Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qırğız Respublikasının Milli Elmlər Akademiyasının Prezidenti ilə görüşüb

Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Prezidentiyə yanında Milli Elmlər Akademiyasının prezidenti Kanatbek Abdrahmatov arasında görüş keçirilib.

Olaylar xəbər verir ki, Fonddan verilən məlumata görə, görüşdə, həmçinin Ç.T. Aytmatov adına Dil və Ədəbiyyat institutunun direktoru, akademik Abdıldajan Akmataliev, eləcə də İnstitutun baş elmi əməkdaşı, filologiya elmləri doktoru, manasşünas professor Jıldız Orozobekova iştirak ediblər.

Görüş zamanı Fondun Milli Elmlər Akademiyası ilə türk mədəniyyətinin qorunması, inkişafı və dünya miqyasında təşviqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Elmi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə, akademik tərəfdaşlığın inkişafına və institusional əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib. 
Tərəflər birgə elmi araşdırmaların aparılmasının, alimlər arasında təcrübə və bilik mübadiləsinin genişləndirilməsinin, multidissiplinar layihələrin həyata keçirilməsinin, eləcə də türk tarixi və mədəni irsinin dərindən öyrənilməsi, elmi əsaslarla izah edilməsi və geniş ictimaiyyətə tanıdılması üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.
Fondun Prezidenti Milli Elmlər Akademiyasına 2025-ci ildə Fondun layihələrində fəal iştirakına görə təşəkkürünü bildirib, elmi əməkdaşlığın yüksək səviyyəsini və akademik qrupların türk irsinin inkişafı və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə verdiyi əhəmiyyətli töhfəni qeyd edib. Xüsusilə Ç. T. Aytmatov adına Dil və Ədəbiyyat institutunun 2024-cü il noyabrın 6-da Bişkekdə (Qırğızıstan) Türk Dövlətləri Təşkilatının XI Zirvə Görüşündə Dövlət başçılarının tapşırığı əsasında həyata keçirilən çoxcildli və çoxdilli "Türk Folklor irsi" Antologiyasının hazırlanmasındakı peşəkar rolu yüksək qiymətləndirilib.
Görüşün davamında xanım Aktotı Raimkulova Milli Elmlər Akademiyasını Fondun 2026-cı ildə həyata keçirəcəyi, 1926-cı il Dünya Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş layihələrində fəal iştirak etməyə dəvət edib. Vurğulanıb ki, Yubiley ilə bağlı təşəbbüslər Qurultayın tarixi əhəmiyyətini, müasir türkologiyanın formalaşmasındakı rolunu yenidən düşünməyə, eləcə dəTürk dünyası tədqiqatçılarını birləşdirən beynəlxalq elmi dialoqun inkişafına xidmət edəcəkdir.
Görüş Fond ilə Milli Elmlər Akademiyası arasında qarşılıqlı etimadın və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyərək, elm, təhsil və humanitar sahələrdə gələcək əməkdaşlığın aydın istiqamətlərini müəyyənləşdirib. Əldə olunan razılaşmalar türk mədəni-tarixi irsinin qorunması, inkişafı və qlobal miqyasda təşviqinə yönəlmiş birgə beynəlxalq layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31