Qəzza planı, qorxu siyasəti və gizli dünya bölgüsü: Tramp nəyi icra edir?- ÖZƏL
11:43 DünyaABŞ və Fransa qarşıdurmasının səbəbləri?
"Şübhəsiz ki, ABŞ Prezidenti Donald Trampın yeritdiyi siyasət xaotik deyil, konkret bir ssenari əsasında formalaşdırılmış və mərhələli şəkildə icra olunan proseslərdir. Baxmayaraq ki, proseslər müəyyən ziddiyyətli açıqlamalarla müşayiət olunsa da, aqressiv xətt dəyişmir. Donald Trampın Qəzza ilə bağlı irəli sürdüyü "Sülh Şurası" və tətbiq etdiyi mexanizmlərə qarşı Fransanın açıq mövqe ortaya qoyması ciddi zərurətdən doğur və Makronun dirənişi məntiqli, sistemli və anlaşılandır". Bunu "Olaylar"a siyasi şərhçi Vüqar Dadaşov deyib: "Donald Tramp keçirdiyi "Modura əməliyyatı"nı psixoloji hücum, dövlət başçılarına qarşı təhdid kimi istifadə edir. Zatən "Modura əməliyyatı"nın əsas hədəflərindən biri də məhz "qorxu" siyasətini yaymaq idi. Trampın Qrenlandiya, Cənubi Amerika və sair təhdidləri "qorxu və qazanc" siyasətinin elementləri və eyni zamanda da davamıdır. Yeri gəlmişkən, "Modura əməliyyatı"ndan sonra qeyd etdiyim kimi, artıq Tramp bu tip əməliyyatları keçirə bilməyəcək.
Artıq gizli deyil ki, Trampın təklif etdiyi Sülh Şurasında hədəf Qəzza ilə məhdudlaşmır; BMT-ni əvəzləmək və dünyanın idarəçiliyini formal da olsa hüquqi mexanizmlə deyil, zor gücü ilə idarə etmək niyyəti güdür. Əgər deyilirsə ki, Tramp dünyanı öz bildiyi kimi idarə edir və bu, ABŞ-ın dövlət siyasəti deyil, onda bu, böyük yanlışlıqdır. Trampın ikinci dönüşünün ilk aylarında ona qarşı impiçment cəhdi olundu. Ancaq hakimiyyətinin bir illik dövründə Rusiyaya qarşı isti münasibət sərgiləyən, NATO daxilində real parçalanma riski yaradan Trampa qarşı heç bir məhdudlaşdırıcı tədbir görülmür, özü də heç "Deep State" tərəfindən də. Əlbəttə ki, Tramp dövlətin strateji xəttindən kənara çıxa bilməz. Sadəcə Tramp ABŞ hegemonluğunu yazılmış strateji plan üzrə yeni reallıqlar yaradaraq gücləndirir.
Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi veto hüququna malikdir. Fransa bu mövqeyini, qlobal söz sahibliyini itirmək istəmir. Hərçənd ki, əksər dünya dövlətləri BMT-də struktur islahatların aparılmasını, Təhlükəsizlik Şurasının genişləndirilməsini tələb edir. Həm də Fransa üzvü olduğu NATO-nun əhəmiyyətsiz hala düşməsində hələ ki maraqlı deyil, baxmayaraq ki, Fransa, Almaniya və Böyük Britaniya artıq ABŞ-sız müstəqil hərbi birlik yaratmaq üçün praktik addımlar da atırlar".
Onun sözlrinə görə, Donald Trampın özünü həmin Sülh Şurasının sədri elan etməsi və veto hüququnu yalnız ABŞ Prezidentinin səlahiyyəti kimi təqdim etməsi hüquq fəlsəfəsinin köklü dəyişməsi - "legal paradigm shift", yəni hüququn mahiyyəti, mənbələri, məqsədi və tətbiq üsulları ilə bağlı əsas düşüncə modelinin dəyişməsidir: "Bu yanaşma hətta "reconstruction of legal discourse" (hüquq haqqında düşünmə, izah və legitimləşdirmə üsullarının dəyişməsi) anlayışını da özündə əks etdirir. Əslində dünyada onsuz da gücün haqqı beynəlxalq hüququ özünə uyğun şəkildə formalaşdırmışdı. Trampın yeritdiyi güc isə həmin hüququn çılpaq modelidir.
Bu yanaşma BMT-nin, xüsusilə də Təhlükəsizlik Şurasının rolunun zəiflədilməsi və qlobal idarəçiliyin tək mərkəzdən həyata keçirilməsi niyyətini ortaya qoyur. Müstəqillik və suverenlik anlayışlarını nisbi və daxili subyektə çevirir. Elə son günlər Rusiya ruporları - Solovyov, Duqin və sair şəxslər - Kremlin keçmiş sovet respublikalarının müstəqilliyinə və suverenliyinə qəsd etməyə səsləyir, bunu təbliğ edirlər.
Bu baxımdan Fransa Donald Trampın irəli sürdüyü siyasətə qarşı addımlarını emosional deyil, lakonik və sistemli şəkildə atır. Parisin mövqeyi eyni zamanda Birləşmiş Millətlər Təşkilatının 51 və 52-ci maddələrinin qorunması, mövcud dünya nizamının saxlanılması və beynəlxalq hüququn legitim mexanizmlərinin müdafiəsi kimi də qiymətləndirilə bilər.
Rusiyaya gəldikdə isə, Trampın həyata keçirdiyi bu siyasətlərin Moskva üçün müsbət təsir göstərdiyi aydın görünür. Rusiya-Ukrayna müharibəsinin arxa plana keçməsi, Avropanın diqqətinin daxilə (Qrenlandiya) və Yaxın Şərqə yönəlməsi Rusiyaya müəyyən strateji manevr imkanları yaradır. Lakin düşünürəm ki, Donald Tramp bu vəziyyəti Rusiyanın xeyrinə olan müvəqqəti üstünlük kimi qiymətləndirir və hesab edir ki, Rusiyanı yalnız Ukraynanın müəyyən ərazilərini zəbt etməsi ilə məhdudlaşdırmaq mümkün olacaq.
Bu proseslərin analizi belə bir qənaətə əsas verir ki, böyük dövlətlər arasında qarşıdurma görüntüsü dünya bölgüsü üzrə razılaşdırılmış ssenaridir. Trampın Qrenlandiyanın ilhaqı haqqında "ABŞ Qrenlandiyanı götürməsə, onu ya Rusiya, ya da Çin işğal edəcək" açıqlaması əslində böyük dövlətlər arasında razılaşmanın dolayı sübutu kimi qiymətləndirilə bilər.
Azərbaycana gəldikdə isə, Azərbaycanın siyasi ittifaqları və xarici siyasəti xaotik görünən vəziyyətdə özünü qorumaq üçün imkanlarını möhkəmləndirir. Azərbaycanın da "Sülh Şurasına" üzvlüyü mümkündür. Güclü və qalib heç vaxt ittiham edilmir. Azərbaycan isə güclü tərəf və tərəfdədir".