Sonuncu tapşırıq

Şəhid Hüseynov Hüseyn Əkbər oğlunun əziz xatirəsinə (povest)

 

26.05.1994-cü il Ağdam rayonu, Yusifcanlı kəndi, Kəhrizin üstü, "Şıxhəsən" saat 13:00. 

Kəhrizə çatanda Hüseyn dayandı və ardınca gələn Dərvişi, Ucarlını və  Professoru sola,  kəndə  doğru, "Şıxhəsən"ə tərəf yönəltdi. Qalan əsgərlər çavuş Qalalının ardınca qaçaraq cəld qobuya tərəf getdilər. Hüseyn onları gözdən itənə qədər izlədikdən sonra əli ilə "arxamca" işarəsi verdi və bir neçə saat əvvəl getdikləri yolla "4 hektar"ın çax-çaxına qədər gəldilər. Çax-çaxa çatanda sol tərəfə baxıb gülümsədi və bir ayağını çax-çaxın o biri üzünə qoyaraq, Dərvişə baxıb, "Strela-10" olan çalaya baxıb göz vurdu.  Dərviş də Hüseynə baxaraq: 

- Hə qadam, hə, vallah,  heç yeri döyül,  indijənə hamımızı aşzüzənə döndərəjəklər... Get başına dönüm, get, görək başımıza nə iş gəlir... 

- Ə, qorxma! Ürəkli ol, ə. Qaqan ölmüyüf hələ. Sinəmi verərəm saa gələn güllənin qabağına. - Hüseyn dedi və o biri ayağını da çax-çaxın o biri üzünə qoyub üzümlüyə dögru hərəkət etdi. Əvvəlcə Professor, sonra Ucarlı çax-çaxın üstünə çıxıb digər tərəfə hoppandılar. Axıra qalan Dərviş dayanıb ona baxaraq gülən  Hüseyni gördükdə özünü saxlaya bilmədi, güc-bəla çax-çaxa dırmaşa-dırmaşa: 

- Gül qadam, gül. Hamı sənin boyda olmaz ki, ayağının biri Arazın bu tayında olanda, o birini də rahatca o biri tərəfinə qoya. Biz balaca adamlarıq. Gül, gül. Sən Allah,  bir buna bax. Qadam, heç bu boyda da adam olar? Müharibə Allahına oxşayır. - Dərviş birtəhər çıxıb çax-çaxın üstündə dayandı. Yenə nəsə artistlik eləmək istəyirdi ki, səndələdi və bilərəkdən, ya bilməyərəkdən çəpərin Hüseyngil olan tərəfinə yıxıldı və belində əşya kisəli, tam təhcizat dombalaq aşıb ayağa qalxdı və qaçaraq hərəkət istiqamətində Hüseyndən qabağa keçdi. Hüseyn yeyin addımlarla ona çatıb, əlini arxadan kürəyinə qoydu. Onların ardınca Əhmədli və Ucarlı da hündür otların içində uşaq kimi hopana-hopana gəlib çatdı. Kiçik dəstə sanki şəhərdən Yusifcanlya gəzməyə gəlmiş kimi arın-arxayın söhbət edə-edə üzümlüyün içində gözdən itdilər. 

26.05.1994-cü il Ağdam rayonu, Yusifcanlı kəndi ilə Mərzili kəndi arasında "Köndələn" adlanan yerdə çavuş Qalalının rəhbərlik etdiyi qrupun hərəkət və fəaliyyəti saat:  17:45 

