Azərbaycan QHT sektorunda yeni mərhələ
14:21 Sosial"Bir pəncərə" modeli və vətəndaş cəmiyyətinin transformasiyası perspektivi
Son illərdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aparılan institusional dəyişikliklər yeni mərhələyə daxil olur. Bu dəyişikliklər yalnız qeyri-hökumət təşkilatlarının fəaliyyət imkanlarının genişlənməsi ilə bağlı deyil, daha çox dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin yeni məzmun qazanması ilə əlaqədardır.
Bu kontekstdə Prezidentin 29 dekabr 2025-ci il tarixli fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və dövlət qurumlarının QHT-lərlə əməkdaşlıq mexanizmlərinin "bir pəncərə" prinsipi əsasında koordinasiyası mühüm institusional addım kimi qiymətləndirilə bilər. Bu qərar sadəcə texniki idarəetmə dəyişiklikləri ilə məhdudlaşmır, əslində vətəndaş cəmiyyətinin dövlət siyasətində rolunun daha sistemli şəkildə müəyyənləşdirilməsinə yönəlmiş addımdır.
QHT sektorunun formalaşma yolu
Azərbaycanın QHT sektoru postsovet məkanında bir çox ölkələrdə olduğu kimi mürəkkəb və mərhələli inkişaf yolu keçib. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində vətəndaş cəmiyyəti institutları əsasən beynəlxalq donor təşkilatlarının maliyyə dəstəyi ilə fəaliyyət göstərirdi. Bu dövr daha çox QHT-lərin formalaşması və institusional strukturunun qurulması mərhələsi kimi xarakterizə oluna bilər.
2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması ilə isə yeni mərhələ başladı. Dövlətin vətəndaş cəmiyyətinə maliyyə dəstəyi mexanizmi həmin dövrdə QHT-lərin institusional imkanlarının genişlənməsinə və sosial layihələrin artmasına mühüm təsir göstərdi. Bir çox sosial sahələrdə - maarifləndirmə, sosial xidmətlər, regional təşəbbüslər və gənclərlə iş istiqamətlərində - yüzlərlə layihə həyata keçirildi.
Lakin zaman keçdikcə başqa bir məsələ də aydın görünməyə başladı, QHT-lərlə əməkdaşlıq müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı mexanizmlərlə həyata keçirilirdi. Bu isə koordinasiya baxımından müəyyən çətinliklər yaradır və bəzən layihə istiqamətlərində təkrarçılığa səbəb olurdu.
"Bir pəncərə" modelinin mahiyyəti
Yeni mexanizm məhz bu problemi aradan qaldırmağa yönəlib. Hazırkı vəziyyətdə QHT-lərə dövlət büdcəsindən qrant vəsaitləri bir sıra nazirliklər, dövlət komitələri, agentliklər və fondlar tərəfindən ayrılır. Yeni modelə əsasən isə bu proseslərin koordinasiyası vahid sistem üzərindən - QHT Agentliyinin iştirakı ilə həyata keçiriləcək.
Bu yanaşma bir neçə mühüm nəticə verə bilər. Birincisi, dövlət qurumlarının QHT-lərlə əməkdaşlığı daha sistemli xarakter alacaq və müxtəlif qurumların eyni mövzuda paralel layihələr maliyyələşdirməsi kimi halların qarşısı alınacaq.
İkincisi, QHT layihələri üzrə vahid məlumat bazasının formalaşması mümkün olacaq. Bu isə vətəndaş cəmiyyəti sektorunun real təsirinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Üçüncüsü, layihələrin mövzuları dövlət siyasətinin prioritet istiqamətləri ilə daha dəqiq uzlaşdırılacaq.
QHT sektorunun statistik mənzərəsi
Azərbaycan QHT sektorunda baş verən dəyişikliklərin miqyasını anlamaq üçün statistika mühüm göstəricidir. Mövcud məlumatlara görə ölkədə 4200-dən artıq qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib və onların təxminən üç minə yaxını müxtəlif sosial və ictimai layihələr vasitəsilə aktiv fəaliyyət göstərir.
Bu təşkilatlar sosial xidmətlər, gənclərlə iş, ekoloji təşəbbüslər, regional inkişaf, maarifləndirmə və beynəlxalq əməkdaşlıq kimi müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Başqa sözlə, QHT sektoru cəmiyyətin problemlərinə cavab verən geniş təşəbbüs platforması kimi çıxış edir.
2026-cı il üzrə keçirilən qrant müsabiqələrinin statistikası da vətəndaş cəmiyyətinin təşəbbüskarlığının artdığını göstərir. Müsabiqələrdə iştirak etmək üçün 707 QHT tərəfindən ümumilikdə 789 layihə təqdim olunub. İlkin texniki seleksiya zamanı 187 layihə müəyyən prosedur və texniki tələblərə uyğun gəlmədiyi üçün növbəti mərhələyə buraxılmayıb və nəticədə 602 layihə müstəqil ekspert qiymətləndirilməsinə təqdim olunub.
