Yaxın Şərqdə gərginlik valyuta bazarını qarışdırır: BƏƏ-nin növbəti addımı nə olacaq? – ÖZƏL

"The Wall Street Journal"ın məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri regional gərginlik fonunda ABŞ ilə maliyyə dəstəyinə dair ilkin müzakirələrə başlayıb.
Əmirlik rəsmiləri dollar qıtlığı yaranacağı təqdirdə neft satışında Çin yuanı və digər valyutalardan istifadəni istisna etmirlər. 270 milyard dollar ehtiyatı olan və valyutası dollara bağlı qalan BƏƏ-nin bu addımı, qlobal neft bazarında dolların dominantlığı üçün ciddi risk hesab olunur.

"Birləşmiş Ərəb Əmirliklərinin ABŞ ilə bu məsələni müzakirə etməsi tamamilə normaldır. Çünki ABŞ-nin yaratdığı və ya birbaşa, yaxud dolayısı ilə səbəb olduğu bu problem Birləşmiş Ərəb Əmirliyi iqtisadiyyatı üçün ciddi fəsadlar törətmişdir. Bu fəsadlar həm dollar çatışmazlığı baxımından, həm emal müəssisələrinin zərər görməsi baxımından, həm də regionda ixraca ciddi mənfi təsir göstərən hadisələrin baş verməsi kontekstində özünü göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçının sözlərinə görə, məsələyə bu prizmadan baxdıqda görürük ki, ABŞ təkcə dollar-yuan və ya Birləşmiş Ərəb Əmirliyinin milli valyutası ilə bağlı qarşılıqlı münasibətlər baxımından deyil, ümumilikdə Əmirliklərin müttəfiqi kimi ona həm mənəvi, həm də hüquqi baxımdan dəstək verməyə borcludur. Bu səbəbdən, hər hansı formada Birləşmiş Ərəb Əmirliklərinə məhdudiyyət qoyulması və ya dəstəkdən imtina edilməsi yanlış qərar olardı və belə bir addımın atılacağını düşünmürəm. Bu məsələnin birinci tərəfidir. O ki qaldı veriləcək qərara, burada qeyd etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirlikləri bütün neftini Çin valyutası ilə satmayacaq. Müəyyən bir hissənin yuanla satılması mümkündür. Lakin bu, nə neft qiymətlərinə, nə də qlobal bazarlarda dolların hegemonluğuna ciddi mənfi təsir göstərə bilər.

Ekspert bildirib ki, dolların bugünkü mövqeyi kifayət qədər güclüdür və hazırkı şəraitdə hər hansı bir ölkənin ixrac və ya idxalda qismən başqa valyutaya keçməsi ilə bu mövqenin zəifləməsi real deyil. Bu kontekstdə yuanın dolları üstələməsi də mümkün görünmür. Onsuz da yuan dünyada çəkisi olan əsas valyutalardan biridir və dollardan sonra önəmli yerlərdən birini tutur. Bu addım müəyyən dərəcədə yuanın mövqeyini gücləndirə bilər, lakin bu təsir uzunmüddətli və ya həcmi böyük olmayacaq. Buna görə də dolların mövqeyini sarsıtmaq gücündə deyil.

"Neft qiymətlərinə gəldikdə isə, mövcud vəziyyət onların formalaşmasına ciddi təsir göstərmir. Nəzərə almaq lazımdır ki, neft qiymətlərinin stabilləşməsi üçün bütün tərəflərin razılaşdığı, rəsmi şəkildə təsdiqlənmiş sülh sazişi vacibdir. Hətta belə bir razılaşma əldə olunduqdan dərhal sonra belə qiymətlərdə stabillik müşahidə olunmur. Bu prosesin baş verməsi üçün ən azı bir neçə ay tələb olunur. Hazırkı dövrdə isə belə bir genişmiqyaslı və təsdiqlənmiş sülh razılaşmasının əldə olunması gözlənilmir", - deyə iqtisadçı vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31