Çavuş Qalalı öz qrupu ilə Hüseynin rəhbərlik etdiyi qrupdan ayrılandan sonra təhlükəsiz və rahat şəkildə qobuya düşüb, əvvəlcə sağ tərəfə qobu ilə yuxarı qalxdılarq, Yusifcanlı kəhrizinin gözününü yaxınlığındakı düşmən postunun yerini dəqiqləşdirib, öz işçi xəritəsində qeyd etdi. Sonra geri qayıdaraq qobunun körpüsünün yaxınlıındakı qovaq ağacına çatdı və abidənin yanındakı yarımtikilidə yerləşən düşmən bölməsinin dayaq məntəqəsinin yerini dəqiqləşdirib öz işçi xəritəsində qeyd etsikdən sonra qobunun üstündəki kəndin əsas yolunun körpüsünün altından keçərək, düz "Köndələn"ə qədər rahat gəldilər. Burada həm ərazi nisbətən açıqlıq olduğuna, həm də ətrafdan çox səs-küy gəldiyinə görə bir az arxaya qayıdıb, köhnə tankistlərin yerinin tuşunda qobunun içində sıx mundarça kolluğunda gizlənib havanın qaralmasını gözləməyə məcbur oldular. Səs-küyün getdikcə yaxınlaşdığını və danışığın bizim dilinə oxşadığını görən çavuş Qalalı Kürdəmiri məlumat gətirmək üçün göndərdi. Təxminən 1 saatdan sonra qayıdan Kürdəmir: 

- Yoldaş Çavuş, bizim dildə danışırlar. Mülki geyimdədirlər. Kəndin lap qırağındakı evləri sökürlər. Bilmək olmur kimdirlər. Bir az aralıda yekə-yekə ağacları da doğrayıb tökürlər. Hərbi formalı, silahlı adam yoxdur. Hamısı mülkilərdi. Qızğın iş gedir. Amma tikmirlər, sökürlər. Əkmirlər, biçirlər, kəsirlər... Bayaqdan orda oturub ağlayıram. Bir də hamısı bizim dildə danışır. Elə hey "baba", "baba" deyirlər. Heç nə başa düşə bilmədim. 

- Oldu, Kürdəmir. Əsas odur ki, sağ-salamat gəlib çıxmısan. Hava qaralsın, bu açıqlıqdan o "Vəlinin narlığı" deyilən yerə keçdik, ta qorxusu yoxdur. Düz Qiyaməddinliyə qədər rahat gedə biləcəyik - ən azı xəritə belə göstərir. Dərin yarğanlar, sıx yaşıl kolluqlar. Kəşfiyatçıya bundan artıq nə lazımdır?  Heç nə. 

- Düzdür. Amma, Hüseyn burada olsaydı, heç bunları düşünməyə gərək qalmazdı.  -  Kürdəmir də öz fikrini bildirdi. 

- Yox, yox. Yaxşı ki, Hüseyn burada deyil. Yoxsa bu ev sökənləri görsə, Allah bilir necə olardı. Bir də onların tapşırığı daha vacibdir. 

26.05.1994-cü il Ağdam rayonu, Yusifcanlı kəndi,  "Qışlaq arxı". ("Qışdı arxı")nın üstü "Cənnətalı məscidi"  axşam saat: 22:05.

- Hüseyn, ay Hüseyn, qadam,   bu məscid haqqında bizə məlumat ver də nə olar. Özün də tarixçi adamsan.- Dərviş yenə Hüseyni söhbətə tutmağa çalışdı. 

- Yaxşı, Dərviş imkan ver, əsas məsələləri həll edək,  sonra nə barədə istəsən sənə danışacam, söz.  - Hüseyn Dərvişi dilə tutmağa çalışdı. Elə bu vaxt məscidin açıq eyvanına sanki işıq düşdü və lap yaxında dəmir səsinə oxşayan səs gəldi. Hüseyn cəld qalxıb sola - səs gələn tərəfə baxdı. Diqqətlə qulaq asdı. Heyrət və pıçıltı ilə dedi: 

- Dərviş, orada iş görürlər... Özü də bizim dildə danışırlar.  - Əli ilə arada-sırada qtlanıb-açılanda dəmir səsi gələn və işıq əks olunan tərəfi göstərərək - Mustafa dayıgilin evidi evin pəncərəsindən "asinkovı" dəmir çıxardırlar, parıldayan odur. Gedək, görək nə məsələdir. Professor, sən burada qal, biz qayıdıb gəlməsək, gəldiyimiz yerdən geri qayıdarsan. O yol tam təhlükəsizdir. Bizi müşahidə elə, vəziyyətə görə lazım bilsən, özün də istənilən qərarı verə bilərsən. Professor adamsan. 

