Milli rəqslər: səhnədə qalan irs

Rəqs insan mədəniyyətinin ən qədim və universal ifadə vasitələrindən biridir. Hər bir xalqın tarixində rəqs yalnız əyləncə və istirahət forması olmayıb. O, həm də həyatı, təbiətin dövrlərini, bayram və mərasimlərin əhval-ruhiyyəsini, həmçinin xalqın düşüncə tərzini və estetik duyumunu əks etdirən bir incəsənət forması olub. Azərbaycan isə rəngarəng mədəniyyətləri, zəngin folklor irsi və qədim adət-ənənələri ilə seçilən bir ölkədir. Düşünürəm ki, bu mədəni zənginliyin mühüm hissəsini də milli rəqslər təşkil edir. Azərbaycan milli rəqsləri xalqın tarixi və sosial həyatının canlı şahididir. Onlar səhnədə bəzən sadəcə musiqi və hərəkət kimi görünə bilər, amma hər addım, hər dönmə, hər əl hərəkəti xalqın həyat hekayəsini danışır, onun əzmini, sevincini, kədərini və ümidi simvollaşdırır.
Təəssüf ki, modernləşmə və qloballaşma prosesi milli rəqslərimizin gündəlik həyatda yaşamasına müəyyən təzyiq göstərir. Şəhərləşmə, xarici mədəniyyətlərin təsiri və müasir əyləncə formaları bəzi rəqsləri yalnız teatr və konsert səhnələrində görməyə imkan verir. Amma bu, onların əhəmiyyətini azaltmır. Əksinə, milli rəqslərin qorunması və gələcək nəsillərə ötürülməsi daha çox diqqət və təşəbbüs tələb edir. Azərbaycan milli rəqsləri həm də təhsil və mədəni tərbiyənin ayrılmaz bir hissəsidir. Onlar gənclərə irsi dəyərləri öyrədir, estetik zövq aşılayır və milli kimlik hissini gücləndirir. Hər bir addım, hər bir ritm yalnız bədii bir ifadə deyil, həm də tarix və mədəniyyətin öyrədici vasitəsidir.
Maraqlıdır ki, milli rəqslərimizin bu gün gənclər arasında populyarlığı necədir və onları bu rəqslərə cəlb etmək üçün hansı üsullardan istifadə olunur? Müasir dövrdə milli rəqsləri qorumaq və inkişaf etdirmək üçün hansı innovativ yanaşmalar tətbiq etmək olar? Suallarımıza daha ətraflı cavab tapmaq üçün, mövzu ilə bağlı Bakı Uşaq Gənclər Yaradıcılıq mərkəzinin rəhbəri Xuraman Şəms Olaylar.az-a açıqlama verib:

"Mən çox istərdim ki, bu günki gündə milli rəqslərimizi qoruyub saxlamaq üçün verilişlərə, kanallarımızda üstünlük verək. Sənətkarlar dəvət olunsun, rəqs qrupları maraqla görüşə gəlsin. Sənətkarların baxışı, müdrik sözlərindən gənclər və uşaqlar örnək alsın, dinləsin. Bu, indiki dövrümüzdə çox vacibdir. Təəssüf ki, indiki vaxtda sənətkara, uşaqların və gənclərin əməyinə kifayət qədər dəyər verilmir. Telekanallar bütün xidmətləri pullu ediblər, hər kəsin imkanı olmur ki, çəkdiyi əziyyəti və əməyi göstərə bilsin. Şərait yaradılmasını çox istərdim ki, bundan sonrakı nəsillər də faydalana bilsin, tariximiz və mədəniyyətimiz itməsin.
Milli rəqslərimizi 5-6 yaşdan öyrənmək şagirddə gözəl nəticə verir. Sürətli keçidlər, diz üstə hərəkətlər, uşağın vaxtında formalaşması, ritm, əl-ayaq hərəkətləri, səhnədə obrazları düzgün çatdırmaq, hərəkətin unudulması, nəfəs çatışmazlığı kimi çətinliklərin aradan qaldırılması üçün az yaşdan məşğul olmaq vacibdir. Bu, rəqsin tarixini zamanla hiss etməyə, insanı formalaşdırmağa kömək edir.
