Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan möhkəm dövlətçilik ənənələrinə malik ölkəyə çevrilib – Şərh
10:46 SiyasətÜmummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan təkcə müstəqilliyini bərpa etməklə kifayətlənməyib, həm də möhkəm dövlətçilik ənənələrinə malik güclü və dayanıqlı dövlətə çevrilib.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatl Şahin Seyidzadə deyib.
Millət vəkili xatırladıb ki, XX əsrin ikinci yarısında Azərbaycan keçmiş sovet sisteminin tərkibində fəaliyyət göstərsə də, milli maraqların qorunması və gələcək müstəqilliyin təmin olunması baxımından ciddi çağırışlarla üz-üzə idi:
"1969-cu ildə Heydər Əliyevin respublika rəhbərliyinə irəli çəkilməsi ilə ölkənin həyatında dönüş yarandı. O, mövcud ideoloji məhdudiyyətlərə baxmayaraq, milli inkişaf strategiyasını formalaşdırmağa və həyata keçirməyə başladı. Bu strategiyanın əsas məqsədi Azərbaycanın iqtisadi, sosial və mədəni potensialını gücləndirmək, eyni zamanda milli özünüdərk hissini möhkəmləndirmək idi.
1970-1980-ci illər ərzində həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoydu. Sənaye sahəsində aparılan islahatlar ölkənin iqtisadi strukturunu köklü şəkildə dəyişdirdi. Neft-kimya, maşınqayırma, metallurgiya, energetika və digər sahələrdə yaradılan iri müəssisələr respublikanın iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırdı. Bakı, Sumqayıt və Gəncə kimi şəhərlər müasir sənaye mərkəzlərinə çevrildi. Bu dövrdə yaradılmış istehsal infrastrukturu sonradan müstəqil Azərbaycanın iqtisadi dayanıqlığının əsasını təşkil etdi.
Energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələr də xüsusi əhəmiyyət kəsb edirdi. Yeni elektrik stansiyalarının tikilməsi, enerji sisteminin modernləşdirilməsi və nəqliyyat şəbəkəsinin genişləndirilməsi ölkənin iqtisadi inteqrasiyasını gücləndirdi. Bu infrastruktur gələcəkdə Azərbaycanın beynəlxalq iqtisadi layihələrdə fəal iştirakına imkan yaratdı və ölkənin strateji əhəmiyyətini artırdı.
Heydər Əliyevin siyasətində milli-mənəvi dəyərlərin qorunması mühüm yer tuturdu. O, yaxşı anlayırdı ki, milli kimliyin qorunması güclü dövlət quruculuğunun əsas şərtlərindən biridir. Buna görə də Azərbaycan dilinin inkişafı, mədəni irsin qorunması və milli ənənələrin yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Onun təşəbbüsü ilə Azərbaycan dili dövlət idarəçiliyində daha geniş tətbiq olunmağa başladı və bu, milli özünüdərkin möhkəmlənməsinə güclü təkan verdi.
1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması bu istiqamətdə atılmış mühüm addımlardan biri idi. Bu qərar o dövrün ideoloji şərtləri nəzərə alındıqda böyük siyasi cəsarət nümunəsi idi. Heydər Əliyevin qətiyyəti nəticəsində milli dilin hüquqi statusu qorunub saxlanıldı və bu, gələcəkdə müstəqil dövlətin dil siyasətinin əsasını təşkil etdi.
Ulu öndərin fəaliyyətində kadr siyasəti də mühüm yer tuturdu. O, yüksək ixtisaslı milli kadrların hazırlanmasına xüsusi diqqət yetirir, gənclərin nüfuzlu ali təhsil müəssisələrində oxumasına şərait yaradırdı. Bu siyasət nəticəsində müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər yetişdi və onlar sonradan müstəqil Azərbaycanın inkişafında aparıcı rol oynadılar".
Deputatın sözlərinə görə, 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik əldə etsə də, ölkədə yaranmış siyasi böhran, iqtisadi tənəzzül və hərbi münaqişələr vəziyyəti son dərəcə gərginləşdirmişdi:
"Dövlət institutlarının zəifləməsi, qanunçuluğun pozulması və vətəndaş qarşıdurması ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi zərurət idi. 1993-cü ildə onun siyasi rəhbərliyə qayıdışı ilə Azərbaycanda sabitliyin bərpası istiqamətində mühüm addımlar atıldı. Qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, dövlət idarəçiliyində nizam-intizamın təmin olunması və ictimai-siyasi sabitliyin bərpası qısa müddətdə öz müsbət nəticələrini verdi. Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas edildi və inkişaf üçün əlverişli şərait yaradıldı.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar Azərbaycanın demokratik dövlət kimi formalaşmasında mühüm rol oynadı. 1995-ci ildə qəbul edilən Konstitusiya ölkənin hüquqi əsaslarını müəyyənləşdirdi və insan hüquq və azadlıqlarının təminatını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Bu sənəd hüquqi dövlət quruculuğunun təməlini qoydu.
Milli parlamentarizm ənənələrinin formalaşdırılması da ulu öndərin xidmətləri sırasında xüsusi yer tutur. Demokratik seçkilər əsasında formalaşan Milli Məclis ölkənin qanunvericilik sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. Qəbul edilən qanunlar iqtisadi islahatların həyata keçirilməsinə, sosial rifahın yüksəldilməsinə və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına xidmət etdi.
Xarici siyasət sahəsində həyata keçirilən balanslaşdırılmış kurs Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici investisiyaların cəlb olunması və enerji layihələrinin reallaşdırılması ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Azərbaycan regionda etibarlı tərəfdaş kimi tanındı və beynəlxalq nüfuzu artdı".
Ş.Seyidzadə əlavə edib ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər - iqtisadi inkişaf, siyasi sabitlik və beynəlxalq nüfuz - Heydər Əliyevin müəyyən etdiyi strateji kursun nəticəsidir.
"Bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müasir Azərbaycan güclü iqtisadi potensiala malik olmaqla yanaşı, regional və qlobal proseslərdə fəal iştirak edən müstəqil dövlətdir. Nəticə etibarilə, Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan tarixində yeni bir epoxanın başlanğıcını qoymuşdur. Onun yaratdığı möhkəm dövlətçilik təməli, formalaşdırdığı milli ideologiya və müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkənin tərəqqisinin əsas dayağıdır. Azərbaycan xalqı bu zəngin siyasi irsə arxalanaraq gələcəyə inamla addımlayır, müstəqil dövlətini daha da gücləndirir və beynəlxalq aləmdə öz layiqli yerini möhkəmləndirir", - deyə o sözünü yekunlaşdırıb.