"YEŞİLÇAM" BİTDİKDƏ TƏKCƏ KİNO DEYİL, MƏDƏNİYYƏT DİLİMİZİN BİR PARÇASI DA İTİRİLDİ

Rüştü  Kamı Almaniyada Berlin Türk Təhsil Dərnəyinin rəhbəri olaraq tanıdım. Dərnək öncə zəngin kitabxanası, sonra isə Almaniyada yaşayan elm, təhsil, sənət, ictimai kommunikasiya sahələrində və müxtəlif dövlət qurumlarında çalışan türklərin bir araya gəlməsilə diqqətimi çəkdi. Rüştü Kamı isə o kitabları həmin dərnəyə toplayan və soydaşlarını öz işıqlı aurasına cəlb edən yazar, düşüncə adamı və ilahiyyatçıdır. 
Rüştü Kamı müxtəlif elm sahələrinin müasir inkişaf təmayüllərinin izlənilməsi naminə dərnəkdə toplantılar keçirməklə yanaşı, mütəmadi olaraq müxtəlif sosial platformalarda türk və müsəlman dünyasını narahat edən məsələlərlə bağlı çıxışlar edir. Bunlardan savayı, yorulmaz təşkilatçı dərnəyin vatsap qrupunda da soydaşlarını milli-mədəni mövzularda polemikaya cəlb edir. Onun fəaliyyətlərini izləyib bu əzmə, bu təəssübə laqeyd qalmaq mümkün deyildir. Bu məqsədlə mən də  üzərimə düşəni edərək, belə bir təəssübkeş soydaşımızın düşüncələri ilə öz həmvətənlərimizi tanış etmək üçün vəsilə olmağa çalışıram. 
Rüştü Kamı bu dəfə Türkiyə kino sənətinin ənənəvi təkamülü və müasir tendensiyaları düşündürüb. Səmimi qəlbin döyüntülərini əks etdirən esseni oxuduqca Azərbaycanın da kino sənətinin tarixi gözümüzün önündən bir lent kimi keçir. Görkəmli sənət adamlarımızın siması gözümüzün önündə canlanır, kino sənəti tariximizin qızıl fonduna daxil olan filmlərdən epizodlar yada düşür. Bizi də düşündürür: bu gün Azərbaycan kinosu gələcək taleyini necə yazır?... 
Bədii filmlərin  millətin, xalqın mənəvi dünyasını formalaşdıran ən təsirli vasitələrdən biri olmasını nəzərə alaraq, gəlin Rüştü Kamın açdığı polemikaya biz də qoşulaq. 
                               Könül Aydın
      Filologiya üzrə fəlsəfə doktoru

*

Rüştü KAM
Berlin Türk Təhsil Dərnəyinin rəhbəri
Jurnalist, fikir adamı 
28.06.2026 - Berlin

Bir milləti tanımaq istəyirsinizsə, yalnız tarix kitablarına baxmaq kifayət etməz. Həmin xalqın nağıllarını, mahnılarını, romanlarını və filmlərini də izləmək lazımdır. Çünki sənət cəmiyyətin aynasıdır. Türkiyənin, təxminən, yarım əsrlik ictimai yaddaşını anlamaq istəyən bir tədqiqatçı üçün ən mühüm dayanacaqlardan biri, şübhəsiz ki, Yeşilçamdır. Yeşilçam sadəcə filmlərin çəkildiyi bir küçə deyil, eyni zamanda bu millətin sevincini, kədərini, arzularını və dəyərlərini ağ pərdəyə daşıyan böyük bir mədəniyyət məktəbi idi. Əlbəttə, qüsurları vardı. Ancaq bütün qüsurlarına baxmayaraq, cəmiyyəti ayaqda saxlayan əxlaqi sütunu qorumağa çalışan bir anlayışa sahib idi.
Adını İstanbulun Bəyoğlu səmtində yerləşən kiçik bir küçədən alan "Yeşilçam", xüsusilə 1950-ci illərdən etibarən türk kinosunun mərkəzinə çevrildi. 1960-1975-ci illər arasında isə qızıl dövrünü yaşadı. İldə iki yüzdən çox film istehsal etməklə təkcə Türkiyənin deyil, dünyanın ən məhsuldar kino mərkəzlərindən biri oldu. O dövrdə bugünkü kimi rəqəmsal texnologiyalar, kompüter effektləri yox idi. Buna baxmayaraq, çəkilən filmlər milyonlarla insanın yaddaşında silinməz izlər buraxdı. Çünki həmin filmlərin gücü texniki imkanlarından deyil, danışdıqları hekayələrdən və təmsil etdikləri dəyərlərdən gəlirdi.