Müasir dövrdə yaşasaq da, 2-3 il bundan öncə çətinliklə üz-üzə qalmışdıq. Uşaqlar və gənclər hind rəqslərinə, xarici rəqslərə daha çox maraq göstərirdilər. Amma son illərdə artıq gənclər milli rəqslərimizi öyrənməyə can atırlar. Bu göstərir ki, tariximiz və mədəniyyətimiz ölməzdir, yaşayır və yaşayacaq. Rəqslər vasitəsilə vətən sevgisi, torpağa bağlılıq, qəhrəmanlıq və mərdlik kimi anlayışlar gənclərə ötürülür. "Qazağı", "Cəngi" kimi rəqslər igidlik ruhunu yaşadır. Səhnə mədəniyyəti qızların zərifliyini, nizam-intizamı öyrədir, kimliyimizi necə yaşatmalı olduğumuzu öyrədir.
Rəqslərimizin gözəlliyi milli geyimlərimizi də qoruyub saxlayır. Bu sənət çox səbr, mehriban rəftar və sevgi tələb edir. Bir rəqsi uşaqlara və gənclərə sevdirmək üçün ilk növbədə gözəl insan olmaq lazımdır. Sənəti sevgi ilə ötürmək gənc nəsildə də sevgi ilə öyrənmə istəyi oyadır. İllərdir uşaqlarla və gənclərlə işləməkdən zövq alıram. Rəqsin çətinlikləri çox olsa da, qoruyub saxlaya bilmişiksə və yeni nəsil hələ də öyrənirsə, mən buna sevinirəm bir rəhbər olaraq.
Milli rəqslərimiz Azərbaycan xalq musiqisi, muğam və xalq havaları ilə sıx bağlıdır. Hər bölgənin - Qarabağ, Şirvan, Şəki, Gəncə, Qazax, Naxçıvan və s. özünəməxsus rəqs üslubu yaranmışdır. Rəqslərimiz min illər boyu formalaşaraq öz sözünü səhnələrdə deyib. Bu günə kimi "Yallı", "Halay", "Uzundərə" kimi rəqslər birlik, həmrəylik və dostluq rəmzini ifadə edir. Buna görə də bizim borcumuzdur ki, tariximizi və milli dəyərlərimizi sevgi ilə gənc nəslə ötürək və sevdirək. Daha gözəl verilişlərə üstünlük verilsə, mən buna çox sevinərəm. Bundan əlavə, istərdim ki, rəqslərimizi xalqa nümayiş etdirmək üçün uşaqlara və gənclərə heç olmasa ayda bir dəfə könüllü konsertlərin keçirilməsinə dəstək olsun. Uşaqlar öyrəndikləri rəqsləri göstərə bilsinlər. Rəqslərin nümayişi üçün məkan ayrılsın və hər ay bir rəqs qrupu pulsuz şəkildə öyrəndiklərini xalqımıza və valideynlərə göstərə bilsin". 

