Qohumundan hamilə qalan 13 yaşlı qızla bağlı iki vacib nüans – Gerçəklər budur
20:19 SosialAzərbaycanda rayonların birində 13 yaşlı qızın 37 yaşlı qohumundan hamilə qalması ictimaiyyətdə ciddi müzakirələr yaradıb. Hadisə uşaqların təhlükəsizliyi və hüquqlarının qorunması məsələsini gündəmə gətirsə də, digər tərəfdən bu tip xəbərlərin mediada və sosial şəbəkələrdə geniş yayılması doğru hesab edilməyib. Bildirilir ki, bu, şüuraltı təbliğata çevrilə bilər. Paralel olaraq, belə halların qarşısının alınması üçün qanunların sərtləşdirilməsi də tələb edilir.
Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, 13 yaşlı uşağın yetişkin bir şəxs tərəfindən istismara məruz qalması sadəcə məişət mövzusu deyil, ağır cinayət və insan hüquqlarının pozulmasıdır:
"Belə hadisələrin detallı, dramatik və davamlı işıqlandırılması zəif iradəli və ya oxşar meyilli şəxslər üçün normallaşma hissi yarada bilər. Həmçinin qurbanın şəxsi həyatının ifşası onun gələcək reabilitasiyasına böyük zərbə vurur. Lakin xəbərin işıqlandırılması bəzən ictimai qınaq vasitəsilə hüquq-mühafizə orqanlarını daha operativ hərəkət etməyə vadar edir. Gizli qalan cinayətlər çox vaxt təkrarlanır. Hadisə bir şou kimi yox, sosial xəbərdarlıq və hüquqi maarifləndirmə kimi təqdim edilməlidir".

Əlövsət Allahverdiyev
Hüquqşünas bildirib ki, qanunların sərtləşdirilməsi vacibdir, lakin yalnız bu, kifayət deyil:
"Ən ağır cəza belə əgər tətbiq olunmursa və ya korrupsiya, qohumbazlıq zəminində gizlədilirsə, effektiv olmur. İnsanlar bilməlidir ki, uşağa qarşı edilən bu cinayətin "bağışlanması" yoxdur. Yaş həddi və razılıq məsələsinə gəlincə, 13 yaşlı uşağın "razılığı" anlayışı hüquqi və bioloji olaraq mümkün deyil. Bu, birbaşa pedofiliya və ağır zorakılıq faktıdır. Məsələyə kompleks yanaşılmalıdır".
Psixoloq Zeynəb Əyyubova qeyd edib ki, əsas hədəf sensasiya yox, zərərin azaldılması və profilaktika olmalıdır:
"Uşağa qarşı cinsi zorakılıq sırf "məişət hadisəsi" deyil, ağır psixotravmatik cinayətdir və cəmiyyət buna adekvat reaksiya verməlidir. Media, sosial şəbəkələrdə bu tip hadisələrin detallı və emosional şəkildə tirajlanması ikili risk yaradır. Bir tərəfdən qurbanın ikinci dəfə travmatizasiyasına səbəb olur, digər tərəfdən isə şüuraltı normallaşdırma effekti yarada bilər. Xüsusən bu, azyaşlılar üçün təhlükəlidir. Belə məsələlərdə ad, detal, sensasiya olmadan, yalnız maarifləndirici çərçivədə xəbər yaymaq psixoloji baxımdan daha sağlam yanaşmadır. Digər tərəfdən, susmaq da həll yolu deyil. Problemin üstünü örtmək yox, onu düzgün dildə danışmaq lazımdır".

Zeynəb Əyyubova
Ekspertin sözlərinə görə, burada əsas məsuliyyət psixoloqların, hüquqşünasların, sosial işçilərin üzərinə düşür:
"Mövzu qorxu və şok üzərindən yox, maarifləndirmə və qoruyucu mexanizmlər üzərindən izah edilməlidir. Qanunların sərtləşdirilməsi də vacibdir, amma bu, təkbaşına kifayət deyil. Psixoloji araşdırmalar göstərir ki, erkən maarifləndirmə, ailədaxili nəzarət mexanizmləri, məktəblərdə təhlükəsizlik və bədən sərhədləri mövzusunda təlimlər daha effektiv təsir göstərir".
Zaira Akifqızı