"Yeşilçam"ın qəhrəmanları sadəcə aktyor deyildilər; onlar cəmiyyətin ideal insan modelini təmsil edirdilər.
Cüneyt Arkın məzlumun yanında duran cəsur insan obrazını canlandırırdı. O, qılıncını ədalət naminə çəkir, gücünü zəifi əzmək üçün deyil, onu qorumaq üçün istifadə edirdi.
Sərdar Gökhan tarixi filmlərdə sadəcə bir alp və ya sərkərdə deyil, dövlət düşüncəsini, bayrağı və vətən sevgisini təmsil edən bir obraz idi.
Qədir İnanırın canlandırdığı igidlər sərt olsalar da, mərhəmətsiz deyildilər; sevgilərinə sadiq, məhəllələrinə bağlı, analarına hörmət edən insanlar idilər.
Əhməd Mekin dürüstlüyün və təvazökarlığın səssiz siması idi.
Münir Özkul isə əksər hallarda vicdanın səsi kimi qarşımıza çıxırdı.
Hülusi Kentmen isə avtoriteti qışqıraraq deyil, şəfqət və ədalətlə quran ata obrazının rəmzi idi. Bu gün onların adları çəkiləndə insanların ağlına yalnız kino deyil, həm də xarakter gəlirsə, bunun səbəbi məhz budur.
"Yeşilçam"ın qadın qəhrəmanları da ən az kişi obrazları qədər xalqın qəlbində yer tutmuşdu.
Adilə Naşit deyildikdə insanın ağlına sadəcə gülərüz bir qadın deyil, bütün uşaqları öz övladı kimi bağrına basan şəfqətli ana gəlir.
Fatma Girik güclü duruşu ilə Anadolu qadınının fədakarlığını və mübarizə ruhunu təmsil edirdi.
Türkan Şoray isməti, sədaqəti və ləyaqəti simvolizə edirdi; onun canlandırdığı obrazlarda sevgi mənfəətin deyil, qəlbin işi idi.
Hülya Koçyiğit ailəni, məhrəmliyi və ənənəvi dəyərləri, Filiz Akın isə zərifliyi, nəzakəti və ölçülü müasirliyi ağ pərdəyə daşıyırdı.
Bu qadınlar təkcə film çəkmirdilər. Onlar ana olmağın, həyat yoldaşı olmağın, sevməyin və lazım gəldikdə evin bütün yükünü çiyinlərinə alan fədakar Anadolu qadınının necə olmalı olduğunu yaddaşlara həkk edirdilər. Onların canlandırdığı obrazlarda gözəllik bədənin nümayişində deyil, ədəbdə, sədaqətdə, fədakarlıqda və ləyaqətdə axtarılırdı. Bəlkə də buna görə "Yeşilçam"ın qadınları unudulmadılar. Çünki onlar sadəcə bir rolu deyil, bir mədəniyyətin qadın anlayışını təmsil edirdilər.
"Yeşilçam"da kişi olmağın da bir əxlaqı vardı, qadın olmağın da bir ləyaqəti vardı. Kişi cəsarəti ilə, qadın isə isməti, mərhəməti və vüqarı ilə xatırlanırdı. Tamaşaçı aktyorun simasını deyil, onun təmsil etdiyi xarakteri sevirdi. Bəlkə də, bu gün ən çox darıxdığımız məhz budur.
"Yeşilçam"ın ən diqqətçəkən xüsusiyyətlərindən biri yaxşı ilə pisi bir-birinə qarışdırmaması idi. Həyatda oğru da vardı, zalım da, fırıldaqçı da. Amma ssenarilərin sonunda pislik mükafatlandırılmazdı. Yaxşılıq, doğruluq və fədakarlıq mütləq qarşılığını alardı. Ana müqəddəs idi. Ata ailəni ayaqda saxlayan dirək idi. Qonşuluq mühüm dəyər sayılırdı. Bayraq, vətən və şəhidlik sadəcə şüar kimi deyil, hekayələrin təbii bir hissəsi kimi təqdim olunurdu. İnsanlar bir-birinin qapısını döyə bilir, məhəllənin yaşlısına hörmət edir, yetimin başını oxşayırdı. Kino həyatın görünməz müəllimi kimi insanları tərbiyə edirdi.
