Təhsildə "keyfiyyət filtri": Gələcəyimizi kimlərə etibar etmişik?

Son illər Azərbaycanın təhsil sistemində aparılan islahatlar cəmiyyətin ən həssas və ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Xüsusilə müəllimlərin sertifikatlaşdırılması prosesi ciddi müzakirə olunan mövzulardandır. Elm və təhsil naziri Emin Əmrullayevin açıqladığı rəqəmlər isə bu prosesin miqyasını və dərinliyini açıq şəkildə ortaya qoyur.
Nazirin sözlərinə görə, sertifikatlaşdırma çərçivəsində son illərdə 8 min müəllimin işinə xitam verilib. Bu müəllimlərin 4500-ü ibtidai sinif, 1000-i isə Azərbaycan dili müəllimi olub. Rəqəmlər sadəcə statistik göstərici deyil, eyni zamanda təhsil sisteminin illərlə yığılıb qalan problemlərinin bariz göstəricisi kimi qiymətləndirilir.

"Əsas məsələ müəllimin səriştəsidir" - Nazirliyin mövqeyi

Emin Əmrullayev açıq şəkildə bildirir ki, müəllimin bilik və bacarığı təhsilin keyfiyyətində həlledici rol oynayır. Nazir vurğulayır ki, müəllimin səriştəsi əsas meyardır və bu meyardan geri çəkilmək mümkün deyil. Onun sözlərinə görə, ölkədə mövcud müəllim kontingentinin yalnız hər 5 nəfərdən 1-i peşəkar tələblərə cavab verir.
Bu fikir təsadüfi qiymətləndirməyə əsaslanmır. Nazirlik tərəfindən təxminən 5000 müəllim arasında aparılan qiymətləndirmə nəticəsində məlum olub ki, yalnız 1000 müəllim müəyyən edilmiş peşəkar standartlara uyğun gəlir.
Sertifikatlaşdırma nəticəsində işdən azad edilən müəllimlərin böyük hissəsinin məhz ibtidai sinif müəllimləri olması xüsusi diqqət çəkir. Təhsil ekspertləri hesab edirlər ki, bu fakt təsadüfi deyil. Çünki ibtidai sinif müəllimi uşağın təhsil həyatında ilk və ən vacib fiqurdur. Oxu, yazı, məntiqi düşüncə, nitq bacarığı və hətta öyrənməyə münasibət məhz bu mərhələdə formalaşır.
Nazirliyin yanaşmasına görə, ibtidai təhsildə zəif müəllim gələcək illərdə daha böyük problemlərə yol açır. Bu səbəbdən məhz bu pillədə çalışan müəllimlərin səriştəsinə daha ciddi yanaşılır və nəticələr də daha sərt olur.
Sertifikatlaşdırma prosesində 1000 Azərbaycan dili müəlliminin işinə xitam verilməsi isə xüsusi narahatlıq doğurur. Çünki Azərbaycan dili təkcə bir fənn deyil, milli kimliyin, mədəniyyətin və düşüncə tərzinin daşıyıcısıdır.
Nazirliyin mövqeyi ondan ibarətdir ki, dili tədris edən müəllimin özü dili mükəmməl bilmirsə, bu, bütöv bir nəslin dil savadlılığına mənfi təsir göstərir. Qiymətləndirmələr zamanı dil qaydaları, mətnlə işləmə bacarığı, şagirdə fikri düzgün ötürmə qabiliyyəti əsas meyarlar kimi götürülüb.

Sertifikatlaşdırma - cəza, yoxsa təmizlənmə prosesi?

Cəmiyyətin bir hissəsi bu prosesi sərt və ədalətsiz hesab etsə də, Elm və Təhsil Nazirliyi sertifikatlaşdırmanı cəza mexanizmi deyil, keyfiyyət filtri kimi təqdim edir. Nazirlik bildirir ki, məqsəd müəllimi işdən çıxarmaq yox, təhsil sistemində real bilik və bacarığa əsaslanan mühit yaratmaqdır.
Eyni zamanda vurğulanır ki, sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərə əvvəlcədən hazırlıq imkanları, təlimlər və yenidən cəhd şansı da verilib. Yalnız bu imkanlardan sonra minimal tələbləri ödəməyən müəllimlərlə yollar ayrılıb.
8 min müəllimin işdən azad edilməsi təkcə təhsil deyil, sosial baxımdan da ciddi məsələdir. Bu insanlar illərlə məktəbdə çalışıb, bir çoxu üçün müəllimlik tək peşə mənbəyi olub. Lakin nazirliyin mövqeyi ondan ibarətdir ki, sosial məsuliyyət təhsilin keyfiyyəti hesabına olmamalıdır.
Nazir açıq şəkildə qeyd edir ki, şagirdlərin keyfiyyətli təhsil almaq hüququ müəllimin iş yerini qorumaq hüququndan üstün tutulmalıdır. Bu yanaşma müasir təhsil siyasətinin əsas prinsiplərindən biri kimi təqdim olunur.
Müəllimlərin sertifikatlaşdırılması prosesi ağrılıdır, emosionaldır və cəmiyyətdə kəskin müzakirələrə səbəb olur. Lakin açıqlanan rəqəmlər göstərir ki, problem sistemlidir və illərlə yığılıb qalan boşluqların nəticəsidir.
Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamaları bir mesaj verir: təhsil sistemində kompromis dövrü başa çatır. Bundan sonra müəllim adı yalnız diplomla deyil, real bilik, bacarıq və səriştə ilə təsdiqlənməlidir.
Bu prosesin nəticələrinin uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə necə təsir göstərəcəyi hələ qarşıdakı illərdə aydın olacaq. 

Mövzu ilə bağlı ixtisas seçimi üzrə mütəxəssis, təhsil üzrə eskpert Rizvan Fikrətoğlu Olaylar.az-a danışıb. Ekspert bildirib ki, nazirin  açıqladığı  göstəricilər müəllim heyətində ciddi peşəkarlıq probleminin mövcud olduğunu açıq şəkildə ortaya qoyur.
Ümumilikdə ibtidai sinif müəllimlərinin sayının daha çox olması da diqqət çəkən məqamlardandır. Bu fakt təhsilin ən fundamental mərhələsində, yəni ibtidai təhsildə vaxtilə ciddi boşluqların və çatışmazlıqların olduğunu göstərir. Nazirliyin mövqeyinə görə, burada əsas məsələ müəllimin seçilməsi və səriştəsidir.
4500 və 1000 kimi rəqəmlər təkcə statistik göstərici deyil, sistematik problemin açıq siqnalıdır. Peşəkar müəllim çatışmazlığı təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas amillərdən biridir və verilən mesaj da məhz bundan ibarətdir.
Sertifikatlaşdırma prosesi müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaqla yanaşı, ümumi təhsil keyfiyyətinin artırılmasına yönəlmiş ciddi addım kimi dəyərləndirilir. Eyni zamanda, yüksək sayda müəllimin sistemdən kənarlaşdırılması və uyğunluq səviyyəsinin aşağı olması müəllim hazırlığı və müəllim seçimi sistemində vaxtilə ciddi boşluqların mövcud olduğunu da göstərir.
Təhsil sistemi üçün əsas çağırış müəllim hazırlığının və peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Uzunmüddətli perspektivdə keyfiyyətli müəllim hazırlığı üçün təlimlərin, mentorluq mexanizmlərinin və davamlı qiymətləndirmə sisteminin gücləndirilməsi zəruridir.

"İbtidai sinif və Azərbaycan dili müəllimlərinin nəticələrinin daha zəif olmasının bir neçə əsas səbəbi var. Bunlardan birincisi müəllim hazırlığı və tətbiq olunan təhsil proqramlarıdır. Əvvəllər ibtidai sinif müəllimləri əsasən kolleclərdə hazırlanırdı. Kolleclərdə təhsil müddəti 11 illik baza üzrə bir il yarım, 9 illik baza üzrə isə üç il yarım idi. Burada həm təhsil müddəti, həm də verilən biliklərin keyfiyyəti ciddi suallar doğururdu.
Bu gün isə faktiki olaraq universitetlərdə belə ibtidai sinif müəllimi hazırlayan ali məktəblərin maddi-texniki və akademik bazasının zəif olduğu müşahidə olunur. Kolleclərin vəziyyəti isə daha problemlidir. Ən böyük problemlərdən biri də ibtidai sinif müəllimlərinin sayının həddindən artıq çox olması idi. Bu məsələnin tarixi kökləri də var. 1990-cı illər keçid dövrü idi, müharibə şəraiti, ağır sosial-iqtisadi vəziyyət mövcud idi. Həmin illərdə kadr seçimi çox zaman peşəkarlıq prinsipinə əsaslanmırdı. Müxtəlif ixtisas sahibləri, bəzən isə ümumiyyətlə pedaqoji hazırlığı olmayan şəxslər məktəblərə yerləşdirilirdi. Məhz bu səbəbdən problem tədricən dərinləşdi və 1990-2000-ci illərdə formalaşaraq bugünkü vəziyyətə gəlib çıxdı. Problemin kökü də məhz buradadır. Sonradan müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi və hazırda çalışan müəllimlərin sertifikatlaşdırmaya cəlb olunması bu tip halları üzə çıxardı və sistemdən uzaqlaşdırdı. Artıq həmin müəllimlər sistemdə fəaliyyət göstərmirlər, onların müəllim kimi əmək müqaviləsinə xitam verilib," - deyə təhsil eksperti qeyd edib.

Ekspertin sözlərinə görə, gələcək sertifikatlaşdırma mərhələlərinin daha çətin olacağı gözlənilir. Çünki ilkin mərhələdə keçirilən sertifikatlaşdırma nisbətən daha yumşaq idi. Proses göstərdi ki, yalnız standartlara cavab verən, yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlər sistemdə qalmalıdır.
Qısaca desək, müəllimlərin nəticələrinin zəif olması həm təhsil sisteminin struktur problemləri, həm də müəllim hazırlığı və motivasiyası ilə bağlıdır. Xüsusilə region universitetlərində və pedaqoji filiallarda ibtidai sinif müəllimi hazırlığında kadr və keyfiyyət problemləri hələ də qalmaqdadır.
Nazirin qeyd etdiyi "hər 5 müəllimdən yalnız biri peşəkar tələblərə cavab verir" fikri də təsadüfi deyil. Müəllimin peşəkarlıq səviyyəsi birdən-birə aşağı düşmür, bu illərlə və onilliklərlə formalaşan bir prosesdir. Əgər uzun müddət keyfiyyətli müəllim hazırlığı təmin edilməyibsə, nəticədə müəllim heyəti də zəif formalaşıb. Təhsil sistemində ciddi keyfiyyət problemləri adətən 3-4 nəsil müəllimin yetişməsi ilə ortaya çıxır. Bu da təxminən 12-16 il, bəzi hallarda isə daha uzun dövrü əhatə edir.
Hazırda pedaqoji ixtisaslarda, xüsusilə ibtidai sinif və Azərbaycan dili müəllimliyi üzrə plan yerlərinin azaldılması da keyfiyyətə yönəlik addım kimi qiymətləndirilir. Məqsəd kəmiyyət yox, keyfiyyət prinsipini əsas götürməkdir.

Ekspert vurğulayıb ki, 8 min müəllimin sistemdən kənarlaşdırılması müəllim çatışmazlığı yaratmır. Əksinə, ölkədə pedaqoji ixtisasa malik gənc mütəxəssislərin sayı kifayət qədərdir. İşdən çıxarılan müəllimlərin sayından daha çox sayda məzun mövcuddur və bu proses nəticəsində vakant yerlər açılıb, sistemə daha hazırlıqlı müəllimlər cəlb olunub.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31