Mənə həyat qapısını açan insan- YUNUS OĞUZ yazır
13:11 SosialYUNUS OĞUZ
Mənə elə gəlir ki, onu doğulandan tanıyıram. Həmişə gülərüzlü,əsəblərini cilovlayan,dərdlərini heç kimə bildirməyən Qadın-Ana! Səbri daş deşir. Gör neçə illərdi səbrilə daş deşir. Tanışlığımız 45 il əvvələ dayanır. O zaman Əli Bayramlı (indiki Şirvan) şəhərində yaşayırdı və şəhər kommunist partiyasında üçüncü katib kimi çalışırdı. Əslində onun haqqında " Həyətdən həyata" xatirələr kitabımda yazmağı nəzərdə tutmuşdum. Amma iş elə gətirdi ki, indi yazmalı oldum.
Söhbət səksəninci illərin əvvəllərindən gedir. Əsgərlikdən sonra şəhər pambıqtəmizləmə zavodunda aktiv ictimai fəaliyyətimə görə komsomol katibi seçildim. Və buradan coşub-daşan enerjim şəhər müstəvisinə keçdi. Bax o zaman tədbirlərin birində lap yaxından tanış olduq.Səmimi, təvazökar. Bir-birimizə bacı-qardaş kimi alışdıq.Əvvəlcədən deyim ki, o zaman ata-anam bir neçə ildi ki, rəhmətə getmişdi və anlayırdım ki,yalnız öz gücümə, öz biliyimə güvənib ayaq üstə dura bilərəm. Sənədlərimi Bakı Dövlət Universitetinə versəm də, lazımi bal toplasam da, tələbə biletinə əlim çatmırdı. Baxmayaraq dörd üç ( daha yüksək bal toplayırdım) alsaydım belə qəbul olunmalı idim.Çünki hərbi xidmətdə olanlara və peşə məktəbini bitirənlərə güzəştlər tətbiq olunurdu. Nə olsun, yetimə kim yaxın duracaqdı?
.jpg)
Bax o zaman mənə bacı və ana kimi Sədaqət Qəhrəmanova həyan oldu. Qəbul oluna bilməsəm də, enerjim, ictimai fəaliyyətim bitib tükənmək bilmirdi. On beş yaşından yerli "İşıq" qəzetində şeirlərim, məqalələrim, reportajlarım (futbol haqqında) dərc olunurdu. Eyni zamanda getdikcə şəhərdə gənclər tədbirlərinin aparılması mənə həvalə olunurdu; həm ştatdankənar müxbir kimi, həm şair, həm də ictimai fəal kimi.
1983-cü ildə 9 may ilə əlaqədar şəhər partiya və komsomol fəalları ilə birgə tədbir keçirilirdi. Sədaqət xanım da bu tədbirdə iştirak edirdi. Mənim "Ana" şeirim onun çox xoşuna gəlmişdi. Yanaşı durmuşduq. Ordan-burdan suallar verirdi. Arada gülümsəyib deyirdi ki, bu erudisiya və biliklə nə əcəb təhsilini davam etdirmisən? Mən də olub bitəni danışırdım, hiss edirdim ki, ürəyindən qara qanlar axır. Gözəl anlayırdı ki, ömür belə başa çata bilməz. Nə zamansa bütün bunların hamısı sona yetəcək. Bəs sonra, belə gənclər düşəcəklər həyatın dibinə. Amma heç nə demədi.
Həmin ilin iyul ayında sənədlərimi yenə verdim ADU-ya. O zaman sənədlər iyul ayında ali məktəbə verilirdi. Avqust ayında isə abituriyentlərdən dörd imtahan götürülürdü.Daha indiki kimi ilboyu imtahan vermirdin. Həmin ayın iyirmi səkkizi idi. Özüm də bərk xəstələnmişdim. İşə getməmişdim. Birdən telefon zəng çaldı. Bacım dedi ki, səni komsomoldan çağırırlar. Birtəhər özümü telefona çatdırdım. Şəhər komsomol təşkilat şöbəsinin müdiri idi. Dedi ki,bəs, tez dur gəl Sədaqət müəllimə səni görmək istəyir. Daha xəstə olduğumu demədim.Tibb bacısı işləyən qonşumuz Pakizə xalanı çağırdım.Hərarətimin düşməsi üçün bir iynə vurdu. O zaman indiki kimi deyildi. Bir şpris vardı, gərək onu xüsusi qabda yarım saat qaynadaydın. Nə isə iynə vuruldu,bir azdan hərarətim düşdü.Özümü səliqəyə salıb getdim bizim evdən çox da uzaq olmayan "raykoma".Sədaqət xanım məni dərhal qəbul etdi. Görəndə gülümsədi:
-Hə, Əliyev,(o zaman soyadım Əliyev idi) oxumağa gedirsən?
Dərhal cavab verdim:
-Sənədlərimi artıq vermişəm.
Yenə gülümsədi:
-Yox mən o oxumağı demirəm. Sovet İttifaqı Mərkəzi Komitəsi "Gənclər arasında ideoloji işlərin gücləndirilməsi haqqında" qərar verib. (O zaman Sov.İKP-nin baş katibi Yuri Vladimiroviç Andropov idi. L. İ. Brejnevin vaxtında KQB-nin sədri vəzifəsində işləyirdi). Əli Bayramlı şəhərinə üç yer ayrılıb. Şəhər Kommunist Partiyasının siyasi bürosunda üç namizəd təsdiqləndi. Onlardan biri də sənsən. Get hazırlaş, ADU-da sənədlərini götürüb bu istiqamətdə verərsən.
Təşəkkür etdim.
Aşağı düşdüm, komsomol təşkilat şöbəsinin müdirinin otağına girdim. Salam-kəlamdan sonra olan hadisəni danışdı. Dedi ki, Sədaqət müəllimə qəti şəkildə "bu üç nəfərdən biri mütləq sən olmalısan" deyib.Deyib ki, nədi hərə öz bacı-qardaşını bu üç nəfərin içinə dürtmələyəcək? Yetim-yesirin heç kimi olmadığı üçün kənarda qalmalıdır? Nə isə, xoş-zor mənim namizədliyimi qəbul etdirib.
Amma, özü təvazökarlıq göstərib, Sədaqət müəllimə heç nə demədi. Raykomdan lazım olan sənədlərimi götürüb, getdim imtahan verməyə. O hadisədən illər keçib. İndi təkcə Azərbaycanda deyil, dünyada tanınıram. Yetmişə yaxın kitabım iyirmi iki ölkədə çap edilib. Amma bunların heç biri olmaya da bilərdi. Məni həyata atan, ilk təkan verən məhz Sədaqət müəllimə oldu.
Arada görüşəndə deyir: "Yunis (Yunus), sənin namizədliyini dəstəkləməkdə heç də yanılmadım. Sən fəxr ediləsisən".
Arada görüşürük, zəngləşirik. Zaman hər ikimizin də əlini başımıza sığal çəkib. Sədaqət müəllimə müxtəlif məsul vəzifələrdə çalışdı. Uzun müddət şəhər icra hakimi işlədi, ancaq bu müddətdə onunla görüşə getsəm də, heç zaman nə özüm üçün, nə qardaş-bacılarım üçün, nə də qohumlarım üçün bircə xahiş də etmədim. Çünki bu xahişlər onun mənə etdiyinin yanında çox balaca idi. O, mənim üçün həyat qapısını açmışdı.
Sağ ol, Böyük İnsan!
4.02.26