QIRMIZI DİPLOMUN GÖY DƏRDİ

Müasir cəmiyyətin sosial mənzərəsində ali təhsil artıq fərdi intellektual inkişafın meyarı olmaqdan çıxıb, sanki vətəndaşın cəmiyyətdəki yerini sənədləşdirən rəsmi bir ritualla əvəzlənmişdir. Atalarımız övladını elm ocağına göndərəndə elə bilirlər ki, o dörd-beş ilin sonunda gəncin əlinə verilən möhürlü sənəd həm də onun gələcək taleyini həll edəcək bir "sehrli çubuqdur". Lakin gəlin, bu "sehrli çubuğun" müasir əmək bazarının soyuq və praqmatik reallıqları qarşısında necə sındığına bir yerdə nəzər salaq.

Qəhrəmanımız Məmməd (adı şərtidir amma dərdi ümumidir) dörd il paytaxtın intellektual tozunu udub, "iqtisadiyyatın incəlikləri" adlı qalın cildlərin arasında gəncliyinin ən parlaq çağlarını dəfn edəndən sonra, nəhayət, o məşhur qırmızı qovluğu qoltuğuna vurub yola çıxdı. Elə bilirdi ki, bu diplom onun qarşısında bütün bağlı qapıları açacaq "Sim-sim, açıl!" kəlamıdır. Lakin ilk parlaq şüşəli ofisin qapısından içəri girəndə anladı ki, bura elm məbədi yox, "absurd tələblər" səltənətidir.

Onu qarşılayan kadr mütəxəssisinin baxışlarında elə bir süni ciddiyyət, elə bir "müasir korporativ etika" vardı ki, adam elə bilir qarşısındakı xanım indicə dünya iqtisadiyyatının xilas formulunu elan edəcək. Xanım Məmmədin dörd illik zəhmətinin bəhrəsi olan fərqlənmə diplomunu iki barmağı ilə  sanki vaxtı keçmiş bir bildiriş imiş kimi götürüb masanın küncünə itələdi. Sanki o qırmızı kağızın rəngi xanımın masasındakı bahalı aksesuarların rəngi ilə "zövq münaqişəsinə" girmişdi.

- Məmməd bəy,  dedi xanım, - akademik göstəriciləriniz, dörd dil bilməyiniz və beynəlxalq sertifikatlarınız təqdirəlayiqdir. Lakin bizə "nəzəri beyin" yox, "çoxfunksiyalı icraçı" lazımdır. Bizə elə bir kadr lazımdır ki, həm makroiqtisadi təhlillər hazırlasın, həm rəhbərliyin qəbuluna gələnlərin kofesinə xüsusi estetikayla şəkər atsın, həm də boş vaxtlarında ofisdəki sıradan çıxmış şəbəkə avadanlıqlarını daxili instinktləri ilə işlətsin.

Məmməd daxilindəki iqtisadçını çətinliklə susdurub sordu:

- Xanım, bəs mənim illərlə topladığım bilik fondu? Bazarın konyukturası, investisiya mühitinin analizi...

Xanım gülümsədi:

- Məmməd bəy, hazırkı bazar konyukturası ondan ibarətdir ki, biz 22 yaşlı gəncdən 10 illik peşəkar staj tələb edirik. Siz isə bu illəri kitabxanalarda xərcləmisiniz. Nə qədər böyük strateji xəta!

Bəli, müasir dövrün kədərli tərəfi də budur. Bəzi müəssisələrin qapısında "Təcrübəli kadr axtarılır" elanı elə bir keçilməz baryerə çevrilib ki, gənc nəsil o səddi aşmaq üçün gərək ana bətnindəykən əmək müqaviləsi bağlasın. 

Məmməd binadan çıxanda əlindəki diploma baxdı. İndi ona elə gəlirdi ki,  diplomun "qırmızı" rəngi  Məmmədin yerinə xəcalət çəkir. Binadan uzaqlaşarkən yolun kənarında sürətlə ötən bir kuryer Məmmədin baxışlarını özünə çəkdi. O, velosipedinin pedallarını elə bir fədakarlıqla fırladırdı ki, sanki öz ixtisası ilə iş tapa biləcaəyi o sonuncu vaqona çatmağa çalışırdı. Kim bilir, bəlkə o da hansısa fakültənin 'fəxri', hansısa kafedranın ümidi idi... Məmməd dərindən ah çəkərək kuryerin arxasınca baxdı. Anladı ki, müasir iqtisadiyyatın elə bir qəribə mərhələsinə çatmışıq ki, ali təhsil artıq yüksək kürsülərdə çıxış etməyə yox, sadəcə kuryer çantasındakı yükün çəkisini və mənzil başına çatma sürətini fizika qanunları ilə daha dəqiq hesablamağa kömək edir.

Məmməd acı bir təbəssümlə düşündü: görəsən, ali məktəblərimiz o möhürlü sənədləri təqdim edəndə, son səhifəsinə kiçik bir 'xəbərdarlıq' qeydi də əlavə etsələr, necə olar? Məsələn, rəngli hərflərlə yazılsın: 'Diqqət! Bu sənəd yalnız nəzəri xəyalları əhatə edir; real həyatın amansız müsahibələri ilə toqquşma anında sənəd sahibinin mənəvi təhlükəsizliyinə zəmanət verilmir'. Bəlkə onda heç olmasa 'qırmızı diplom'un yaratdığı o qırmızı ümidlər küçənin soyuq reallığına bu qədər hazırlıqsız yaxalanmazdı...

Mirzə Cəlil sağ olsaydı, yəqin ki, "Sizi deyib gəlmişəm, ey diplomlu işsizlər!" deyə deyil, "Sizi deyib gəlmişəm, ey gəncliyin enerjisini kofe aparatının yanında çürüdən kadr mütəxəssisləri!" deyə fəryad edərdi. Çünki günah Məmməddə deyil, günah diplomu elm yox, sadəcə "qeydiyyat kağızı" hesab edən təfəkkürdədir.

P.S.Deyirlər, Məmməd artıq iş tapıb. Ofisdə yox, parkda uşaqlara kağızdan təyyarə düzəltməyi öyrədir. Deyir ki, kağızın üstündə nə yazılmasından asılı olmayaraq, əsas odur ki, onu düzgün qatlayanda uçmağı bacarasan...

İlahə Allahverdiyeva 

Jurnalist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31