Milli azlıqlar və sosial şəbəkələr- ÖZƏL

Getdikcə genişlənən rəqəmsal dünyada coğrafi məhdudiyyətlər əhəmiyyətini itirir, sosial şəbəkələr isə özünü təqdim etmə, tanıtma fürsəti qazandırır. Kimi bu fürsətdən doğru-düzgün istifadə edir, kimi də "klaviaturada qəhrəmanlığını" nümayiş etdirməklə məşğuldur. Son günlər ard-arda həbslər fonunda qəbul olunan qərarlar sosial şəbəkələrdə daha ehtiyatlı davranmamızı tələb edir. Əslində bu alətlərdən istifadənin məqsədi də öyrənmək, öyrətmək, tanıtmağa xidmət etməlidir. Toplum olaraq biz buna nə dərəcədə əməl edirik, bax, bu barədə konkret fikir söyləmək doğru olmazdı. Yəni tik-toka, instaqrama göz gəzdirəndə daha çox alıb-satan toplumuq, feysbukda özünü reklama daha çox diqqət edirik, X-a isə elə də maraq göstərmirik... Orda dünya var, siyasət var. Bizə belə şey lazım deyil axı...
Mövzudan kənarlaşmaq istəmirəm. 2017-ci ildə "Mətbuatda multikulturalizm" kitabını nəşrə hazırlayanda sosial şəbəkələr bu qədər də həyatımıza daxil olmamışdı. Amma bu alətlərdən istifadə edən milli azlıqlar da var idi. Bir xeyli araşdırmadan sonra o icmaların da sosial şəbəkə hesabları ilə bağlı az da olsa məlumatlar vermişdim.
Bu gün milli azlıqlar və üçün sosial media təkcə ünsiyyət vasitəsi deyil, həm də mədəni irsin qorunması və kimliklərinin gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu barədə ötən müddətdə milli azlıqların nümayəndələri ilə müxtəlif səviyyəli görüşlərdə məlumat verməyə çalışmışam.
Bu imkanlardan səmərəli istifadə etmək üçün ilk növbədə multikultural subyektlərin öz mədəniyyətinə və dəyərlərinə uyğun rəqəmsal məzmun yaratmalıdırlar. Qısa videolar, heykayələr, gündəlik həyat tərzi, etnoqrafik məqamlar, musiqi və folklor nümunələri izləyicilərdə canlı maraq oyadır. Məsələn, hapıt icmasından İldırım Məsimov (İsmayıllı, Mollaqasımlı kəndi) feysbuk hesabında həm mənsub olduğu xalqın adı, həm də yaşadıqları kəndlə bağlı maraqlı paylaşımlar edir. Əlbəttə, qeyri-peşəkar görüntülər olsa da bu məzmunlardan az da olsa informasiya ala bilirik. Bu cür məzmunlar həm də rəsmi təqdimatdan daha çox səmimiyyət yaradır və azlığın kimliyini daha dolğun şəkildə ifadə edir. Sirr deyil ki, sosial şəbəkə istifadəçiləri məhz real həyatla və insanlarla bağlı hekayələrə daha tez reaksiya verirlər.
Digər mühüm məsələ gənclərin sosial media bacarıqlarının artırılmasıdır. Əksər hallarda milli azlıqlardan olan gənclər texnologiyaya daha yaxın olsalar da, bu bacarıqlardan sistemli şəkildə istifadə etmirlər. Əgər istifadə etsələr, mənsub olduqları azlıqların həyatında fəallıqları artar və mədəni proseslərin birbaşa iştirakçısına çevrilərlər.
Sosial şəbəkələrdə rəsmi və qeyri-rəsmi hesabların yaradılması da mühüm faktorlardandır. Daha yaxşı olar ki, bu platformalar milli azlıqlara məxsus ictimai birliklər, mədəni mərkəzlər tərəfindən yaradılasın və paylaşımlar da dəqiqləşdirildikdən sonra ictimailəşdirilsin. Bu cür yanaşma məsuliyyət hissini də artırır, kim, nə gəldi paylaşmır. Hazırda o mərkəzlər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Mədəniyyət Nazirliyi (folklor ansamblları, teatrlar və s.) ilə sıx təmasdadırlar. Hər iki dövlət qurumu onlara bu istiqamətdə texniki yardım da göstərə bilər. Hətta mərhələli formada prosesi Azərbaycanda yaşayan bütün milli azlıqlara məxsus ictimai birliklərdə və mədəni mərkəzlərdə həyata keçirmək mümkündür. Milli azlıqların kopmpakt yaşadığı rayonlarda İcra Hakimiyyətləri və bələdiyyələr də ölkədə sabit etnomühit naminə bu işin qulpundan yapışa bilərlər.