"Yeşilçam"ın tarixi filmləri də ayrıca bir dünyanın qapısını açırdı. Battal Qazi, Malkoçoğlu, Qara Murad kimi qəhrəmanlar tarixi dəqiqlik baxımından bəzən tənqid oluna bilərdi. Lakin bu filmlər milyonlarla uşağın tarixə marağını oyatdı. Malazgirdi, İstanbulun fəthini, Osmanlını və əcdadı sevdirdi. Tarixin bütün təfərrüatlarını öyrətmirdi, amma insanlarla tarix arasında emosional bağ yaradırdı. Müharibə filmləri də sadəcə döyüş səhnələrini deyil, fədakarlığın, qardaşlığın və vətən uğrunda mübarizənin dəyərini göstərirdi.
Yeşilçamın sevgi anlayışı da bugünkündən tamamilə fərqli idi. Sevgi vardı, amma nümayiş yox idi. Həsrət vardı, amma bayağılıq yox idi. Bir dəsmal, bir baxış, bir məktub bəzən saatlarla davam edən dialoqlardan daha təsirli olurdu. Sevən insanlar qovuşmaq üçün mübarizə aparır, səbir edir, fədakarlıq göstərirdilər. Hisslər bədən üzərindən deyil, ürək üzərindən ifadə olunurdu. Buna görə də həmin filmlər illər keçsə də köhnəlmədi. Çünki onlar insan ruhuna xitab edirdi.
Köhnə "Yeşilçam" filmlərinə diqqətlə baxanlar bir məqamı dərhal hiss edərlər. Dava başlayacağı anda və ya kimsə böyük bir səhv etmək üzrəykən uzaqdan azan səsi eşidilərdi. Bəzən bu sadəcə çəkiliş məhəlləsinin təbii səsi, bəzən isə rejissorun şüurlu seçimi olurdu. Hansı səbəbdən istifadə olunmasından asılı olmayaraq, azan səsi həmin filmlərdə vicdanı xatırladan bir fon rolunu oynayırdı. Tamaşaçıya açıq şəkildə moizə edilmirdi, amma dinin, məhəllənin və mənəviyyatın həyatın təbii hissəsi olduğu hiss etdirilirdi.
"Yeşilçam"ın dağılması isə birdən-birə baş vermədi. 1970-ci illərin ikinci yarısından etibarən televiziyanın yayılması, iqtisadi böhranlar və kinoteatrların tamaşaçı itirməsi prodüserləri asan qazanc axtarışına yönəltdi. Keyfiyyətli ssenarilərin yerini getdikcə ucuz komediyalar və erotik filmlər aldı. Beləcə Yeşilçam öz dəyərlər dünyasını yavaş-yavaş tükətdi. 1980-ci illərdən sonra isə köhnə istehsal modeli böyük ölçüdə sona çatdı və türk kinosu yeni bir dövrə qədəm qoydu.
Bu gün texniki baxımdan daha güclü filmlər və seriallar çəkilir. Kameralar daha keyfiyyətlidir, görüntülər daha təsirlidir, musiqilər daha peşəkardır. Lakin bütün bu texniki inkişaflara baxmayaraq, insanı düşündürən əsas sual hələ də cavab gözləyir: Ekranlar bizə necə bir insan modeli təqdim edir?
Son illərdə bir çox film və serialda xəyanət, zorakılıq, mafiya sistemi, güc ehtirası, dəbdəbəli həyat və ailədaxili münaqişələr adi hal kimi göstərilir. Əlbəttə, istisnalar var və bütün serialları eyni meyarla qiymətləndirmək düzgün olmaz. Ancaq ümumi mənzərəyə baxdıqda adət-ənənələr, məhəllə mədəniyyəti, ailə böyükləri və cəmiyyəti bir arada saxlayan dəyərlər əvvəlki ilə müqayisədə xeyli arxa plana keçmişdir.
Bəlkə də, bu gün itirdiyimiz təkcə "Yeşilçam" deyil. İtirdiyimiz yaxşılığın alqışlandığı, pisliyin isə qınandığı ortaq hekayələrimizdir. Bu gün daha keyfiyyətli kameralara sahibik. Amma uşaqlarımızın örnək götürəcəyi Hulusi Kentmenlər, Münir Özkullar,  Əhməd Mekinlər, Cüneyt Arkınlar, Qədir İnanırlar və Sərdar Gökhanlar yetişdirə bilirikmi? Fatma Giriklər, Türkan Şoraylar, Hülya Koçyiğitlər və Filiz Akınlar yetişdirə bilirikmi?
Əsl üzərində düşünməli olduğumuz sual budur. Çünki bir milləti ayaqda saxlayan təkcə texnologiya deyil; həmin texnologiyanın danışdığı hekayələr və o hekayələrin formalaşdırdığı xarakterlərdir. "Yeşilçam"ın bizə qoyduğu ən böyük miras da məhz budur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31