Rəqəmsal dövrdə dil transformasiyası: təhlükə, yoxsa inkişaf?
21:40 SosialDilçi alim: "Sosial mediada yaranan ifadələrin istifadəsi təbii nitq prosesidir, amma alınma sözlərin çoxluğu dil mədəniyyətini zəiflədir"
Müasir dövr texnologiyanın və rəqəmsallaşmanın hökm sürdüyü bir əsrdir. Bu dəyişikliklər həyatın bütün sahələrinə, təhsildən tutmuş mədəniyyətə, ünsiyyətdən düşüncə tərzinə qədər təsir göstərməkdədir. Xüsusilə son onilliklərdə sosial media insanların gündəlik həyatının, informasiya mübadiləsinin və münasibətlərin qurulmasının əsas vasitəsinə çevrilib. Sosial medianın təsiri ilə yaranan yeni ünsiyyət formaları isə ən çox gənc nəslin dilində öz əksini tapır. Onların gündəlik danışığında, mesajlaşmalarında, paylaşımlarında və hətta bir-birilə ünsiyyətində istifadə etdikləri yeni sözlər, ifadələr və abreviaturalar artıq dilin ayrılmaz hissəsinə çevrilməkdədir.
Bu yeni "rəqəmsal dil" fenomeni, bir tərəfdən, müasirliyin və texnoloji inkişafın göstəricisidir, digər tərəfdən isə dilin saflığı, nəsillərarası anlaşma və milli-mənəvi dəyərlər üçün müəyyən təhlükə yarada bilir.
Sosial media platformaları - Facebook, Instagram, TikTok, X, Telegram, WhatsApp və digərləri qlobal informasiya axınını sürətləndirməklə yanaşı, dilin dəyişmə dinamikasına da ciddi təsir göstərir. Əvvəllər insanlar məktublar və ya canlı ünsiyyət vasitəsilə fikir mübadiləsi aparırdısa, indi bir cümləni, hətta bir hissi ifadə etmək üçün bir-iki simvol, emoji və ya abreviatura kifayət edir.
Bu, yazılı dilin strukturunu dəyişdirməklə yanaşı, düşüncə tərzini də formalaşdırır. Gənclər qısa, sürətli və emosiya yüklü yazışma tərzinə alışır. "LOL" (laughing out loud - ucadan gülmək), "OMG" (oh my God - ay Tanrım), "BTW" (by the way - yeri gəlmişkən) kimi qısaltmalar artıq beynəlxalq gənclik dilinin ayrılmaz hissəsidir. Azərbaycan gəncliyi də bu prosesdən kənarda qalmayıb.
Belə sözlər bəzən ünsiyyəti asanlaşdırır, səmimiyyət yaradır, lakin eyni zamanda ədəbi dilin norma və qaydalarına zidd düşür. Uzun müddətli istifadədə bu üslub dilin leksikasına, orfoqrafiyasına, qrammatikasına və tələffüzünə təsir göstərə bilər.
Gənclərin bu tip ifadələrə üstünlük verməsinin bir neçə əsas səbəbi var: Sosial mediada sürətli yazışma və informasiya axını insanların qısa və yığcam ifadə tərzinə üstünlük verməsinə səbəb olur. İngilis dili qlobal kommunikasiya vasitəsinə çevrildiyindən, onun elementləri təbii şəkildə gənclərin danışıq dilinə daxil olur. Gənclər arasında bu tip ifadələr "müasirlik", "yenilikçilik" və "daha maraqlı ünsiyyət tərzi" kimi qəbul edilir. Yəni bu, bir növ "gənclik dili" formalaşdırır. Sosial platformalarda çox vaxt keçirmək, yazılı ünsiyyətin əsas formaya çevrilməsi nəticəsində danışıqda da həmin formalar təkrarlanmağa başlayır.
Bu dil fərqliliyi, xüsusilə gənc və yaşlı nəsil arasında ünsiyyətdə müəyyən uçurum yaradır. Yaşlı insanlar üçün bu cür sözlər yad və anlaşılmaz olur, çünki onlar dilin klassik formalarına alışmışlar. Gənclərin "internet dili" ilə danışması, bəzən valideynlər və müəllimlərlə ünsiyyətdə anlaşılmazlığa səbəb olur.
