"Ailə məsələsidir" deyib göz yumduqlarımız: 14 yaşlı yeniyetmənin faciəsi kimin günahıdır?
21:00 SosialBakıda cəmi 14 yaşı olan bir yeniyetmənin ana olması xəbəri son günlər cəmiyyətdə ciddi narahatlıq doğurub. Bu hadisə sadəcə növbəti bir xəbər kimi oxunub kənara qoyulacaq fakt deyil. Bu, bizi illərdir narahat etməli olan, lakin zaman-zaman üstündən keçdiyimiz dərin sosial problemin açıq göstəricisidir. Erkən yaşda analıq, uşaqların taleyinə biganə münasibət, ailə və cəmiyyət məsuliyyəti kimi anlayışlar bu hadisə fonunda bir daha gündəmə gəlir.
Belə ki, 2011-ci il təvəllüdlü yeniyetmə Bakı şəhərində yerləşən xəstəxanalardan birində qız uşağı dünyaya gətirib. Rəsmi qurumların dərhal hərəkətə keçməsi, hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət strukturlarının məsələyə müdaxilə etməsi təqdirəlayiqdir. Daxili İşlər Nazirliyinin açıqlamasında bildirildiyi kimi, fakt üzrə araşdırmalar aparılır və baş verənlərə hüquqi qiymət veriləcək. Bu, məsələnin hüquqi tərəfidir və şübhəsiz ki, vacibdir. Amma düşünürəm ki, bu hadisəyə yalnız hüquqi prizma ilə baxmaq kifayət etmir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mövqeyi də göstərir ki, məsələ dövlət səviyyəsində ciddi narahatlıq doğurur. Komitənin açıqlamasında yeniyetmənin təhlükəsizliyi, hüquqlarının qorunması və ona qarşı hər hansı qanun pozuntusuna yol verən şəxslərin məsuliyyətə cəlb olunmasının prioritet olduğu vurğulanır. Bu yanaşma düzgün və zəruridir. Lakin burada bir sual da ortaya çıxır: bu uşağın bu mərhələyə gəlib çatmasına qədər harada səhv etdik? Əsas məsuliyyəti kim daşıyır?
TƏBİB-in yaydığı tibbi məlumatlar isə hadisənin nə qədər riskli və ağır olduğunu bir daha göstərir. Yeniyetmənin kəskin sancılarla xəstəxanaya gətirilməsi, hamiləlik zamanı yaranan ağırlaşmalar, dölün distres sindromu - bütün bunlar erkən yaşda hamiləliyin sağlamlıq üçün necə ciddi təhlükələr yaratdığını açıq şəkildə ortaya qoyur. Həkimlərin peşəkar müdaxiləsi nəticəsində körpə sağlam şəkildə dünyaya gəlib, ananın vəziyyəti stabildir. Bu, işin sevindirici tərəfidir. Amma unutmamalıyıq ki, 14 yaşlı bir uşaq psixoloji, fiziki və sosial baxımdan ana olmağa hazır deyil.
Bu hadisə əslində iki uşağın taleyindən bəhs edir: biri hələ özü uşaq olan ana, digəri isə yeni dünyaya gəlmiş körpə. Onların gələcəyi yalnız tibbi müdaxilə ilə yox, uzunmüddətli sosial və psixoloji dəstək ilə təmin oluna bilər. Əks halda, bu gün müzakirə etdiyimiz problem sabah daha ağır formada qarşımıza çıxa bilər.
Məncə, bu cür hadisələr cəmiyyət üçün bir siqnal olmalıdır. Erkən nikahlar, erkən hamiləlik, uşaqların hüquqlarının pozulması kimi hallara "ailə məsələsidir" deyib göz yummaq artıq mümkün deyil. Bu, bir ailənin yox, bütün cəmiyyətin problemidir. Uşaqların taleyi susqunluğa qurban verilməməlidir.
