Sonuncu tapşırıq

Şəhid Hüseynov Hüseyn Əkbər oğlunun əziz xatirəsinə
(povest)

əvvəli ötən sayımızda

26.05.1994-cü il Ağdam rayonu, Yusifcanlı kəndi, "Şıxhəsən" deyilən yer; "Qırma"nın kəndə tərəf qurtaracağındakı qoz ağaclarının altındakı dərin çalanın yanı - dikdir, səhər saat 06:20.
Hüseyn öndə, Dərviş arxasınca əyilə-əyilə cəld qaçıb qoz ağaclarının altındakı dərin çalanın üstündəki dikdirin yamacına yatdılar.
- Buy ay qağa, ə, nəğayrır ə, bu?! - Dərviş gördüyü mənzərədən şoka düşmüşdü. Hüseyn cəld sol əli ilə onun ağzını tutub, sağla susmasına işarə etdi və pıçıltı ilə sakitcə dedi:
- Yazıq neynəsin, o da insandı. Özü də cavan, nər kimi adam. Səhər-səhər yuxudan oyananda hamıda bu istək yaranır.
- Day burda da yox dana, başına dönüm. Heç hənanın yeridi?! - Dərviş qımışa-qımışa dedi və davam etdi - Mən ölüm, buna bax e, az qalır "MTLB"-ni silkələsin, yazıx arığın lap canı çıxdı ki... - arxada olan yekəpər əsgər hərəkətini sürətləndirdikcə əllərini "MTLB"-nin tırtılının üstünə qoyaraq önə əyilmiş arıq əsgərin çiynindəki avtomatı və başındakı dəbilqəsi "MTLB"-yə dəyərək səs eləməyə başladı. Hüseynlə Dərviş belə, tak-tuk, canqa-curuq səsləri aydın eşidirdi. Qəfil önə əyilmiş əsgərin dəbilqəsi başından düşüb dığrlandı. Elə bu vaxt "MTLB"-nin lüku tərpəndi və yavaş-yavaş açılmağa başladı. Əsgərlər tələsik şalvarlarını çəkib, guya "MTLB"-ni silirmiş kimi davranmağa başladılar. Lük tamam açıldı, içəridən hərbi formalı qırmzıbaş qadın çıxdı. O da öz dillərində dəbilqəsini və üst-başını düzəldən arıq, balacaboy əsgərə nə dedisə,  əsgər cəld "MTLB"-nin üstünə qalxıb örtüyünü tamam açdı. Örtüyü götürəndə "MTLB"-nin üstündəki nə olduğu aydın oldu.  Arıq, balacaboy əsgər çadırı səliqə ilə qatlayıb yaxınlıqdakı kolların üstünə qoyduqdan sonra "MTLB"-nin arxasındakı arxa qapıları taybatay açdı. Kolların üstünə atılmış döşəklərdən birini gətirib "MTLB"-nin içərisinə saldı. Sonra özü də elə oradan - arxa qapılardan  "MTLB"-nin içərisinə girdi. Hərbi formalı qırmızıbaş qadın da "MTLB"-nin üstündən düşdü və gəlib arxadan "MTLB"-nin içərisinə girdi. Arxa qapıları çəkib örtdülər. Yekəpər əsgər də bir az kənara gedib təzə kəsilmiş qoz kötüyünün üstündə oturdu. Dərviş qımışa-qımışa:
- Qağa, atalar arıx barədə yaxşı deyib, ha... amma bu yazıx arığın işi lap zülümdü vallah...
- Sakit dur, görək. Dərviş, məncə bu "Strela-10"-dur. Bir dəfə "Dörd yol"da  görmüşdüm, yolun qırağında. Bərdədən Tərtərə aparırdılar. Əsgərlərdən soruşdum. Dedilər "samalyot", "vertalyot" vurmaq üçündür. Sən nə düşünürsən? Belə bir şey görmüsən? - Hüseyn Dərvişdən soruşdu.