- Oldu. Arxayın olun. - Professor inam və qətiyyətlə cavab verdi. Hüseynlə Dərviş "Qışdı arxı"nın içilə arx iki yerə ayrılana qədər gəldilər. 

26.05.1994-cü il Ağdam rayonu, Yusifcanlı kəndi,  "Qışdı arxı"nın ikiyə ayrıldığı yer - "Dar yol"un başlanğıcı  "Mustafanın evi" axşam saat: 23:03. 

- Bax, düz gedən "Dar yol"du, düz köhnə məktəbə qədər gedib çıxmaq olur. Sağa dönüb gedən də "Qışdı arxı"dı. Düz gedib, Şəhrili məhləsindən çıxır bağa. Bunun da axırı gedib məktəbin yanına çıxır. Bu arxlar hamısı təbii səngərlərdir. Həyətləri də görürsən də, cəngəlliyə dönüb hamısı. - Hüseyn sakitcə Dirvişə məlumat verdi. Sağa tərəf "Qışdı arxı" ilə bir az gedib böyük qoz ağacına sığındılar.  Hüseyn əli ilə Dərvişə oturmaq barədə göstəriş verib, özü qoza dırmaşdı. Gördüklərinə inana bilmirdi. Iki nəfər Mustafa kişinin evinin arxa otaqlardakı pəncərəsindən növbə ilə "asinkovu" dəmir listlərini və "spintovu" kardonları çöldəki iki nəfərə verir, onlar da alıb səliqə ilə çin-çin yerə yığırdılar. Sakitcə aşağı düşdü: 

- Dərviş, qulaq ver, gör nə danışırlar? 

- Mən onların dilini bilmirəm axı... - Dərviş cavab verdi. 

- Allah səni güldürsün, ay Dərviş. Ayə, bizim dildə danışırlar. Gəl gedək, görək nə məsələdir. Amma bizim kəndin adamlarına oxşamır. - Hüseyn dedi və Dərvişi gözləmədən arxdan bir ayağanı setkanın o biri üzünə qoyaraq həyətə keçdi və Mustafa kişinin evinin tinində dayanaraq: 

- Ay maşallah, yorulmayasınız, yorulmayasınız! Kömək lazımdı? - deyə ucadan qarətçiləri salamladı. Qəfil səsdən diksinən adamlar gecənin qaranlığında parıldayan dəmiri əllərindən saldılar, bu vaxt həm də məxsusi cingiltili dəmir səsi gəldi. Qarətçilər çağrılmamış qonaqları görüb çaşıb qalmışdılar. Hüseyn cəld soruşdu: 

- Kimsiniz, hansı kənddənsiniz, silah var? 

- Yox baba, silah nəmənədi... heç zadımız yoxdu, fəhlə babayıq. Burda işlirik...  - nisbətən yaşlı kişi cavab verdi. 

- Ə nə iş? Camaatın evin daşıyıb aparırsan, adına da iş deyirsən? Kimə demisən? Kim icazə verib sizə, xalxın evin yağmalayırsınız? - Hüseyn lap əsəbləşmişdi. 

- Yağmalamaq nədi... Bullara bir ətəh pul vermişix, baba... - həmin yaşlı kişi də əməlli-başlı özündən çıxdı. 

- Kimə vermisən, ə,  o bir ətək pulu? Mustafa kişi satıb, bu dəmirləri saa? - Hüseyn özünü zorla saxlayırdı. 

- Yox baba, Mustafa-zad tanımırıx. Biz paramızı bax bu kişiyə vermişıx. - dedi və setkanın dibiynən gələn yekəpər qaraltını göstərdi. Hüseyn qaraltıya baxan kimi siuleti tanış gəldi, ancaq həmin anda kim olduğunu kəsdirə bilmədi. Adam lap yaxına gəlib ədəb -ərkanla: - "Salam alekum" - deyəndə, Hüseyn onun kim olduğunu bildi. Bu adını unutduğu fotoqraf idi. Həmişə məktəbdə gəlib onların şəklini çəkərdi. Maraqlısı odur ki, həmin adam da Hüseyni tanıdı: 

- Salam, Allax salamıdı, ham da man sani tanıdım. Sanin şaklini çox çakdim. - başında kepka olan yekəpər adam dedi. 

