Mədəni ləngimə: sosial struktur ilə zehni struktur arasındakı ziddiyyət- ÖZƏL

Sosiologiyada "mədəni ləngimə" (cultural lag) anlayışı ilk dəfə amerikalı sosioloq William F. Ogburn tərəfindən irəli sürülmüşdür. Oqbernə görə, cəmiyyətin maddi və institusional komponentləri (texnologiya, hüquq sistemi, iqtisadi və siyasi institutlar) sürətlə dəyişdiyi halda, qeyri-maddi mədəniyyət - dəyərlər, inanclar, stereotiplər və mentalitet - bu dəyişikliklərə eyni tempdə uyğunlaşa bilmir. Nəticədə sosial struktur ilə zehni struktur arasında zaman fərqi və gərginlik yaranır ki, bu da mədəni ləngimə adlanır.
Bu fenomeni qadınların sosial statusu ilə bağlı dəyişikliklər kontekstində təhlil etdikdə məsələ daha aydın görünür. Burada iki fərqli, lakin qarşılıqlı əlaqədə olan strukturdan söhbət gedir:
1. Sosial-hüquqi (eksternal) struktur - dövlətin qanunvericilik və institusional mexanizmləri vasitəsilə formalaşdırdığı və tətbiq etdiyi qaydalar sistemidir.
2. Zehni (daxili) struktur - fərdlərin şüurunda mövcud olan dəyərlər, dünyagörüşü, ənənəvi təsəvvürlər və normativ gözləntilərdir.
Eksternal strukturlar nisbətən daha sürətlə dəyişir. Dövlət seçki hüququ verə, qanun qarşısında bərabərlik təsbit edə, gender diskriminasiyasını qadağan edə bilər. Bu dəyişikliklər normativ səviyyədə qısa müddətdə reallaşa bilər. Lakin zehni strukturlar inzibati qərar və ya hüquqi aktla transformasiya olunmur. Onlar uzunmüddətli sosiallaşma prosesinin məhsuludur və adət-ənənə, ailə modeli, dini və tarixi təcrübə ilə möhkəmlənmiş olur. Buna görə də zehni struktur adətən sosial-hüquqi strukturu "gecikərək" izləyir.
Azərbaycanda modernləşmə prosesi - hüquqi, siyasi və iqtisadi sistemin yenilənməsi - qadınlara formal olaraq kişilərlə eyni hüquqları tanımışdır. Seçmək və seçilmək hüququ, əmək bazarında iştirak imkanı, təhsil hüququ və digər normativ təminatlar mövcuddur. Lakin faktiki sosial status məsələsində bərabərlik tam reallaşmır. Çünki status yalnız hüquqi kateqoriya deyil; o, həm də cəmiyyətin münasibəti, legitimlik qavrayışı və sosial gözləntilərlə müəyyən olunur.
Məsələn, qadının seçilmək hüququnun mövcudluğu formal reallıqdır. Lakin "qadın neçə kişiyə rəhbərlik edə bilər?" tipli stereotipik yanaşma zehni strukturun müqavimətini nümayiş etdirir. Burada sosial struktur dəyişmiş, lakin mentalitet bu dəyişikliyi normallaşdırmamışdır. Eyni situasiya boşanma məsələsində də müşahidə olunur: kişi tərəfindən boşanma sosial baxımdan adi qəbul edildiyi halda, qadının boşanma təşəbbüsü çox vaxt normativ sapma kimi dəyərləndirilir. Halbuki hüquqi müstəvidə tərəflər bərabərdir. Bu ziddiyyət mədəni ləngimənin klassik təzahürüdür.
Qərarvermə orqanlarında və siyasətdə qadınların az təmsil olunması da yalnız hüquqi çərçivə ilə izah edilə bilməz. Əgər hüquqlar bərabərdirsə, bəs niyə nəticələr qeyri-bərabərdir? Cavab struktur və mentalitet arasındakı asimmetriyadadır. Gender rolları ilə bağlı ənənəvi gözləntilər - qadının ailə daxilində əsas məsuliyyət daşıması, liderlik keyfiyyətlərinin "kişi xüsusiyyəti" kimi təqdim edilməsi və s. - sosial seçim mexanizmlərinə təsir göstərir. Bu isə əmək bazarında ixtisas bölgüsündə, aşağı maaşlı sahələrdə qadınların üstünlük təşkil etməsində və elitanın maskulin xarakterində özünü göstərir.
Son dövrlərdə alimentlə bağlı müzakirələrdə qadınların guya maddi maraq naminə boşandığı iddialarının irəli sürülməsi də eyni mental çərçivənin məhsuludur. Hüquqi baxımdan aliment övladın təminatı üçün nəzərdə tutulmuş mexanizmdir. Lakin qadının iqtisadi subyekt kimi legitimliyini qəbul etməyən dünyagörüşü bu hüquqi aləti əxlaqi şübhə predmetinə çevirir. Burada yenə də hüquqi norma ilə sosial qavrayış arasında təzadlar müşahidə olunur.
Beləliklə, mədəni ləngimə sosial transformasiyanın qaçılmaz mərhələsidir. Xarici strukturlar - qanunlar, institutlar, rəsmi siyasət - dəyişir, lakin zehni strukturlar bu dəyişiklikləri dərhal qəbul edə bilmir. Ənənəvi inanclar çox vaxt "hikmət", "dəyərlər" və ya "milli xüsusiyyət" adı altında müdafiə olunur. Halbuki bu inancların böyük qismi tarixən fərqli sosial-iqtisadi şərtlərdə formalaşmışdır və müasir hüquqi dünyagörüşü ilə ziddiyyət təşkil edir.
Qadınların formal hüquqi bərabərliyi ilə faktiki sosial statusu arasındakı fərq mədəni ləngimənin konkret empirik nümunəsidir. Sosial dəyişikliklərin dayanıqlı və real olması üçün yalnız normativ-hüquqi transformasiya kifayət etmir; paralel olaraq zehni strukturların da tədricən transformasiyası tələb olunur. Əks halda, cəmiyyət uzun müddət struktur-modernlik ilə mental-ənənəvilik arasında gərginlik vəziyyətində qalacaqdır.
Asəf Qənbərov
Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31