Qərbi Azərbaycanla bağlı ÇAĞIRIŞ- “Rəqəmsal platformalarda…” - ÖZƏL
10:01 Sosial"Zəngəzur dəhlizi Azərbaycan üçün mühüm iqtisadi və strateji əhəmiyyət kəsb edir. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini təmin edəcək. Bu layihə Naxçıvanın nəqliyyat təhlükəsizliyini və iqtisadi imkanlarını genişləndirəcək". Bu sözləri Olaylar.az-a açıqlamasında "Bakı və Regionların Birgə İnkişafı" Platforması İctimai Birliyinin sədri Təbriz Ağayev deyib. Onun sözlərinə görə, Ermənistanda parlament seçkilərindən sonra iki ölkə arasında danışıqlar sürətlənəcək: "Cənubi Qafqaz tarixi seçim ərəfəsindədir. Böyük ümidlər var ki, erməni cəmiyyəti iyun seçkilərində də sülhə, sabitliyə səs verəcək. Hazırkı iqtidar qalib gələrsə sülh danışıqlarında intensivlik artacaq. Zəngəzur dəhlizi Ermənistan üçün də əhəmiyyətlidir. Ölkə iqtisadi dalandan, sosial fəlakət durumundan çıxacaq. Ümumiyyətlə, Zəngəzur Türküstanla Avropanı birləşdirən böyük dəhlizə çevrilə bilər. Bu marşrut yükdaşımaların sürətini artıracaq, yeni ticarət və logistika imkanları yaradacaq. Bu isə hər iki ölkəyə siyasi və iqtisadi dividendlər gətirəcək".
QHT sədrinin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh danışıqları Qərbi azərbaycanlı soydaşlarımızın öz ata-baba torpaqlarına dönməsi məsələsini gündəmdən çıxara bilməz: "Biz Qərbi Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində işlərimizi davam etdirməliyik. Qarabağ məsələsində bunu etdik və nəticə aldıq. Eyni siyasi mövqe Qərbi Azərbaycan məsələsində də aparılmalıdır.
Qərbi Azərbaycandan zorla didərgin salınmış soydaşlarımızın öz doğma yurdlarına qayıtmaq arzusu onların ən təbii haqqıdır. Çünki o torpaqlar qədim-qayım yurd yerlərimizdir. O yurdlarda ulu babalarımız yaşayıb, maddi-mədəni sərvətlər yaradıb. Qərbi Azərbaycanın hər daşında izimiz var. Əcdadlarımız tarixin müxtəlif dövlərində Qərbi Azərbaycanda qalalar, məscidlər, karvansaralar tikib, kəhrizlər salıb. Qədim qəbiristanlıqlarımız, daş kitabələr var yurdlarımızda. Bir neçə dəfə soydaşlarımız öz yurd-yuvalarından deportasiya ediliblər. Bu ədalətsiz siyasət, görünməmiş şovinizm, etnik təmizləmə nəticəsində Qərbi Azərbaycanda yaratdığımız mədəni irs məhv edilib. Ulu babalarımızı min bir əziyyətlə tikdiyi məscidlər, ziyarətgahlar, bütöv kəndlər, məzarlıqlar dağıdılıb, toponimlər dəyişdirilib. Barbarlar məzar daşlarımızdan belə intiqam alıblar. Amma onlar bir şeyi unudublar ki, tarixi yaddaşımızı silmək olmaz. İrəvan, Göyçə, Zəngəzur Azərbaycan türklərini təşəkkül tapdığı yurd yerlərindəndir. Heç bir qüvvə izimizi oradan silə bilməz. Qərbi Azərbaycan həsrəti yaşayan insanlarımız bir gün o torpaqlara qayıdacaqlar". T.Ağayev deyib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı məsələsi beynəlxalq təşkilatlarda qaldırılmalı, dünyanın siyasi mərkəzlərində bununla bağlı təbliğat xarakterli tədbirlər keçirilməlidir: "Qayıdış məsələsini "məcburi köçkünlərin geri dönüş hüququ" və "mədəni irsin qorunması" kontekstində təqdim etməliyik. Bununla bağlı BMT, Avropa Birliyi, UNESCO, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi qurumlara sənədlər, hesabatlar təqdim edilməlidir. "Qərbi Azərbaycandan deportasiya edilmiş insanların çoxu sağdır. Deportasiya şahidlərinin müxtəlif dillərdə müsahibələri hazırlanmalı, arxiv sənədlərindən, video və foto faktlardan istifadə olunmaqla sənədli filmlər çəkilməlidir.
Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün müasir rəqəmsal texnologiyalardan və sosial şəbəkələrin imkanlarından istifadə olunmalıdır. Sosial şəbəkələrdə müxtəlif dillərdə fəaliyyət göstərən səhifələr açılmalı, orada xəritələr yerləşdirilməlidir. Dağıdılmış məscidlərin, qəbiristanlıqların, dəyişdirilmiş yer adlarının dağıdılmş kəndlərin rəqəmsal formatda nümayişi olduqca əhəmiyyətli addım olardı. Qərbi Azərbaycanda məhv edilmiş mədəni irsimizlə bağlı fundamental kitablar yazılır. Amma orada babalarımızın yaratdığı, lakin erməni vandalları tərəfindən yerlə yeksan edilmiş tarixi abidələrdən, məscidlərdən, qəbiristanlıqlardan, qədim yaşayış məntəqələrindən bəhs edən müxtəlif dillərdə video-kitabların yaradılması, qısa müddətli video-süjetlərin hazırlanması çox vacibdir".