Trampdan Netanyahuna İran sözü-Vaşinqton Tehranla uran sövdələşməsinə getməyəcək
10:54 DünyaYaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İsrail arasında İranla bağlı gizli razılaşmanın detalları üzə çıxıb.
Musavat.com xəbər verir ki, İsrailin "13-cü kanal"ının yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuna şəxsən söz verib ki, Vaşinqton zənginləşdirilmiş uran məsələsində Tehranla heç bir kompromisə getməyəcək.
İsrail tərəfi Trampın İranla danışıqlar masasında qəbul edəcəyi qərarları diqqətlə izləyir. Telekanalın məlumatına görə, İsrail ordusu (SAXAL) və kəşfiyyatı (Mossad) Netanyahuya İranla bağlı daha sərt mövqe nümayiş etdirməyi tövsiyə edib. SAXAL generalları hesab edirlər ki, İranın hazırkı zəifləmiş hərbi potensialı zərbələrin bərpa edilməsi və "missiyanın tamamlanması" üçün unikal bir "operativ imkan" yaradıb. Mossad rəhbərliyi isə daha irəli gedərək, yeni və genişmiqyaslı bir müharibənin İran rejiminin süqutunu sürətləndirə biləcəyi qənaətindədir. Mənbə qeyd edir ki, rəsmi Təl-Əviv Vaşinqtonu hərbi eskalasiyaya sövq edirmiş kimi görünməmək üçün "panika" görüntüsü yaratmamağa çalışır, lakin pərdəarxası danışıqlarda İranın nüvə proqramını tamamilə dayandırmaq üçün hərbi variantı masada saxlayır.
Trampın bu qətiyyətli vədi regionda yeni bir böyük qarşıdurmanın başlaya biləcəyinə dair siqnalları gücləndirir. Hazırda dünya birliyi Tehranın bu hədələrə və ABŞ-İsrail ittifaqının yeni strateji kursuna verəcəyi reaksiyanı narahatlıqla gözləyir.