- Vallah sən gərək özünlə Professoru götürəydin, belə şeyləri o əzbər bilir. Amma mən də bir dəfə Bərdəyə qohumlarımgilə çimməyə gedəndə bundan görmüşdüm. Səhv eləmirəmsə, onda da əsgərlər dedi "helikopter" vurandı. - Dərviş tərəddüd içində cavab verdi.
- Ay səni, Dərviş... Allah saa kömək olsun. "Helikopter" də "vertalyot" da ikisi də eyni şeydir də... - Hüseyn Dərvişi məzəmmət elədi.
- Hə dana. Vallah. Elə sən deyəndi, qadam. - Dərviş təsdiqlədi.
- Burada başqa nə olacaq? Amma yaxşı yer tapıblar ha özlərinə. Qozları da başlayıblar kəsməyə. Köpək uşağı bağlarda qoz, palıd qoymayacaqlar... Hamısını doğrayıb daşıyacaqlar.- Hüseyn təəssüflə başını buladı və əli ilə getmək lazım olduğu  barədə işarə verdi. Gəldikləri yolla tez "Tək söyüd"ün yanına qayıtdılar. Gün artıq əməlli-başlı qalxmışdı. Mayın son günləri olsa da sanki yayın oğlan çağı idi. Çox isti idi. Yolda ciyərləri yansa da Hüseyn Dərvişə kəhrizdən su içməyə imkan verməmişdi. İndi ağacın altına çatan kimi birinci su axtarmağa başladı:
- Su, mənə bir qurtum su verin... Hanı mənim veşmeşoğum? Hanı mənim "flyaqam"?
- Buyur mənim suyumdan iç. - Professor öz qumqumasını Dərvişə uzatdı.
- Ə, get burdan ə... Bir elə o qalmışdı ki, "urus"un ağzı dəyən yerdən su içəm. Hanı mənim veşmeşoğum. - Dərviş öz əşyaçantasını axtarmağa davam etdi.
- Mən azərbaycanlıyam! Adam rus dilini biləndə "urus" olur bəyəm? - Professor etiraz etdi - İçmirsən, içmə. Minnətin olsun. Səpsərin bulaq suyu idi.
- Professor, sən "Strela-10"-u tanıyırsan - Hüseyn Professordan soruşdu.
- Bəli. "MTLB"-nin bazasında zenit-raket kompleksidir. Hava hədəfləri vurmaq üçündür. - Professor cavab verdi.
- Təsvir edə bilərsən? - Hüseyn soruşdu.
- Bəli. Çəkə də bilərəm. - Professor inamla cavab verdi.
- Buyur, Əhmədli, al, çək. - bayaqdan olanları seyr edən çavuş Qalalı yan çantasından kağz -qələm çıxarıb Professora uzatdı. 3-4 dəqiqənin içində Professor eynilə "Şıxhəsən"dəki çala kimi səngərin içində bir "Strela-10" çəkib onlara göstərdi. Hüseyn heyrətləndiyini gizlətmədi. Üzünü Dərvişə tərəf tutaraq:
- Dərviş, ay Dərviş, mən ölüm, bir buna bax! - kağızı Professorun əlindən alıb Dərvişə uzatdı. Dərviş kağızı alıb, baxan kimi:
- Qağa, mən boşuna buna Professor demirəm ki.... Zalım oğlu, elə bil bizimlə orda olub. Sən harada idin? Göydən baxırdın, yoxsa qozların başında gizlənmişdin? Yoxsa, sənin göydə bəyax o kamandirdən soruşduğun peykdən var, xavarımız yoxdu, hı...  - Dərviş də təəccübünü gizlədə bilmədi və sualı suala caladı: - Ay professor qağa, bəlkə bizə deyəsən, bu "MTLB", "MTLB" deyirik ha, bu nə deməkdi, bunun bir açıqlaması varmı, qadam? 
