Uşaqlar vasitəsilə məşhurluq qazanmaq: Sosial şəbəkələrin görünməyən faciəsi
19:54 SosialSon illərdə sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İnsanlar burada öz həyatlarındakı kiçik anları paylaşır, sevincləri, uğurları və hətta gündəlik rutinlərini izləyiciləri ilə bölüşürlər. Bu platformaların bir tərəfi isə uşaqları da diqqət mərkəzinə gətirir. Videolarda valideynləri ilə birlikdə görünən, gülüşləri ilə izləyicilərin qəlbini fəth edən uşaqların sayı hər gün artır. Müsbət tərəfdən baxdıqda, bu cür paylaşımlar bir çox faydalı imkanlar da yaradır. Düşünürəm ki, uşaqlar sosial mühitlə erkən yaşda tanış olur, özlərini ifadə etmə bacarıqlarını inkişaf etdirir və bəzən təbii olaraq kreativliklərini nümayiş etdirirlər. Valideynlər üçün bu, həm də uşaqla keyfiyyətli vaxt keçirməyin, xoş xatirələr yaratmağın bir yoludur. Bəzi valideynlər uşaqları ilə birlikdə hazırladıqları əyləncəli videolar vasitəsilə həm uşağın sosial bacarıqlarını dəstəkləyir, həm də ailə içi ünsiyyəti gücləndirirlər.
Amma burada diqqət edilməli vacib bir məqam var. Sosial şəbəkələr yalnız gözəl anlar təqdim etmir. Canlı yayımlar və reklam videoları vasitəsilə uşaqlar bəzən yaşına uyğun olmayan məzmuna məruz qalır, hətta öz iradələrindən asılı olmayaraq böyüklərin dünyasına erkən addım atırlar. Uşaqların şəkil və videolarının onların öz razılığı olmadan paylaşılması müəyyən hallarda qanunla tənzimlənmiş hüquqların pozulması deməkdir. Uşaq öz hüquqlarını müdafiə etmək imkanına malik olmadığı üçün, paylaşım onun şəxsi həyatına müdaxilə sayıla bilər. Bu vəziyyət, uşağın gələcəkdə öz məxfiliyini qorumaq imkanlarını da məhdudlaşdıra bilər. Məncə etik və sosial baxımdan da problemlər mövcuddur. Uşaqlar izləyici toplamaq üçün şou elementlərinin bir parçasına çevrilir. Onların gündəlik həyatları, gülüşləri və reaksiyaları izləyicilər üçün "əyləncə" materialına çevrilir, amma bu uşaqların öz seçimi olmadan baş verir.
Digər bir ciddi məsələ, uşaqların şəxsi məlumatlarının təhlükəsizliyidir. Sosial şəbəkələrdə ad, yaş, məktəb və hətta yaşadıqları yer kimi məlumatlar paylaşılarsa, bu onların təhlükəsizlik riski ilə üz-üzə qalmasına səbəb olur. Məncə bu kibertəhlükəsizlik baxımından və gələcəkdə fərdi məxfiliyin qorunması baxımından bu, böyük əhəmiyyət kəsb edir. Reklam və kommersiya kontentində də uşaqların iştirakı diqqət tələb edir. Bir çox valideyn izləyici sayı və bəyənmə motivi ilə uşaqları reklam videolarına və sponsorlu layihələrə cəlb edir. Burada uşaq tamamilə öz iradəsindən kənar rol oynayır və sosial şəbəkələrdə "işçi" kimi təqdim olunur. Düşünürəm ki, uşaqların sosial şəbəkələrdə görünməsi onların gələcəkdə internetdə qalıcı iz buraxması təhsil, sosial münasibətlər və karyera seçimlərini məhdudlaşdıra bilər.

Bu mövzuda düşünəndə sadəcə uşaqların sosial mediada görünməsinin gündəlik həyatımıza təsirini deyil, həm də hüquqi tərəflərini nəzərdən keçirmək vacibdir. Çünki uşaqların görüntülərinin paylaşılması yalnız əyləncə və izləyici toplamaq məsələsi deyil, onların hüquqları və təhlükəsizliyi baxımından ciddi əhəmiyyət daşıyır. Mövzu ilə bağlı hüquqşünas Vamiq Şükürov Olaylar.az-a açıqlama verib:
"Bəli, İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsi bu hallara birbaşa hüquqi qiymət verilməsi üçün əsas yaradır. Sualda qeyd olunan vəziyyət- uşağın sosial şəbəkələrdə "şou"ya, "canlı yayıma" cəlb olunması, izləyici və gəlir toplamaq üçün nümayiş etdirilməsi uşağın təlim-tərbiyəsi üzrə vəzifələrin valideyn tərəfindən lazımi qaydada yerinə yetirilməməsi kimi qiymətləndirilə bilər. Maddə 189-un tətbiqi baxımından əsas hüquqi arqument: Valideynin vəzifəsi yalnız uşağa yemək və geyim təmin etmək deyil, həm də onun mənəvi, psixoloji və sosial inkişafını qorumaqdır (Ailə Məcəlləsi, maddə 54).
Uşağın sosial şəbəkələrdə reytinq, gəlir və ya diqqət qazanmaq üçün istismarı onun psixikasına və mənəvi inkişafına zərər vurur. Bu halda, valideyn uşağın tərbiyə və təlim vəzifəsini "lazımınca yerinə yetirməmiş" sayılır, çünki uşaq zərərli mühitə məruz qalır və mənfi nümunə formalaşır.