- Mən də səni tanıdım. Düz deyirsən, məktəbdə də, Cıdır düzündə də çox şəklimizi çəkmisən. Bax, ən axırıncı  dəfə bu taladığın evin uşağı ilə mənim şəklimi birlikdə çəkmişdin. İndi də camaatın evin daşıyıb aparırsınız. - Hüseyn aram və təmkinlə sanki bu yekəpərə nəsə izah etməyə çalışdı. 

- Man biliram. Bu qapını da, bu evin uşaxların da yaxşı tanıyıram. Har maktaba qalanda onların 3-4 şəklini çəkirdim. 3 qardaş idilar. Hala Çıdır Duzunda da onların şaklini çakib poçtla qondardim. Bu qapıda o qadar yarpax qırmışıx ki...  

- Bəs niyə xalxın evin dağıdırsınız? Hamı deyir gələn ayın 15-i qayıdırıx kəndə.... Camaat gəlib evin belə görəndə neyniyəjək? - Hüseyn fotoqrafı əməlli-başlı sorğuya tutmuşdu. 

- Man na bilim? Tez qalin. Yoxsa, bu kandin izi-tozu da qalmaz. Ağaclari da kasib aparırlar.  - yalan-doğru fotoqraf çox ürəkdən dedi. 

- Bəs nə bilirsən? Silahın var? - Hüseyn soruşdu. 

- Yox, ara... Silah-milah yoxdu. - fotoqraf cavab verdi - man silahı neyniram. - davam etdi. 

- Nə bilim, dedim birdən lazım olar. Bəs silahlılar hardadı? Burada silahsız qorxmursunuz belə gecə vaxtı, camaatın evini yağmalayırsınız? - Hüseyn soruşdu. 

- Kantta çox silahlı yoxdu. Bir da biz aparmasax da kimsa qalib aparacax. Ya qarak siz tez qalasiniz. Ya da har şeyi daşiyib aparacaxlar. Vallah ha. Allahhaqqi... Haa... Bunlar adam döylü... Yoxsa, man buranın camatına pislix eləmaram. Bunların mana na pislixi dayıb, haa..? Bax, ela bu ev. Bu qapıda mana o qadar çay veriblar. Man pislix elamax istasam manim qozum o qand kimi ağarsın, ağ olsun. Bu qapıda çay içdiyim o qand kimi... - fotoqraf sanki özünü ağlamqadan güclə saxlayırdı. 

- Deyirsən silahlı azdı. Bəs postlar hardadı? - Hüseyn fotoqrafdan soruşdu. 

- Ortada bir post Kal Hasanin evinin yanlnda qayanın başında, bir də maktabda var. Man biliram. -  fotoqraf dedi. 

- Başqa heç yanda yoxdu? - Hüseyn yoxlayıcı sual verdi. Fotoqraf da sanki bunu anlayıb: 

- Kantin yuxarısında bağin içinda da post var, amma man orani tanimiram. - fotoqraf nəyəsə görə yalançı olmadığını, düz dediyini bildirmək istəyirdi. 

- Yaxşı, nə biz sizi  görmüşük, nə də siz bizi. Bu xata-bala tezliklə aradan qalxsın, sən də yenə gəl məktəbdə şəkil çək. - Hüseyn dedi və yavaş-yavaş arxaya addımladı. 

- Amin. Amin. Ha, vallah ha.. Ara, vallah bullar adam döylü... Allahhaqqi...- fotoqraf sanki nəyinsə xiffətini çəkirmiş kimi içdən böyük təəssüflə dedi və dönüb bayaqdan donub qalmış qarətçilərə tərəf getməyə başladı. Hüseyn gəldiyi kimi də setkaya çatanda ayağının birini qaldırıb arxa qoydu və onu gözləyən Dərvişə getmək barədə işarə verdi... 

ARDI  VAR

 
Zaur Ustac, 

"Yazarlar" jurnalının baş redaktoru, 

AYB və AJB-nin üzvü 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31