Azərbaycanın Davosdan səsi: qlobal iqtisadiyyata artan təsir– ÖZƏL

"44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni siyasi situasiya yaranıb. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət həm regional, həm də geosiyasi baxımdan yeni bir reallıq formalaşdırıb. Bu da ondan irəli gəlir ki, Cənubi Qafqaz Şərqlə Qərbin qovuşduğu strateji bir məkandır".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, aparıcı dövlət olaraq Azərbaycan bu bölgədə həm iqtisadi, həm də siyasi baxımdan yeganə stabil dövlətdir. Cənubi Qafqazda üç əsas aktor mövcuddur: Gürcüstan, Ermənistan və Azərbaycan. Gürcüstan Rusiya ilə konfrontasiyadadır və Avropanın təzyiqlərinə məruz qalır. Ermənistan isə müxtəlif güclərin təsiri altında regional gərginlik yaratmaq siyasəti yürüdür. Yeganə stabil dövlət Azərbaycandır ki, bu da Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasətin nəticəsidir. Məhz bu stabillik sayəsində Azərbaycan beynəlxalq aləmdə həm iqtisadi, həm də geosiyasi baxımdan diqqət mərkəzinə çevrilib. Azərbaycanın apardığı çoxşaxəli, çoxvektorlu və balanslaşdırılmış siyasət həm iqtisadi, həm də siyasi sahədə tarazlığı təmin edir və nəticədə sabitlik yaranır.

Ekspert qeyd edib ki, Azərbaycan Prezidentinin Davosda apardığı danışıqlar da bu siyasətin mahiyyətini açıq şəkildə göstərir. Azərbaycan artıq dünyaya çıxaraq qlobal iqtisadi və siyasi proseslərə birbaşa təsir göstərir. Çünki Azərbaycan öz qazını 16 dövlətə ixrac edir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Eyni zamanda Azərbaycan digər sahələrdə də həm siyasi, həm də iqtisadi fəaliyyətini genişləndirir. İqtisadiyyatın siyasətlə, siyasətin də iqtisadiyyatla sıx bağlılığı var və bu iki sahə bir-birini tarazlamalıdır. Əgər bu balans pozularsa, təbii ki, xaos yaranar. Məhz Azərbaycan Prezidentinin siyasəti nəticəsində bu tarazlıq qorunur. Avropa İttifaqı dünya siyasi proseslərinə təsir edən əsas mərkəzlərdən biridir. Avropa Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli mövqelər müşahidə olunsa da, Azərbaycan buna adekvat cavab verir. Bununla yanaşı, Azərbaycanın Avropanın ayrı-ayrı dövlətləri, xüsusilə də 10 ölkə ilə strateji əməkdaşlığı mövcuddur. Azərbaycan Avropa İttifaqına daxil olan ondan artıq dövlətin enerji təhlükəsizliyini təmin edən əsas tərəfdaşdır. Bu əməkdaşlıq sayəsində Azərbaycan Avropa ilə həm iqtisadi, həm də siyasi əlaqələrini genişləndirir və bununla da Avropa İttifaqında dostlarının sayını artırır. Bu isə siyasi proseslərdə Azərbaycana müxtəlif formalarda dəstək qazandırır.

A. Məsiyev əlavə edib ki, Azərbaycan təkcə Avropa ilə deyil, bütün regionda - Cənubi Qafqazda yeganə stabil dövlətdir və regional siyasi proseslərin mərkəzində dayanır. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlardan biri də Orta Dəhlizin qollarından olan Zəngəzur dəhlizinin gündəmə gəlməsidir. Çinlə Avropa arasında daşınan yüklərin Azərbaycan üzərindən keçməsi Cənubi Qafqazın dünya diqqət mərkəzində olduğunu açıq şəkildə göstərir.
Azərbaycan həm şimalla, həm cənubla, həm şərqlə, həm də qərblə iqtisadi və siyasi münasibətlərini balanslaşdırır və bu münasibətləri beynəlxalq yük daşımaları kontekstində tənzimləyir. Xüsusilə regional baxımdan qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürür.

"Azərbaycan Prezidenti Davosda çıxışında Ermənistanla münasibətləri də açıq şəkildə gündəmə gətirdi və regionda sabitliyin yaradılmasının vacibliyini beynəlxalq ictimaiyyətə çatdırdı. Bununla yanaşı, beynəlxalq sərmayələrin təkcə Azərbaycana deyil, bütövlükdə regiona cəlb olunmasının mümkünlüyünü nümayiş etdirdi. Çünki Zəngəzur dəhlizi qlobal və geosiyasi maraqlar baxımından xüsusi diqqət mərkəzindədir. Hesab edirəm ki, Davosda aparılan görüşlər həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın maraqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq, Qafqazdakı vəziyyəti açıq şəkildə göstərmək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin Davosda ayrı-ayrı dövlət rəhbərləri ilə görüşləri və kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq baxımından olduqca önəmlidir. Xüsusilə Euronews kanalına verdiyi müsahibələrdə Ermənistan-Azərbaycan münasibətlərini açıq şəkildə şərh edərək, nəqliyyat infrastrukturunun açılması, Ermənistana gedən taxıl yüklərinin Azərbaycan üzərindən keçməsi, Ermənistanın enerji və yanacaqla təmin olunması məsələlərini vurğuladı. Bu isə onu göstərir ki, Azərbaycan-Ermənistan münasibətləri faktiki olaraq sülh şəraitinə doğru irəliləyir", - deyə siyasi şərhçi vurğulayıb.

Ekspert bildirib ki, Qafqazdakı vəziyyət beynəlxalq ictimaiyyətə təqdim olunur ki, Azərbaycana qarşı qərəzli yanaşmalar aradan qalxsın: "Avropa Parlamenti zaman-zaman Azərbaycanı Ermənistanı blokadaya almaqda ittiham edir və təzyiq göstərməyə çalışır. Lakin Prezidentin müsahibələri Qafqazdakı real vəziyyəti açıq şəkildə ortaya qoyur və Azərbaycanla Ermənistan arasında faktiki münasibətlərin mövcud olduğunu sübut edir. Ermənistanın siyasi rəhbərliyi də açıq şəkildə Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirir və müsbət mövqe sərgiləyir. Bu da onu göstərir ki, Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə sülh fəlsəfəsini həyata keçirir və həm regional, həm də geosiyasi baxımdan sülhün tərəfdarı olduğunu bir daha nümayiş etdirir.
Azərbaycan Prezidentinin beynəlxalq toplantılarda iştirakı Azərbaycan reallıqlarının, regiondakı vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu siyasət həm Azərbaycan üçün, həm də bütövlükdə Cənubi Qafqaz üçün gələcək uğurların təmin olunmasına hesablanmış addımlardır".

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31