Əlbəttə, dövət hazırda ölkədə yaşayan 20-dən çox milli azlıq, azsaylı xalq və etnik qrupların sayt və qəzetlərini maliyyələşdirmək istəmir (müstəqilliyin ilk illərində belə hal olub). Hazırda bu problemin həlli maddi nöqteyi-nəzərdən mümkün deyil. Amma dövlət qurumları sosial platformalarda onların aktiv fəaliyyətlərinə ən azı texniki dəstək verə bilər.
Müasir dövürdə facebook, instaqram, youtub və tiktok kimi platformalarda milli azlıqlara məxsus səhifələrin mövcudluğu məlumatların sistemli və müntəzəm paylaşılmasına şərait yarada bilər. Bu səhifələr milli azlıqların xəbərlərini, tədbirlərini, tarixi və mədəni materiallarını bir platformada toplamaqla yanaşı, kənar auditoriya üçün də etibarlı mənbə rolunu oynaya bilər. Məsələn, Samur Ləzgi Milli Mədəni Mərkəzi (https://www.facebook.com/lmmmsamur) bu istiqamətdə maraqlı paylaşımlar edir. Sahənin tədqiqatçıları və milli azlıqlar mövzusunda yazan jurnalistlər də asanlıqla bu məlumatlardan istifadə edə bilərlər. Əlbəttə ki, davamlılıq və ardıcıllıq burada əsas meyarlardandır.
Fərdi səhifələrin yaradılması təhlükəli deyil, amma informasiya istehsalında, foto - videoların məzmununda qeyri-dəqiqlik yarada bilər. Xüsusən də tarix və maddi-mədəni irslə bağlı təqdimatlar subyektiv ola bilər. Hər paylaşımın arxasında təsdiqlənmiş mənbənin olması fərdi səhifə sahibləri üçün əlçatan olmaya bilər. Hər kənddən, qrupdan və ya ailədən bir neçə fəal şəxsin mütəmadi olaraq foto, video və məlumat ötürməsi sosial media səhifələrinin canlı qalmasını təmin etsə də dəqiqlilik baxımından problemlər yarada bilər. Baxmayaraq ki, bu cür səhifələr kollektiv məsuliyyət hissini gücləndirir və mədəni fəaliyyətlərin tək bir nəfərin üzərində cəmlənməsinin qarşısını alır.
Araşdırmalar zamanı qarşımıza çıxan maraqlı məqamlardan biri də məzmunun çoxdilli təqdimatıdır. Bu yanaşma milli azlıqların sosial mediada təsir dairəsini xeyli genişləndirir. Materialların həm ana dilində, həm Azərbaycan dilində, həm də digər dillərdə paylaşılması yerli auditoriya ilə yanaşı, beynəlxalq izləyicilərə də çıxış imkanı yaradır. Bu yanaşma onların mədəniyyətlərinin də qlobal səviyyədə tanınmasına şərait yaradır.
Milli azlıqlar mədəni dəyərlərini müasir trendlərlə birləşdirməklə sosial şəbəkələrdə daha çox diqqət çəkə bilərlər. Xalça naxışları (QHT-lərə Dövlət Dəstəyi Agentliyinin köməyi ilə tat icması ilə bağlı hazırladığımız qısa film yotub, tiktok və instaqramda viral oldu), folklor motivləri (avarların musiqi səhəfiləri), yerli ləhcələr (TV-lərimizdə komediya aktyorlarının tez-tez müraciət etdiyi sahə), ənənəvi geyim və fəaliyyətlər müasir vizual üslubda, qısa və dinamik formatda təqdim edildikdə (reels videolar) daha geniş auditoriyaya çatır. Belə yanaşma ənənə ilə müasirlik arasında körpü yaradır və mədəniyyəti yaşayan dəyər kimi göstərir.
Sosial şəbəkələr azsaylı xalqlar üçün sadəcə paylaşım platforması deyil, strateji alət olmalıdır. Düzgün planlama, gənclərin fəallığı, davamlı məzmun istehsalı və müasir yanaşma sayəsində bu alət mədəni irsin qorunmasına, tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə güclü töhfə verə bilər. Bu həm də dezinformasiyanın qarşısını alar, Azərbaycanda mövcud olan sabit etnomühitə və birgəyaşayışa müsbət təsir göstərər. Prosesin multikultural subyektlər tərəfindən idarə olunması isə qeyd olunan məsələlərə ayrıca dəyər qata bilər. Bu barədə əvvəlki yazılarımda ətraflı bəhs etmişəm.

Niyaz Niftiyev
Multikulturalizm üzrə tədqiqatçı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31