Türk Mədəniyyəti və İrsi Fondunda “Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı keçirilib

10 İyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın "Türk dünyasının diplomatiya inciləri" kitab seriyasının yeni nəşrinin - görkəmli ictimai, dövlət və siyasi xadim, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, tarix elmləri doktoru, professor Həsən Həsənovun müəllifi olduğu "Macar-Azərbaycan ortaq etnik kökləri" adlı kitabının təqdimat mərasimi keçirilib.

"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, Professor Aktotı Raimkulova qonaqları salamlayaraq, Fondun türk xalqlarının zəngin mədəni irsini həm üzv dövlətlərdə, həm də beynəlxalq müstəvidə ardıcıl şəkildə təbliğ etdiyini vurğulayıb.

Fondun prezidenti çıxışında təşkilatın müşahidəçi ölkəsi olan Macarıstanla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə diqqət çəkib. O, Fondun dəstəyi ilə ilk dəfə olaraq Varşava Universitetində yaradılan "Türk Mədəniyyəti və İrsi Mərkəzi"nin fəaliyyətə başlamasını və Fond ilə Yagellon Universiteti arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasını Türk mədəni irsinin beynəlxalq akademik mühitdə tanıdılması istiqamətində mühüm addımlar kimi qiymətləndirib.

Çıxışının davamında kitabın müəllifi, professor Həsən Həsənovun tükənməz elmi potensialını və xidmətlərini yüksək qiymətləndirərək, bu fundamental əsərin işıq üzü görməsini Fondun fəaliyyətində mühüm hadisə adlandırıb. Qeyd olunub ki, əvvəllər rus və macar dillərində çap olunmuş bu qiymətli əsər ilk dəfədir ki, Azərbaycan oxucularının ixtiyarına verilir.

Nəşrin tarixçəsinə toxunan kitabın müəllifi, görkəmli diplomat professor Həsən Həsənov tədbirin təşkilinə görə Türk Mədəniyyəti və İrsi Fonduna və bütün iştirakçılara minnətdarlığını bildirib. O, səfir kimi çalışdığı ölkələrdə hər zaman türk irsinin araşdırılmasına xüsusi önəm verdiyini qeyd edərək, bu əsərin Dyula Nemet, Layoş Liqeti, Zoltan Qomboç kimi tanınmış macar alimlərinin türk dili haqqında irəli sürdükləri fikirlərin ümumiləşdirilmiş kompleks elmi təhlili olduğunu və macar-türk münasibətlərinin dərinliyini bir daha ortaya qoyduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Əməkdar İncəsənət xadimi İmayıl Ömərov, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq kafedra müdiri Prof. Sevdagül Əliyeva və Azərbaycan Dillər Universiteti Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının müdiri, kulturalogiya üzrə elmlər doktoru Nigar Əfəndiyeva  əsərin elmi əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, elm, mədəniyyət və ictimai-siyasi xadimlər, beynəlxalq təşkilat rəhbərləri, eləcə də media təmsilçiləri iştirak ediblər.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Respublika və Beynəlxalq müsabiqələr laureatı İsmayıl Zülfüqarovun ifasında macar və Azərbaycan musiqi əsərləri səsləndirilib.

"Ədəbiyyat və incəsənət"

(11.06.2026)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31