“Elə bir dövrdə yaşayırıq ki, artıq hər damlanın qədrini bilməliyik”-Ekoloq- ÖZƏL
13 Noyabr 2025 12:08 SosialQlobal iqlim dəyişikliyinin fəsadları artıq hər gün real həyatımıza təsir etməyə başlayıb. Mütəxəssislərin hesablamalarına görə, 2023-cü il son 100 ilin ən isti ili olub. Həmin ilin may ayında planetdə rekord istilər qeydə alınıb. Qlobal istiləşmə dövründə müşahidə olunan ən böyük problemlərdən biri də su çatışmazlığıdır.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Olaylar.az-a bildirib ki, su qıtlğına təsir edən əsas faktorlardan biri dünya əhalisinin artmasıdır: "Son 30 ildə Yaxın və Orta Şərqdə, o cümlədən İranda əhali artıb. Əhalinin artması kənd təsərrüfatı sahələrini genişləndirib. Çaylardan götürülən suvarma suyunun miqdarı kəskin artıb. Çaylar üzərində çoxlu bu bəndləri və su elektirik stansiyaları tikilib. İranın təbii sərvətləri zəngindir, ancaq tükənməz deyil. İsrafçılıq da su çatışmazlığının artmasına səbəb olub. Tərslikdən yaşadığımız coğrafiyada quraqlıq hökm sürür. İllərdir yağlıntı normadan az düşür. Bu da çayların, göllərin, yeraltı suların qidalanmasını azaldır".
Bu günlərdə məlumat yayıldı ki, paytaxt Tehranda 2 həftəlik içməli su ehtiyatı qalıb. Buna səbəb yağıntının normadan az düşməsi göstərilir. İran prezidenti Məsud Pezeşkian su qıtlığı təhlükəsinin qonşu ölkələri də etkiləyəcəyini bildirib.
Elman Cəfərli bildirib ki, su çatışmazlığı daha çox İran üçün problemlər yaradacaq:
"İranla Azərbaycan arasında transərhəd çay Araz çayıdır. Arazla bağlı iki ölkə arasında heç zaman mübahisə olmayıb. İranın su qıtlığı yaşayan bölgələri daha çox paytaxt və cənub regionlarıdır. Tehran həddindən artıq yüklənmə səbəbindən su çatışmazlığı yaşayır. Məsud Pezeşkian Bakıda səfərdə olanda "əhalinin çoxu burda yaşayır ki" deyə təəccübünü ifadə etdi. Lakin xaotik urbanizasiya daha çox İranın Tehran, Məşhəd kimi şəhərlərində müşahidə olunur. İranda su qıtlığından çıxış yolu ilk növbədə qənaət, ağıllı su idarəetməsinə keçid, səmərəli suvarma metodlarının tətbiqindən keçir. İran neft və qazla zəngin ölkədir. Neftdən gələn gəlirləri Yaxın Şərqdə terroru yayan proksi qüvvələrin saxlanmasına xərcləyincə, modern su texnologiyalarının tətbiqinə xərcləsinlər. İranın cənub sərhədində bizim Kəngər körfəzi adlandırdığımız Fars körfəzi var. Dəniz suyunun duzsuzlaşdırılması layihələrinə vəsait ayırsınlar".
Ekoloq hesab edir ki, qlobal iqlim dəyişikliyinin hər gün fəsadlar yaratdığı günümüzdə bütün ölkələr ağıllı ekoloji texnologiyalar tətbiq etməlidir: "Rəsmi qurumların hesabatına görə, Azərbaycanda su ehtiyatları 2020-2050-ci illərdə 20-25 %, 2070-2100-cü illərdə isə 30-35 % azalacaq. Məlumatda bildirilir ki, ölkəmizin malik olduğu 30 milyard kubmetr yerüstü su ehtiyatlarının yalnız 30 %-i ölkə ərazisində formalaşır. 70 %-i isə transsərhəd çayları hesabına formalaşır, yəni qonşu ölkələrin ərazilərindən daxil olur. Dəniz suyunun duzsuzlaşdırılması ideyası bizdə də var və uyğun layihələr həyata keçirilir. Lakin Xəzərin səviyyəsinin aşağı düşdüyü dövrdə yaşayırıq. O üzdən Xəzər sahilində bu cür müəssisələrin qurulması iqtisadi baxımdan səmərəli olmaya bilər. Biz daha çox ağıllı su idarəetməsinə keçməli, modern suvarma texnologiyalarının tətbiqinə çalışmalı, ən əsası içməli suya qənaət etməliyik. Yaxşı olar ki, paytaxt Bakı və digəriiri şəhərlərdə tullantı sularının təkrar emalı, yağış suyunun depolanması layihələri həyata keçirilsin. Bu sudan avtoyumada, yaşıllaşdırmada istifafə oluna bilər. Hazırkı dövrdə evlərimizə verilən içməli suyun avtoyuma müəssisələrində istifadəsi yolveirlməzdir. Elə bir dövrdə yaşayırıqı ki, artıq hər damlanın qədrini bilməliyik".
İBRAHİM MƏMMƏDLİ