Araşdırmalar davam edir və yəqin ki, yaxın günlərdə daha ətraflı məlumatlar açıqlanacaq. Amma istərdim ki, bu hadisə sadəcə xəbər lentində bir neçə gün müzakirə olunub unudulmasın. Əksinə, bu fakt bizi daha dərindən düşünməyə, daha ciddi addımlar atmağa vadar etsin. Çünki 14 yaşlı bir qızın ana olması təkcə onun şəxsi faciəsi deyil, bu, cəmiyyət olaraq bizim də üzləşdiyimiz acı reallıqdır.

Mövzu ilə bağlı Olaylar.az-a danışan sosioloq Naib Niftəliyev bildirib ki, ümumilikdə bu tip faktlar cəmiyyətdə mövcud olan müəyyən daxili problemlərdən xəbər verir. Bu hadisələr tək-tək və təsadüfi görünə bilər, lakin onların arxasında duran sosial, psixoloji və institusional səbəblər daha dərindir. Xüsusilə erkən nikahlarla bağlı aparılan çoxsaylı tədqiqatlar göstərir ki, problem lokal və məhdud xarakter daşımır. Qanunvericilik səviyyəsində müəyyən məhdudiyyətlər tətbiq olunsa da, ailədaxili zorakılıq, sosial nəzarətin zəifləməsi və qeyri-formal münasibətlər fonunda bu kimi halların yenə də ortaya çıxması diqqət çəkir.
Qeyd etmək lazımdır ki, konkret hadisənin hansı şəraitdə və hansı şərtlər altında baş verdiyi barədə tam məlumat olmadığı üçün onu tam şəkildə fərdiləşdirmək və konkret nəticələr çıxarmaq çətindir. Bu baxımdan hər bir fakt ayrıca qiymətləndirilməlidir. Lakin mövcud məlumatlar onu göstərir ki, faktiki olaraq yeniyetmə yaşında olan, hətta bioloji və psixoloji baxımdan tam formalaşmamış bir şəxsin, yəni 16 yaşı tamam olmamış bir fərdin ana olması faktı cəmiyyətdə ciddi suallar doğurur. Nəzərə alsaq ki, qanunvericiliyə əsasən nikah üçün minimal yaş həddi 18-dir, erkən yeniyetməlik dövründə belə halların baş verməsi həm hüquqi, həm də sosial baxımdan problemli vəziyyətdir.
Bu cür hallarda əsas suallardan biri məsuliyyət məsələsidir: bu vəziyyətin yaranmasına kim və ya kimlər səbəb olub?
Hadisə zorakılıq fonunda baş verib, yoxsa qarşılıqlı razılıq və anlaşma iddiası var?
Bu sualların cavabı hər bir konkret hadisədə ayrıca araşdırılmalıdır. Lakin səbəblərdən asılı olmayaraq, faktın özü mövcuddur və bu fakt cəmiyyətdə haqlı olaraq ciddi ictimai qınaq doğurur. Cəmiyyət bu kimi halları qəbul etmir. İnsanlar bu cür hadisələrin öz ailələrində, yaxın çevrələrində və ümumiyyətlə ictimai məkanda baş verməsini mənfi sosial hal kimi qiymətləndirir və qınayır. Bu qınaq ictimai rəyin təbii reaksiyasıdır və müəyyən mənada preventiv xarakter daşıyır. İctimai qınaq eyni zamanda belə halların normallaşdırılmasının qarşısını almağa yönəlmiş sosial mexanizmdir.
Digər tərəfdən, bu faktların şərh olunması və cəmiyyətə təqdim edilməsi də ayrıca məsələdir. Yanaşmalar sosial və psixoloji səbəblərə görə fərqli ola bilər. Sosial dinamika baxımından bu cür halların ümumi sayı azalsa da, sosial-psixoloji meyllər prizmasından baxıldıqda müəyyən artım tendensiyaları müşahidə olunur. Burada iki paralel prosesi nəzərə almaq vacibdir: bir tərəfdən erkən nikahların qarşısını almaq istiqamətində addımlar atılır, digər tərəfdən isə gözlənilmədən fərqli miqyaslarda bu tip hadisələr üzə çıxır. Səbəblərin əsas spektrinə baxdıqda, ailə və cəmiyyətin nəzarət mexanizmlərinin zəifləməsi ön plana çıxır. Sosial təsir institutlarının ailə, məktəb, icma və sosial mühitin əvvəlki qədər güclü olmaması fərdi davranışların daha sərbəst və nəzarətsiz formalaşmasına şərait yaradır. Eyni zamanda bəzi hallarda fərqli davranış meylləri ümumi ictimai qınaq mexanizmini üstələyir və fərdi motivlər kollektiv dəyərlərdən daha üstün mövqeyə keçə bilir.