Bu uçurum təkcə leksik səviyyədə deyil, həm də mədəni və düşüncə səviyyəsində özünü göstərir. Gənclər üçün qısaldılmış sözlər sadəcə rahatlıq vasitəsidir, lakin yaşlı nəsil bunu dilə və ədəbi dəyərlərə hörmətsizlik kimi qəbul edə bilər. Beləliklə, dil fərqliliyi tədricən emosional və sosial uzaqlaşma yaradır, nəticədə nəsillər arasında qarşılıqlı anlaşma zəifləyir.

Mövzu ilə bağlı Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dilçi alim Elçin İbrahimov Olaylar.az-a danışıb. O bildirib ki, bəzi sözlərin ingilis, rus və Türkiyə türkcəsindən alınaraq işlədilməsi Azərbaycan dili üçün heç bir təhdid yaratmır. Sadəcə olaraq bu, nitq prosesinin, yəni gündəlik danışıq dilinin bir qədər pozulmasıdır. Əlbəttə, arzu edilən odur ki, hər kəs saf, təmiz Azərbaycan ədəbi dilində danışsın, alınma sözlərdən və ya abreviaturalardan istifadə etməsin. Hətta sosial şəbəkələrdə, "WhatsApp" qruplarında belə düzgün, ədəbi dildə yazsınlar. Ancaq bütün bunlara baxmayaraq, bunun Azərbaycan dili üçün bir təhlükə yaratdığını düşünmürəm.
E. İbrahimovun sözlərinə görə, bununla bağlı hər hansı xüsusi tədbir görülə bilməz. Bu, təbii bir nitq prosesidir. Üstəlik, nəzərə almaq lazımdır ki, artıq gənc nəsil başqa ruhda, başqa mühitdə böyüyür. Bu, Azərbaycan dili üçün bir təhdid deyil. Çünki o sözlər Azərbaycan ədəbi dilində işlənmədiyi və ya dilimizin lüğət tərkibinə daxil olub "doğmalıq pasportu" qazanmadığı müddətcə biz onları dilimiz üçün təhlükə hesab edə bilmərik. Məsələn, əvvəllər "kvorum" sözü çox işlədilirdi. 1990-cı illərə, hətta 2000-ci illərin əvvəllərinə qədər bu söz geniş yayılmışdı. Amma zamanla "kvorum" sözü "yetərsay" ifadəsi ilə əvəz olundu və indi artıq "kvorum" işlədilmir. Yaxud bir dövr Türkiyə türkcəsinin təsiri ilə "kompüter" əvəzinə "bilgisayar" sözünü işlətmək istəyirdilər. Mənim fikrimcə, "bilgisayar" sözü əslində "kompüter"dən daha gözəldir, amma bu söz Azərbaycan dilində doğmalıq qazana bilmədi. Şəhərdə hər yerdə "kompüter təmiri", "kompüter satışı" kimi ifadələrə rast gəlirik, yəni "kompüter" sözü dilimizdə qalıb. Nə qədər çalışılsa da, "bilgisayar" dili içində yer tuta bilmədi. Deməli, bəzi alınma sözlərin dilə daxil olması təbiidir, bu, elmin və texnikanın inkişafı ilə bağlıdır. Dil "flexible", yəni elastik, dəyişkən bir sistemdir və zamanla yeni sözlər qəbul edir. Ancaq bu alınma sözlər dilin daxili normalarına uyğun şəkildə işlədilməlidir. Əgər həmin anlayışın Azərbaycan dilində düzgün qarşılığı varsa, niyə biz onun yerinə başqa dildən söz götürək? Əgər sözün Azərbaycan dilində qarşılığı yoxdursa və termin artıq beynəlxalq şəkildə qəbul olunubsa, o zaman onun dilimizdə işlədilməsi məqbuldur. Məsələn, "COVID-19" və "koronavirus" sözləri. Bunlar artıq dünya miqyasında qəbul olunmuş terminlərdir və pandemiya dövründən etibarən dilimizin lüğət tərkibinə daxil olublar. Belə nümunələr çoxdur. Mən əcnəbi sözlərin, alınmaların işlənməsinin əleyhinə deyiləm. Əksinə, bu, dilin zənginliyini göstərir. Amma həmin sözlərin Azərbaycan dilində qarşılığı olduğu halda alınmadan istifadə olunmasını doğru hesab etmirəm.