Bu gün milli rəqslərimizin qorunması və tanıdılması sahəsində hansı problemlər mövcuddur? Xarici ölkələrdə Azərbaycan milli rəqslərinin tanınması və təqdimatı necədir? Milli rəqslərimizin mədəni və tarixi əhəmiyyəti barədə Sənətşünas Sədaqət Zaurqızı Olaylar.az-a açıqlama verib:

"Xalq şənliklərini, toy mərasimlərini, bayramları rəqssiz təsəvvür etmək mümkün deyil. Qədim zamanlardan rəqslər müəyyən mənada sehrli bir ayin idi-onların vasitəsilə əcdadlarımız tanrılardan ov da və ya müharibədə uğur diləyir, rəqslərlə tanrılara hörmət və məhəbbətlərini bildirirdilər. Azərbaycan rəqsləri xalqın məskun həyat tərzini, əkinçilik və maldarlıqla bağlı yaşamını açıq şəkildə əks etdirir. Rəqslərdə köçəri xalqlara xas atlı, döyüşkən əl və bədən hərəkətləri xalqın mərdliyini nümayiş edir. Çoban, üzümçü, əkinçi hərəkətlərinin yer alması isə xalqın tarixən torpaqla vəhdətdə ona bağlı yaşadığını göstərir. Məsələn "Xançobanı" rəqsi XVII əsrdən günümüzə gəlib çatmış belə rəqslərdəndir. Belə ki, rəqsə baxaraq müəyyən etmək olar ki, hansısa xalqın əcdadları köçəri olub, yoxsa oturaq həyat sürüb. Bunun üçün rəqs tarixi üzrə böyük mütəxəssis olmağa da ehtiyac yoxdur: məsələn, köçəri xalqların rəqslərində atlıların yüyən tutarkən etdiyi əl hərəkətlərini xatırladan jestlər olur. Eyni şəkildə, rəqs hərəkətlərinə əsasən xalqın döyüşkən olub-olmadığını da anlamaq mümkündür. Məsələn "Cəngi" rəqsi cəngavərlik, döyüşə çağırmanı ifadə edir. Azərbaycan xalq rəqslərində idman və yarış elementləri də çoxdur. Bununla məşğul olmaq üçün yalnız torpaqda daimi yaşayan xalqların vaxtı ola bilərdi. Eləcə də əkinçilik və maldarlıqla məşğul olduqları üçün Azərbaycan rəqslərində üzümçünün, çobanın və ya əkinçinin hərəkətlərini xatırladan elementlərə rast gəlinir. Xüsusilə "Yallı" rəqsinin Qobustan qayaüstü rəsmlərində təsvir olunması bu rəqslərin minilliklərə gedib çıxan tarixi köklərə malik olduğunu sübut edir. Tur Heyerdal kimi dünya miqyaslı alimlərin bu faktı təsdiqləməsi milli rəqslərimizin yalnız yerli deyil, bəşəri əhəmiyyət daşıdığını göstərir.
Zamanla Azərbaycanda Yallı ilə yanaşı digər milli rəqslər də populyarlıq qazanmışdır. Onlar mövzu və hərəkət quruluşuna görə çox rəngarəngdir və müxtəlif emosiyaları ifadə edir. Bunlara "Novruzu", "Səməni", "Ceyranı", "Güvənk", "Xıdır İlyas", "Kosa-kosa", "Qodu-qodu" və başqa rəqsləri misal göstərmək olar. Bu rəqslərin bir çoxu təbiətə və bayramlara həsr olunmuşdur. Məsələn, "Səməni" mərasim rəqsi yazın gəlişinə və təbiətin dirçəlişinə ithaf edilirdi. "Xıdır İlyas" rəqsi yazın həyatverici rütubətini simvolizə edir və birbaşa yağış gözləntisi (çağırılması) ilə bağlı idi. "Kosa-Kosa" da yazın gəlişinə, "Qodu-qodu" isə günəş kultuna həsr olunmuşdur. Rəqslərin adlarında tez-tez çiçək və ya meyvə adları da yer alırdı: "İnnabı", "Lalə", "Bənövşə" və.s. Adətən Azərbaycan xalq rəqsləri solo xarakter daşıyırdı ki, bu da xalqın məskun həyat tərzindən xəbər verir.
Bundan başqa, qadın və kişi rəqsləri arasındakı kəskin fərqlər cəmiyyətdəki rol bölgüsünü, estetik düşüncəni və sosial münasibətləri anlamağa imkan verir. Qadın rəqslərində incəlik, axıcılıq və əl plastikasının ön planda olması, kişi rəqslərində isə dinamika və ayaq texnikasının üstünlük təşkil etməsi milli mentalitetin rəqs dilində ifadəsidir. Zaman keçdikcə, bəşəriyyətin mənəvi inkişafı ilə rəqslər ritual məzmununu tədricən itirdi və inəsənət növü kimi bədii yaradıcılığa çevrildi. 