Bu rəqəmlər bir tərəfdən QHT-lərin təşəbbüskarlığının artdığını göstərir, digər tərəfdən isə sektorun bir hissəsində layihə hazırlama bacarıqlarının və institusional peşəkarlığın hələ də inkişaf mərhələsində olduğunu göstərir.
Maliyyə ehtiyacları ilə bağlı rəqəmlər isə daha düşündürücüdür. Hesablamalara görə, təqdim olunan bütün layihələrin maliyyələşdirilməsi üçün təxminən 18-18,5 milyon manat vəsait tələb olunur. Halbuki QHT Agentliyinin illik qrant büdcəsi bu məbləğdən təxminən dörd-dörd yarım dəfə azdır.
Bu fakt vətəndaş cəmiyyəti sektorunun real vəziyyətini daha aydın göstərir. Bir tərəfdən QHT-lərin sosial təşəbbüs potensialı kifayət qədər genişdir, digər tərəfdən isə mövcud maliyyə imkanları bu təşəbbüslərin hamısını dəstəkləməyə imkan vermir.
Bu vəziyyət eyni zamanda QHT-lərin maliyyə dayanıqlığı məsələsini də gündəmə gətirir. Dövlət qrantları mühüm rol oynasa da, sektorun uzunmüddətli inkişafı üçün digər maliyyə mexanizmlərinin - beynəlxalq tərəfdaşlıqların, korporativ sosial məsuliyyət proqramlarının və sosial sifariş modellərinin inkişafı da vacibdir.
Vətəndaş cəmiyyətinin yeni rolu
Mənim müşahidəmə görə, son illərdə dövlət-QHT münasibətlərində ən diqqət çəkən dəyişiklik vətəndaş cəmiyyətinə yanaşmanın tədricən dəyişməsidir. QHT-lər artıq yalnız layihə icraçıları kimi deyil, ictimai təşəbbüslərin və sosial ideyaların formalaşdığı platformalar kimi qəbul olunur.
Bu yanaşma müasir dövlət idarəçiliyinin mühüm elementlərindən biridir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, sosial problemlərin həllində və ictimai siyasətin hazırlanmasında vətəndaş cəmiyyətinin iştirakı dövlət institutlarının fəaliyyətini daha çevik və səmərəli edir.
Azərbaycan üçün də bu istiqamət xüsusi əhəmiyyət kəsb edir. Çünki sosial sahələrdən tutmuş ictimai maarifləndirməyə qədər bir çox istiqamətdə QHT-lərin potensialı kifayət qədər böyükdür.
Beynəlxalq əməkdaşlıq imkanları
Son dövrdə Azərbaycan QHT-lərinin beynəlxalq platformalarda iştirak imkanlarının genişlənməsi də diqqət çəkən tendensiyalardan biridir.
Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13), Qlobal Cənub QHT Platformas və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT platforması çərçivəsində planlaşdırılan tədbirlər Azərbaycan vətəndaş cəmiyyəti üçün yeni imkanlar yaradır. Bu cür platformalar təcrübə mübadiləsi, regional əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyətlidir.
Qarşıda duran çağırışlar
Bununla belə, QHT sektorunun qarşısında hələ də müəyyən çağırışlar qalmaqdadır. Ən mühüm məsələlərdən biri peşəkar kadr potensialının artırılmasıdır. Layihə idarəetməsi, strateji planlaşdırma və analitik fəaliyyət sahələrində ixtisaslaşmış mütəxəssislərə ehtiyac hələ də yüksəkdir.
Digər mühüm məsələ isə maliyyə dayanıqlığıdır. QHT-lərin böyük hissəsi fəaliyyətini əsasən qrant layihələri üzərində qurur. Bu isə uzunmüddətli institusional inkişaf üçün yetərli sayılmır
.
Yeni mərhələnin perspektivi
Bütün bu amilləri nəzərə aldıqda demək olar ki, Azərbaycan QHT sektoru yeni inkişaf mərhələsinə daxil olur. Dövlətlə vətəndaş cəmiyyəti arasında münasibətlərin daha sistemli və koordinasiyalı şəkildə qurulması bu prosesin əsas xüsusiyyətlərindən biridir.
Həyata keçirilən institusional dəyişikliklər, ardıcıl və şəffaf şəkildə davam etdirilən islahatlar Azərbaycan vətəndaş cəmiyyəti sektorunun həm regional, həm də beynəlxalq səviyyədə daha fəal rol oynamasını şərtləndirəcək. Bu isə QHT-lərlə yanaşı, ümumilikdə cəmiyyətin sosial və institusional inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.
Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri