.Xəzər sahillərində sükutun səsi: Ölən suitilər və yaşayan ekoloji böhran
20:14 SosialDekabrın əvvəllərindən etibarən Xəzər sahillərində narahatedici mənzərə hökm sürür: daşlıq sahillər, qamışlıq kolları və dayaz çökəkliklər boyunca suiti cəsədləri. Yerli nəzarət orqanları ilkin mərhələdə 322 cəsəd qeydə alıb. Lakin sahil xətti boyunca axtarışlar davam etdikcə, rəqəmin çox daha yüksək olduğu üzə çıxdı. Bəzi sahələrdə cəsədlərin sayının 400-dən yuxarı olduğu bildirilir.
Bu, Xəzər suitisi üçün təkcə faciə deyil; Xəzər dənizinin ekoloji sisteminin çarəsizliyini açıq göstərən bariz bir işarədir.
Rəsmi qurumların verdiyi ilkin açıqlamalar suitilərin miqrasiya dövrünə işarə edir. Bu aylarda minlərlə suiti dənizin şimal və qərb sahilləri boyunca hərəkətdə olur və onların davranışı, qidalanması, hətta tənəffüs ritmləri belə dəyişir. Müşahidələr göstərir ki, suitilər suyun dibində yerləşən təbii qaz çıxışlarının yaratdığı oksigen çatışmazlığı ilə qarşılaşa bilirlər. Bu, onların boğularaq tələf olmasına səbəb ola bilər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər: bir səbəbə bağlanmaq sadəlövh yanaşma olardı.
Son iki il ərzində aparılan tədqiqatlar göstərib ki, bir sıra suitilərdə sinir sistemi zədələyən "neuroinfeksiya" izləri aşkarlanıb. Bu, virus mənşəli ola və immuniteti zəifləyən heyvan sürülərində sürətlə yayıla bilər. Xəzərin ekosistemi son onillikdə kəskin dəyişdiyindən, suitilərin adaptasiya imkanlarının artıq tükənməyə başladığı fikri güclənir.
Ekoloqlar bildirirlər ki, su səviyyəsinin azalması, xüsusən də 2020-ci illərdən etibarən sürətlənmiş proses suitilərin məskunlaşma və çoxalma ərazilərini daraldıb. Suyun temperaturundakı artım, oksigen səviyyəsinin azalması və balıq ehtiyatlarının tükənməsi də onların həyat dövrünə mənfi təsir göstərir.
Xəzər suitisi planetdə yalnız bir yerdə - Xəzər dənizində yaşayır. Bu məməli dəniz üçün təkcə biomüxtəliflik göstəricisi deyil, həm də qida zəncirinin ən vacib həlqələrindən biridir. Suitilərin azalması balıq populyasiyalarının dinamikasını dəyişir, planktonların yayılmasına təsir edir və dəniz ekosisteminin tarazlığını pozur.
XX əsrin əvvəllərində Xəzərdə təxminən bir milyon suiti olduğu bildirilirdi. Bu gün isə onların sayı 80-100 min arasında qiymətləndirilir. Hər kütləvi tələfat hadisəsi bu populyasiyanın daha da sürətlə azalmasına səbəb olur və bərpa prosesini çətinləşdirir.
Son illər Xəzər dənizinin səviyyəsi də rekord həddə düşüb. Limanlarda gəmilər əvvəlki dayanacaqlardan uzaqlaşıb, suyun çəkilməsi ilə sahillər genişlənib, dayaz zonalar daha geniş əraziləri əhatə edir. Bu dəyişikliklər yalnız iqtisadi nəticələr yaratmır; dəniz canlıları üçün ölü zonalar formalaşır. Suitilər, xüsusən də balası olan dişilər, dayaz sahillərdə istirahətə çıxır və burada daha zəif və müdafiəsiz olurlar. Suyun geri çəkilməsi onların ənənəvi məskənlərini dağıtdığından, hər il növbəti sürülərin daha uzaqlara getməsi, daha dərin sularda çimməsi tələb olunur. Bu yüklənmə onların immunitetini zəiflədir və xəstəliklərə həssaslığını artırır.
Xəzər dənizini çirkləndirən çoxsaylı mənbələr var: sənaye tullantıları, neft-qaz hasilatı, gəmiçilik və məişət çirkabları. Bu çirklənmə suitilərin qidalandığı balıq növlərini və onların sağlamlığını sarsıdır.
Bir çox ekoloqlar bildirir ki, bu gün Xəzərdə suitilərin vəziyyəti dənizin "ekoloji göstəricisidir". Əgər onlar tələf olursa, deməli, ekosistemin digər hissələri də təhlükə altındadır.
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Olaylar.az-a danışıb. Ekoloq bildirib ki, Xəzər suitilərinin son illər ərzində sürətlə azalması və kütləvi şəkildə məhv olması təkcə mətbuatın deyil, ekologiya sahəsində çalışan mütəxəssislərin, bioloqların, ekoloqların, ümumiyyətlə, region dövlətlərinin də diqqətində olan ən ciddi ekoloji problemlərdən birinə çevrilib. Əslində, bu proses uzun illərdir hiss edilirdi, lakin son hadisələr bu azalmanın kritik bir mərhələyə qədəm qoyduğunu göstərir. Suitilərin hər kütləvi ölümü xəbəri həm elmi ictimaiyyəti, həm də ətraf mühit mövzularına həssas olan insanları narahat edir. Çünki suitilərin taleyi tək bir canlı növünün yox olması deyil, bütün Xəzər ekosisteminin gələcəyinə dair ciddi xəbərdarlıqdır. Bu populyasiya tamamilə yox olarsa, bu, təkcə region üçün deyil, həm də dünya üçün böyük ekoloji və elmi itki olacaq.
"Əslində, Xəzər dənizində təkcə suitilər deyil, bir çox digər canlı və balıq növləri də ya tamamilə məhv olub, ya da ciddi şəkildə tükənmək təhlükəsi ilə üz-üzədir. Keçmişdə Xəzərdə bol şəkildə rast gəlinən nərə balığı, kütüm, kefal kimi növlərin də sayı dramatik şəkildə azalıb. Xəbərlərdə hər dəfə bu məzmunda bir məlumat yayılanda insanlar bir daha anlayır ki, Xəzərin bioloji müxtəlifliyi sanki sakit və görünməyən şəkildə əldən gedir. Bu prosesin durdurulmaması yalnız bir növün deyil, bütöv bir ekoloji zəncirin sıradan çıxması deməkdir. Xəzər suitilərinin son kütləvi ölümü ilə bağlı məlumatı eşitdiyim zaman yenidən çox üzüldüm. Bu xəbərlər, təəssüf ki, heç kəsi sevindirmir və ekosistemdə gedən tənəzzülün davam etdiyini göstərir," - deyə ekoloq əlavə edib.
Q. İbrahimli qeyd edib ki, məsələnin iqlim dəyişiklikləri ilə əlaqələndirilməsi isə inandırıcı görünmür. Bəli, iqlim dəyişikliyi bütün planetdə su hövzələrinə, canlıların yaşayış mühitinə təsir edir. Lakin Xəzər dənizinin xüsusiyyətlərini, burada yaşayan suitilərin biologiyasını nəzərə alsaq, iqlim dəyişikliyi onların belə kütləvi şəkildə qırılmasına səbəb ola biləcək əsas faktor kimi görünmür. Suitilər həm isti, həm də soyuq mövsümlərdə uyğunlaşma qabiliyyəti olan canlılardır və Xəzərin temperatur rejimi onların bioloji davamlılığını kəskin şəkildə dağıdacaq səviyyədə dəyişməyib. Eyni zamanda Xəzər dənizinin səviyyəsinin azalması da bu kütləvi ölümü tam izah etmir. Səviyyə aşağı düşdükcə bəzi sahil zonaları darala bilər, bəzi qida mənbələri azalır, lakin bu proses suitilərin birdən-birə belə intensiv qırılmasına səbəb ola biləcək faktor deyil.
Ekspertin fikrincə, bu məsələyə Xəzəryanı beş dövlət - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan birgə şəkildə yanaşmalıdır. Çünki Xəzər dənizi paylaşılmış su hövzəsidir və burada baş verən hər bir ekoloji problem regional məsuliyyət tələb edir. Suitilərin ölümü ayrıca bir ölkənin deyil, bütöv Xəzər regionunun problemidir. Buna görə də hər beş dövlətin elmi və ekoloji qurumlarının bir araya gəlməsi, müştərək tədqiqat mərkəzləri yaratması, məlumat mübadiləsi aparması, dənizdə monitorinqləri koordinasiyalı şəkildə həyata keçirməsi son dərəcə vacibdir. Burada bioloqlar, zooloqlar, dəniz ekosistemi üzrə mütəxəssislər, geoloqlar və akustik təsirləri ölçən mütəxəssislər də işin içində olmalıdır.
Bir ekoloq mütəxəssis kimi deyə bilərəm ki, bu prosesin səbəbləri elmi və praktiki araşdırmalar olmadan müəyyən edilə bilməz. Yəni sadəcə fərziyyələrə əsaslanmaq problemi həll etmir. Bizim bildiklərimiz yalnız müşahidələrə və ehtimallara əsaslanır. Bu gün suitilərin ölümü həm xəstəlik faktorları, həm suyun çirklənməsi, həm də mexaniki, kimyəvi və akustik təsirlər daxil olmaqla çoxsaylı səbəblərdən qaynaqlana bilər. Bütün bu ehtimallar amansız dəqiqliklə araşdırılmalıdır.
"Mən daha çox ehtimal edirəm ki, suitilərin məhv olması Xəzərdə aparılan genişmiqyaslı geoloji, seysmik və qazıntı işləri ilə bağlıdır. Son iyirmi ildə Xəzər dənizində enerji layihələri, neft-qaz qazıntıları, dəniz yataqlarının işlənməsi böyük sürətlə artıb. Bu dövrdən etibarən suitilərin populyasiyasının azalma ilə qarşılaşması təsadüfi deyil. Dənizdə aparılan geoloji işlər zamanı yerin dərin qatlarına göndərilən seysmik siqnallar, yüksək səviyyəli akustik dalğalar, vibrasiyalar və müxtəlif texnoloji proseslər sualtı canlıların yön tapma qabiliyyətinə, qida davranışına, naviqasiya sisteminə ciddi təsir göstərə bilər. Suitilər çox həssas eşitmə sisteminə malikdirlər və səs-küyün yüksək olduğu zaman öz davranışlarını itirə, stressə məruz qala, qida tapmaqda çətinlik çəkə bilərlər. Suyun altındakı bu siqnalların suitilərə təsirinin nə qədər güclü olduğu isə hələlik ölçülməyib və bu, çox ciddi boşluqdur.
Buna görə də həm laborator şəraitdə, həm də real dəniz şəraitində geniş tədqiqatlar aparılmalıdır. Xüsusilə, seysmik kəşfiyyat zamanı buraxılan aşağı tezlikli və yüksək güclü dalğaların suitilərin fizioloji və davranış reaksiyalarına necə təsir etdiyi ölçülməlidir. Bunun üçün xüsusi sualtı monitorinq cihazları, hidrofonlar və videomüşahidə sistemləri quraşdırılmalıdır. Eyni zamanda Xəzərdə çirklənmə səviyyələri, ağır metalların və kimyəvi maddələrin suitilərin orqanizmində yaratdığı dəyişikliklər də araşdırılmalıdır. Bu sahədə ciddi investisiya tələb olunur və bu məsrəf bir və ya iki ölkənin deyil, bütün regionun üzərinə düşür," - deyə ekoloq vurğulayıb.
Qorxmaz İbrahimli əlavə edib ki, Xəzəryanı dövlətlər bu məsələyə yalnız ekoloji məsələ kimi yox, həm də regional təhlükəsizlik və ekoloji davamlılıq məsələsi kimi yanaşmalıdır. Suitilərin yox olması Xəzərin qida zəncirinə, balıqların çoxalmasına, ümumi ekosistemin sabitliyinə ciddi zərbə vurur. Buna görə də vəziyyət təcili müdaxilə tələb edir.
Nəticə olaraq, bu prosesin qarşısını almaq üçün koordinasiyalı elmi araşdırmalar, dövlətlərarası əməkdaşlıq, dənizdə aparılan sənaye və texnoloji işlərin ekoloji təsirlərinin təkrar qiymətləndirilməsi və uzunmüddətli monitorinq sisteminin qurulması həyati əhəmiyyət daşıyır. Xəzər dənizi bütün region dövlətləri üçün ortaq sərvətdir və burada baş verən hər bir itki ortaq məsuliyyət tələb edir. Dövlətlər bu məsələni prioritet kimi qəbul etməli, geniş və səmərəli tədbirlər paketi hazırlamalıdırlar.
Bu son faciə Rusiya sahillərində müşahidə olunsa da, suitilərin tələfatı bütün Xəzər regionunda təkrarlanır. Son illərdə Qazaxıstan, Azərbaycan və Türkmənistan sahillərində də suitilərin toplu şəkildə öldüyü qeydə alınıb. Bu, regional problem deyil, bütöv Xəzər ekosisteminin böhranıdır.
Suitilərin kütləvi ölümü təkcə bir bioloji hadisə deyil. Bu, Xəzər dənizinin səssiz fəryadıdır. Dəniz daralır, suyu azalır, həyatı zəifləyir və bu əvvəlcə ən həssas canlılarda, yerlərini asan itirən məməlilərdə özünü göstərir.
Bu faciə bir xəbərdarlıqdır: Əgər indi müdaxilə edilməsə, Xəzər dənizi yaxın onilliklərdə öz təbiətini, biomüxtəlifliyini və tarixini geri dönüşsüz şəkildə itirə bilər.
Lamiyə Cəbrayılova