- Əlbəttə, var. Rus dilində olan sözlərin baş hərfləridir. Açıqlaması "çoxməqsədli yüngül zirehli dartıcı nəqliyyat  vasitəsi" deməkdir.- Professor anında cavab verdi.
- Baho... Qoy oturmuşuq. Bəs orda cəmi dörd hərf var, amma sən sicilləmə dastan oxudun axı... Qadam, zəhmət olmasa onu hərf-hərf, yavaş-yavaş  de, biz də başa düşək. Hamı sənin kimi professor döyül ha, biz avam adamlarıq. Vallah. De öyrənək. Qoy, gələcəkdə bizim də  nəvə-nəticəyə danışmağa bir sözümüz olsun. - Dərviş yarızarafat, yarıciddi əl çəkmədi.
- Baş üstə. Rus dilində tam olaraq belədir: МТЛБ -  Многоцелевой Тягач Легкий Бронированный. Azərbaycan dilində isə, M - Многоцелевой - Çoxməqsədli, T - Тягач - Dartıcı, L- Легкий - Yüngül, B - Бронированный - Zirehli. Bax tam olaraq belə olur. - Professor inamla izahat verdi.
- Təşəkkür edirəm. Sağ ol, qadam. Amma su məsələsində səhvə yol verdin. - Dərviş bayaqdan onlara göz qoyan Ucarlıya göz vurdu.
- Hə, indi tam əminliklə deyə bilərik ki, "Qırma"dakı  yüz faiz "Strela-10"dur. Yoldaş çavuş, zəhmət olmasa işçi xəritənizi çıxardın ilk qeydlərimizi edək. - deyə, Hüseyn çavuş Qalalıya müraciət elədi. Qalalı yan çantasından komandirin işçi xəritəsini çıxardıb səliqə ilə açdı, sonra lazım olan əraziyə uyğun hissəni əlində tutaraq, xəritəni dörd qatlayıb yan çantasının üstünə qoydu və üzünü Hüseynə tərəf tutaraq dedi:
- Buyurun cənab kəşfiyyatçı, məruzə edin. 
Hüseyn xəritəni diqqətlə nəzərdən keçirdikdən sonra sadə qara karandaşı çavuş Qalalıdan aldı və xəritə üzərində "Strela-10" duran yeri tapmağa çalışdı. Əmin olduqdan sonra xəritə üzərində göstərməyə başladı:
- Sən də bax, Professor, - dedi və davam etdi, - deməli belə: bax bu artezian quyusu kəndin başında - poçtun yanında olan artezian, bu da təzə arx, bu da sovetin axırına yaxın düzəltdikləri su anbarları, qobunun körpüsü, kəndin əsas yolu - daş yol. Bax, dəqiq buradır. Üzüm bağı ilə adi bağın - meşə kimi qeyd olunmuş yaşıl yerin sərhəddindəki bu çala. Görürsən dərinliyi də qeyd olunub. Dəqiq bax buradır. Qeyd edə bilərsən. 1 ədəd "Strela-10", 6-7 əsgər, səlahiyyətlilərdən biri orta yaşlı sarışın, qırmızı - tünd zoğalı rəngli rənglənmiş saçı olan qadın. 
- Təşəkkür! Tam və dolğun məlumat üçün təşəkkür elan edirəm. Bu belə. Bəs indi necə edək? Nə düşünürsən keçə bilərik? - çavuş Qalalı soruşdu.
- Bəli. Düşünürəm ki, tam təhlükəsiz və rahat şəkildə keçə bilərik. Məncə iki qrupa bölünsək, yaxşı olar. Dərviş, Professor, Ucarlı və mən bir gedək, qalan uşaqlar da səninlə getsin. Zəhmət olmasa, xəritəni tam aç, işimizi tam ətraflı və dəqiq  planlaşdıraq. - Hüseyn cavab verdi.
Çavuş Qalalı xəritəni tam açıb hamını - bütün qrup üzvlərini başına topladıqdan sonra dedi:
- Buyurun, cənab bələdçi, deyin görək necə hərəkət etsək, daha məqsədəuyğun olar? - dedi və üzünü Hüseynə tərəf tutdu.
