbəxt yaşamağın sirri elə budur, gecə başını yastığa rahat qoymaq, heç kimin haqqını yemədən yaşamaq, yalanı qazanc vasitəsinə çevirməmək və halal zəhmətlə ömür sürmək.
Çünki insanın ən böyük var-dövləti bank hesabı deyil. Ən böyük mirası tikdiyi binalar da deyil. İnsanın gerçək sərvəti arxasında qoyduğu təmiz ad, halal çörək və insanların qəlbində qazandığı hörmətdir.
O gün həmin şəkildə mən bir "dəli" görmədim. Mən, bəlkə də, hamımızın unutduğu həqiqəti xatırladan bir hikmət sahibini gördüm.
Və öz-özümə düşündüm: görəsən, sabah mənim haqqımda da kimsə bu sözləri deyə biləcəkmi?
"Yalanı yox idi... Haramı yox idi... Ona görə də qorxusu da yox idi."
Əfəndilər, bəs siz necə düşünürsünüz?