Azərbaycan milli rəqslərinin əksər melodiyalarının günümüzə gəlib çatmaması ciddi mədəni itkidir. "Qızlar bulağı", "Zoğalı", "Kəmürü" kimi rəqslərin yalnız xatirələrdə qalması, irsin sənədləşdirilməsində gecikmələrin olduğunu göstərir. Rəqslərin səhnə üçün sadələşdirilməsi və orjinallığının itirilməsi, bölgə rəqslərinin az öyrənilməsi və unudulması,rəqs irsinin yazılı, vizual və elmi əsaslarla yetərincə arxivləşdirilməməsi isə digər mövcud problemlərdir. Xarici ölkələrdə Azərbaycan milli rəqsləri əsasən beynəlxalq festivallar, diaspor tədbirləri və dövlət ansamblları vasitəsilə tanıdılır. "Yallı"nın və onun növlərinin UNESCO siyahısına daxil edilməsi mühüm nailiyyətdir. Lakin təqdimatlar çox vaxt məhdud repertuar çərçivəsində qalır və rəqslərin tarixi-fəlsəfi məzmunu kifayət qədər izah edilmir. Yəni tanınma var, amma dərin təqdimat çatışmazlığı mövcuddur.
Gənclərin milli rəqslərə marağını artırmaq üçün sözsüz ki, maarifləndirmə və kontekst yaratmaq vacibdir. Rəqslər yalnız hərəkət kimi deyil, hər hərəkətin arxasındakı tarix, mifologiya və həyat tərzi ilə birlikdə öyrədilməlidir. Gənc bilməlidir ki, o rəqsi oynayarkən əcdadının dünyagörüşünü canlandırır.
Eyni zamanda müasir təqdimat formaları müəyyət etmək faydalı ola bilər. Məsələn milli rəqslərin müasir səhnə texnologiyaları, multimedia və teatr elementləri ilə təqdim edilməsi marağı artıra bilər, lakin bu, orijinallığı pozmadan edilməlidir. Təhsil sistemində milli rəqsə yer ayrılması da müsbət dinamika üçün vacibdir. Məktəblərdə və ali təhsil müəssisələrində milli rəqs yalnız əlavə məşğələ kimi deyil, mədəni irs fənninin tərkib hissəsi kimi tədris olunmalıdır. Gənclər üçün festivallar və müsabiqələr, regional və milli səviyyədə rəqs festivalları, improvizasiya və araşdırma yönümlü müsabiqələr gənclərin yaradıcı yanaşmasını stimullaşdırar. Rəqs yalnız səhnədə deyil, bayramlarda, xalq şənliklərində, Novruz mərasimlərində aktiv şəkildə yaşadılmalıdır ki, gənc onu "muzey eksponatı" kimi deyil, canlı mədəniyyət kimi qəbul etsin. 
Sonda qeyd edim ki, milli rəqslərimiz səhnədə qalan bir irs olmaqla yanaşı, düzgün yanaşma ilə yenidən cəmiyyətin canlı yaddaşına çevrilə bilər. Bunun üçün qoruma, tanıtım və ötürmə prosesi paralel və düşünülmüş şəkildə aparılmalıdır. Rəqs yaşadıqca xalq da öz kökü ilə bağını qoruyur".
Milli rəqslər yalnız addım və ritmdən ibarət deyil, onlar xalqın tarixini, mədəniyyətini və ruhunu səhnəyə gətirən canlı bir dastandır. Onları qorumaq və gələcək nəsillərə ötürmək isə yalnız sənətkarların və müəllimlərin deyil, bütün cəmiyyətin məsuliyyətidir. Əgər gənclər bu rəqsləri öyrənir, sevir və oynayırsa, demək ki, milli irsimiz hələ də nəfəs alır, canlıdır. Rəqs yaşadıqca, xalq da öz kökləri ilə bağını itirmir, keçmişi ilə qürur duyur və gələcəyə inamla addım atır. Azərbaycan milli rəqsləri səhnədə qalan bir irs olmaqla qalmır, onlar hər addımda millətin ruhunu yaşadan, tarixi və mədəniyyəti canlandıran bir varlıqdır.
 
Zeynəb Mustafazadə 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31