Əgər uşaq sosial mediada alçaldıcı, aqressiv, cinsi və ya qeyri-etik məzmunlarda iştirak edirsə, emosional təzyiqə, tamaşaçı qarşısında məsxərəyə, təhqirə və ya istismara məruz qalırsa və valideyn bu hərəkətləri dayandırmaq əvəzinə təşviq edir və ya buna şərait yaradırsa, onda İXM-nin 189.1-ci maddəsi tətbiq edilə bilər: Valideynə xəbərdarlıq edilir və ya 40-60 manat miqdarında inzibati cərimə tətbiq olunur.
Əgər uşağın sosial şəbəkələrdə iştirakı nəticəsində: onun şərəf və ləyaqəti alçaldılıbsa, şəxsi həyatı barədə məlumatlar yayılıbsa, yaxud psixoloji travma yaranıbsa, onda məsuliyyət yalnız 189-cu maddə ilə məhdudlaşmır, bu halda həmçinin "Uşaq hüquqları haqqında Qanun"un 11 və 12-ci maddələri və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanun"un 13-cü maddəsi də tətbiq olunur".
Bu mövzu yalnız hüquqi baxımdan deyil, eyni zamanda psixoloji tərəfdən də diqqətlə qiymətləndirilməlidir. Çünki uşaqların sosial mediada görünməsi onların hüquqlarını qorumaqla yanaşı, daxili dünyasına, emosional vəziyyətinə və inkişafına da təsir göstərir.

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva Olaylar.az-a açıqlama verib:
"Uşaqların "qanı qara", "əhvalı olmadığı zaman" ətrafında olan anası, nənəsi və ya başqa biri "dayan videonu çəkim, paylaşım, qoy hamı səni görsün" dediyimiz halda, biz qarşımızdakı uşağa artıq əhvalın olmasa da, qanın qara olsa da, yenə də gülümsə ki, qoy hər kəs səni yaxşı görsün, səni hər kəs bəyənsin deyirik. Bir növ, uşağa biz həmin anda onun duyğusunu unutmasını və cəmiyyətə, insanlara uyğun davranmasını öyrədirik.
Uşağın izləyici toplamaq üçün canlı yayımlarda iştirak etməsi gələcəkdə hansı davranış problemlərinə səbəb ola bilər. Uşaqlar əgər fenomen olarsa, çox vaxt valideynlər və uşaq arasında balans pozulur, uşaq özünü böyük kimi aparır və valideynlərdə aqressiya yaranır. Aqressiya yarandığı üçün çatışma baş verə bilir. Biz uşağımızı trenddə qalmaq, daha məşhur olmaq, daha tanınmaq üçün onun simasından istifadə edərək onu başqalarının diqqətini çəkmək üçün istifadə etmiş oluruq. Uşaq artıq hər daim diqqət mərkəzində olmağa öyrənir. Yəni, "mən diqqət mərkəzində olmalıyam, hər kəs məni bəyənməlidir, hər kəs məni görməlidir". Diqqət mərkəzində olmadığı anda avtomatik gərginlik yarana bilər və bu, aqressiyaya çevrilə bilər. "Mən bəyənilmirəm, niyə sevilmirəm?" düşüncəsi formalaşa bilər. "Mən bəyənilməliyəm, sevilməliyəm" kimi eqoist bir durum yarada bilər. Canlı yayım zamanı uşaqlara qarşı verilən negativ rəylər də uşağın formalaşan şəxsiyyətinə, inamına və özünə güvəninə mənfi təsir göstərə bilər. Həmçinin valideynləri haqqında deyilən fikirlər də uşaqda aqressiya yarada bilər. Gələcəkdə uşaq ya özünə qapanar, ya insanlara qarşı aqressiv olar, ya da sərt fikir ifadə etdikdə onlarla mübahisə edəcək həddə qədər gəlib çata bilər.
Ən önəmlisi, uşağı canlı yayımlarda istifadə edərkən onun yalnız trenddə olmaq istifadə etməkdir. Uşaq özünü böyük kimi formalaşdırır, valideynlə uşaq arasındakı obraz yer dəyişir. Uşaq sosial şəbəkələrdə təsadüfi olaraq göstərildiyi zaman, əgər uşağın şəxsiyyətinə və mənafeyinə zərər verirsə, sözsüz ki, zərər olacaq. Əgər zərər yoxdursa və paylaşımlar nəzarət altındadırsa, uşağa müsbət təsir göstərə bilər".
Beləliklə, uşaqlar vasitəsilə məşhurluq qazanmaq sosial şəbəkələrin görünməyən faciəsini ortaya qoyur: bir tərəfdən uşaqlar kreativliklərini göstərir və sosial bacarıqlarını inkişaf etdirir, digər tərəfdən isə hüquqları, təhlükəsizliyi və psixoloji sağlamlıqları risk altına düşür. Valideynlərin diqqətli yanaşması, nəzarət və balans uşaqların həm qorunması, həm də düzgün inkişafı üçün vacibdir. Sosial media yalnız əyləncə deyil, həm də məsuliyyət tələb edən bir sahədir.
Sosial şəbəkələrdən düzgün və məsuliyyətli istifadə uşaqlar üçün həm öyrədici, həm də inkişaf etdirici mühit yarada bilər. Burada əsas məsələ valideynlərin diqqətli olmasıdır uşağın yaşına uyğun məzmun seçmək, şəxsi məlumatlarını qorumaq və onları izləyici sayı və bəyənmələrlə ölçməmək vacibdir. Valideynlərin rolu uşaqları sadəcə izləyici və "məşhurluq obyekti" kimi təqdim etməkdən uzaq olmalı, onların hüquqlarını qoruyaraq və sosial şəbəkələrdən faydalı şəkildə istifadə etmələrini təmin etməlidir.
Zeynəb Mustafazadə