Bu məsələdə məsuliyyət yalnız bir tərəfin üzərinə düşmür. Yeniyetmənin özü, valideynləri, müəllimləri, sosial mühit və onu bu vəziyyətə sürükləyən şəxs - hər kəs bu prosesdə müəyyən məsuliyyət daşıyır. Burada qarşı tərəfin yaşından asılı olmayaraq, sosial və mənəvi məsuliyyət anlayışı ön plana çıxır.
Sosioloq əlavə edib ki, media amili də xüsusi qeyd olunmalıdır. Media zorakılıq və bu tip həssas hadisələri sensasiya formasında təqdim etdikcə, istər-istəməz cəmiyyətin psixoloji həssaslıq səviyyəsi zəifləyir. Davamlı olaraq bu mövzuların dramatik və emosional formada tirajlanması sosial deqradasiya prosesini sürətləndirə bilər. Bəzən media bunu bilərəkdən, bəzən isə bilməyərəkdən edir, lakin nəticə eynidir - sosial həssaslıq azalır, hadisələr adiləşir.
Hüquqi baxımdan hadisənin cinayət tərkibi daşıyıb-daşımaması ayrıca qiymətləndirilə bilər. Lakin hüquqi məsuliyyət olmasa belə, sosial və mənəvi məsuliyyət faktı dəyişmir. Bu səbəbdən belə hallara yanaşma ehtiyatlı, ölçülü və balanslı olmalıdır.
Unutmaq olmaz ki, hər bir cəmiyyət canlı orqanizmdir və onun daxilində müəyyən qüsurlar, çatışmazlıqlar və problemlər zaman-zaman üzə çıxır. Əsas məsələ bu problemlərə necə reaksiya verilməsidir. Burada önləyici, tənzimləyici və preventiv mexanizmlərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu cür hadisələrin hamısının qarşısını almaq mümkün olmasa da, böyük əksəriyyətini önləmək real və mümkündür.
İctimai qınaq hər zaman olacaq və bu, ictimai rəyin əsas funksiyalarından biridir. Lakin qınaqla yanaşı, obyektiv və subyektiv yanaşmalar da nəzərə alınmalıdır. Məsələyə yalnız cəzalandırıcı prizmadan yox, sosial-psixoloji dəstək baxımından da yanaşmaq vacibdir. Empatiya, vəziyyətin düzgün dərk edilməsi, sosial iş mexanizmlərinin işə salınması və zərərçəkən şəxsin bu vəziyyətdən çıxarılması psixo-sosial həllin əsas elementləridir.
"Sosioloji həll baxımından isə bu tip hadisələrin dinamikası izlənməli, proqnozlaşdırılmalı və qabaqlayıcı tədbirlər planlaşdırılmalıdır. Sosial-psixoloji mexanizmlər, ailə və cəmiyyət daxilində qarşılıqlı təsir modelləri daha dərindən təhlil edilməlidir. Bu kontekstdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti qurumların daha sistemli, çevik və effektiv psixo-sosial müdaxilə planlarına ehtiyac olduğu görünür.
Mövcud mexanizmlər var, lakin görünən odur ki, onlar daha da təkmilləşdirilməlidir. Əsas məqsəd ailələrin daxili həyatına kobud müdaxilə etmədən, lakin riskli halları vaxtında müəyyən edib effektiv sosial və hüquqi tənzimləmə mexanizmləri tətbiq etməkdir. Yalnız bu halda belə xoşagəlməz və faciəvi halların qarşısını almaq mümkün olacaq," - deyə sosioloq vurğulayıb.
Lamiyə Cəbrayılova