- Deməli belə, dediyim kimi iki qrupa bölünürük. Bax bura  durduğumuz yerdir. Buradan qobuya qədər "val"ın içi ilə rahat gedirik. Göydən də baxsalar  heç kim bizi görə bilməz. Kəhrizə çatanda təxminən 40-50 metr məsafə açıqlıqdı. Oranı da ehtiyatla və sürətlə keçib qobuya düşdün, düz Qiyaməddinliyə qədər rahat və təhlükəsiz şəkildə getmək olar. - dedi və xəritədə durduqları yerdən düz Qiyaməddinliyə qədər yaşıl xətt kimi aydın görünən zolağı göstərdi. Sonra davam etdi: - Sadəcə hərəkət vaxtı son dərəcə ehtiyatlı olmaq lazımdır. Çünki, bunların hələ daimi bir mövqeyi, səngəri, eşalon xətti yoxdur. Bir də ağacları doğrayıb daşıyırlar. Hər yerdə həm mülki, həm də hərbi formalı adamlar qarşınıza çıxa bilər. Deməli, siz buradan gedb, fırlanıb gəlirsiniz  buraya - karandaşla Qiyaməddinli kəndilə Yusifcanlı kəndinin sərhəddini göstərdi - böyük ehtimal ki, burada da müvəqqəti də olsa bir postları var - biz də dörd nəfər buradan kəndin içilə düz köhnə məktəbə qədər gedib vəziyyəti öyrənirik. İnşəAllah 27-si səhər saat 5-6 arasında ya Gümbəzlərdə, ya da qəbiristanlığın darvaza olan əsas girişinin yanında - girəndə sol tərəfdə kor kəhriz quyusu var  - orada görüşürük. Mən belə təklif edirəm. - Hüseyn sözünü bitirdi və üzünü çavuş Qalalıya tutdu.
- Məncə də qarşıya qoyulmuş döyüş tapşırığını ən tez və dəqiq bu qaydada yerinə yetirə bilərik. Deməli belə, "val" qurtarana qədər, kəhrizə kimi birlikdə gedirik. Orada müəyyən olunmuş qaydada iki qrupa ayrılırıq. Hüseyn, Dərviş, Əhmədli, Ucarlı sola kəndin içinə gedirlər, biz isə cəld, əyilə-əyilə qaçaraq, lazım gəlsə sürünərək, yomalanaraq nəsə bir yolla tez qobuya giririk, düz Qiyaməddinliyə qədər nə var, nə yox hamısını dəqiqləşdiririk. Kəndin aşağısındakı ehtimal olunan postun yerini, silahını, şəxsi heyətini öyrənirik. 27-si səhər tezdən təxminən 5-6 arasında qəbiristanlığın yanında görüşürük. Görüş yeri; A) Əsas variant - Günbəzlərin içində, B) Ehtiyat variant - Qəbiristanlığın əsas girişindəki sol tərəfdə yerləşən kor kəhriz quyusunda. Diqqət, xüsusi qeyd: Birinci gələn qrup ikinci qrupu ən uzağı  günorta saat 13:00 - a qədər gözləyir. Günün isti vaxtı, olan olmayan, hərə başını bir deşiyə soxduğu vaxt ərazini öz düşərgəmizə doğru əvvəlcədən təyin olunmuş ən kəsə və təhlükəsiz yoldan tərk etmək qəti əmrimdir. Aydındır?
- Elədir ki, var! - hamı bir nəfər kimi astadan cavab verdi.
- Sual var?
- Xeyr, yoxdur!
- İrəli! - dedi və özü hamıdan öndə "val"-a doğru addımlamağa başladı. Öndə çavuş Qalalı, arxasınca Hüseyn və sonra da 10 əsgər "val"-a girərək, söyüdlərin arasında görünməz oldular...
Ardı var

Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31