Dilçi alim bir daha vurğulayıb ki, Azərbaycan dili bu səbəblərdən təhdid altında hesab edilə bilməz. Çünki Dədə Qorquddan tutmuş, Füzuli, Nizami, Molla Pənah Vaqif kimi klassiklərin əsərlərində özünü qoruyub saxlayan bir dil bir neçə alınma sözlə zəifləyə bilməz. Bu, sadəcə nitq mədəniyyətinin pozulması məsələsidir.
"Əlbəttə, arzu edilən odur ki, istər gənclər, istər böyüklər, hər kəs doğru, ədəbi Azərbaycan dilində danışsın. Bunun da bir yolu var - mütaliə.
Biz gənclərə daha çox kitab oxumağı təlqin etməliyik. Əgər gənclər çoxlu mütaliə etsələr, zəngin söz ehtiyatına sahib olsalar, alınma və şablon sözlərdən də az istifadə edəcəklər.
Adətən gündəlik alınma sözlərdən çox istifadə edənlərin intellektual səviyyəsinə baxanda görürük ki, onların mütaliəsi zəifdir, dünya və Azərbaycan klassiklərini tanımırlar. Bu da dilin zəif işlədilməsinə gətirib çıxarır," - deyə E. İbrahimov sonda əlavə edib.
Dil bir millətin yaddaşı, düşüncə tərzi və kimliyidir. Tarix boyu Azərbaycan dili xalqımızın birliyini, mədəniyyətini və mənəvi dəyərlərini yaşatmışdır. Lakin müasir dövrdə bu dil texnologiyanın və qloballaşmanın təsiri altındadır.
Dilimizin qorunması yalnız qadağalarla mümkün deyil. Əksinə, gənclərə dilin gözəlliyini, incəliyini və gücünü sevdirmək lazımdır. Məktəblərdə və ali təhsil müəssisələrində ədəbi dilin tədrisi müasir metodlarla aparılmalı, sosial mediada düzgün yazı qaydaları təbliğ edilməlidir.
Bundan əlavə, tanınmış blogerlər, jurnalistlər, yazıçılar və ictimai şəxslər dilin düzgün istifadəsini öz fəaliyyətlərində nümunə göstərməlidirlər. Çünki gənclərin dil davranışına ən çox təsir edən məhz sosial media nüfuz sahibləridir.
Gənclərin sosial mediada və gündəlik ünsiyyətdə istifadə etdiyi yeni sözlər və abreviaturalar müasir dövrün reallığıdır. Onlar dilin canlı, dəyişkən və dinamik təbiətinin göstəricisidir. Lakin bu dəyişikliklərin idarəsiz şəkildə yayılması dilimizin saflığına, ədəbi qaydalarına və nəsillərarası ünsiyyətə mənfi təsir göstərə bilər.
Dil inkişaf etməlidir, lakin inkişaf təhrif və yad təsir hesabına deyil, daxili zənginləşmə və yaradıcılıqla olmalıdır. Biz dilimizi texnoloji yeniliklərə uyğunlaşdırmalı, eyni zamanda onun milli ruhunu, tarixi dərinliyini və ədəbi gözəlliyini qoruyub saxlamalıyıq.
Unutmaq olmaz ki, dilini itirən xalq, yaddaşını itirir. Bu səbəbdən, hər bir gəncin üzərinə məsuliyyət düşür: sosial mediada, gündəlik yazışmada və danışıqda Azərbaycan dilinə hörmətlə yanaşmaq, onun saflığını və gözəlliyini qorumaq bizim mədəni borcumuzdur.
LAMİYƏ CƏBRAYILOVA