Sağlamlıq uğrunda risk:niyə gənclər zal məşqlərində həyatını itirir?

Son aylarda idman zallarında məşq zamanı gənclərin qəfil vəfat etməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Sağlam həyat tərzi üçün zala üz tutan gənclərin həyatını itirməsi suallar doğurur, problem yanlış məşqdir, yoxsa gizli qalan tibbi risklər? Bəzi zalların standartlara cavab verməməsi, tibbi nəzarətin olmaması və gənclər arasında sürətlə yayılan "tez nəticə" psixologiyası faciələrə zəmin yaradır. Bu hadisələr həm mütəxəssislərin, həm də ictimaiyyətin diqqətini idman təhlükəsizliyinin real vəziyyətinə yönəldir. İdman zalları uzun illərdir insanların daha yaxşı hiss etdiyi, öz bədəninə və ruhuna diqqət ayırdığı məkanlar kimi tanınıb. Məşq etmək və sağlam olmaq istəyi, xüsusən də gənclər arasında, normal və hətta təqdirəlayiq bir meyildir. Amma bəzən bu niyyətin ardınca gözlənilməz hadisələr baş verir və cəmiyyətdə narahatlıq yaranır. Məncə, məhz buna görə bu mövzu indi daha çox diqqət tələb edir. Gənclərin zalda həyatını itirməsi xəbərləri insanı qeyri-ixtiyari düşündürür: burada yanlış olan nədir? Məşq prosesində edilən səhvlərmi, yoxsa başqa amillərmi? 
Zallar daha çox gəncin toplaşdığı sosial mühit halına gəlib. Orada insanlar həm özlərini yaxşı hiss etmək, həm də daha formada görünmək istəyirlər. Lakin yeni başlayanlar çox zaman həyəcan və motivasiya ilə məşqlərə həddindən artıq yük qoyaraq başlayırlar. Sosial şəbəkələrdə gördükləri dəyişiklik videoları, qısa zamanda "forma" almaq istəyən nümunələr gənclərdə təbii olaraq yüksək gözlənti yaradır. Bu gözləntinin özü bir problem deyil, sadəcə bəzən bədən buna hazır olmur. Məncə, gənclərin çoxunun idmana bu qədər həvəslə başlaması çox sevindirici olsa da, prosesin zaman tələb etdiyini nəzərə almaq vacibdir. Digər tərəfdən, idman zalları da müxtəlif olur: bəziləri çox peşəkar yanaşma göstərir, bəzilərində isə ümumi nəzarət o qədər də güclü olmaya bilər.  Bəzən özünü "tez nəticə" psixologiyasına qapdıran gənclər çalışdıqlarından daha çox yüklənməyə meyilli olurlar. 
Cəmiyyətdə baş verən son hadisələr bizə sadə bir həqiqəti yenidən xatırlatdı, sağlamlıq həmişə incə və əsas mövzudur. Ona qayğı və diqqətlə yanaşmaq lazımdır. İdman zallarında baş verən bu hadisələr təkcə faciə kimi yox, həm də bir xəbərdarlıq kimi qəbul edilməlidir. Çünki düşünürəm ki, məsələ yalnız fiziki fəaliyyətlə bağlı deyil bizim idmana yanaşma tərzimizlə də bağlıdır. Hər gəncin öz ritmi, öz gücü, öz yolu var. Buna uyğun, tədrici və nəzarətli məşq həm motivasiyanı qoruyar, həm də sağlamlığın təhlükəsizliyini təmin edər. Bu hadisələrdən sonra insanların mövzuya diqqəti artırması, zalların iş sisteminin müzakirə edilməsi, gənclərin öz təhlükəsizliyinə daha çox fikir verməsi çox dəyərlidir. İdman əslində insanların həyatında müsbət rol oynayır. O, inkişafdır, enerji və motivasiya mənbəyidir. Amma bu prosesdə bəzən unudulan əsas detal odur ki, idman təhlükəsiz və nəzarətli olmalıdır. 


Məşq zamanı ölüm hallarının artması nədən xəbər verir?  İdman zalına başlamazdan əvvəl tibbi müayinənin vacibliyi nə qədərdir və hansı analizlər mütləq edilməlidir? Bu suallara daha dəqiq cavab tapmaq üçün peşəkar rəyi aldıq. Mövzu ilə bağlı Azərbaycanın qadın ürək və damar cərrahı Doktor Günay Əmrahova Olaylar.az-a açıqlama verib: 
" Son illərdə biz bəzən tam sağlam görünən, aktiv, idmanla məşğul olan gənclərin qəfil ürək ölümü xəbərlərini eşidirik. Bu hallar əslində çox ciddi bir reallığı göstərir. Gizli ürək patologiyaları bəzən özünü illərlə göstərmir və ilk əlaməti kimi qəfil ölüm ola bilir. Əslində, orqanizm bizə əvvəlcədən müəyyən xəbərdarlıqlar verir. Gərginlik və ya məşq zamanı baş gicəllənməsi, huş itməsi, sinə ağrısı, döyüntülərin sürətlənməsi, təngnəfəslik və ya istirahət zamanı belə döyüntülər kimi əlamətlər heç vaxt nəzərdən qaçırılmamalıdır. Xüsusən də ailəsində erkən yaşda ürək ölümü və ya aritmiya hadisəsi olan gənclər bu siqnallara daha diqqətlə yanaşmalıdırlar. Son illər məşq zamanı qəfil ölüm hallarının artması təsadüfi deyil. Ən əsas səbəb tibbi nəzarətsiz idman fəaliyyətidir. Gənclər çox zaman "sağlamam, idmana başlayıram" deyərək, heç bir müayinədən keçmədən yüksək intensivlikli məşqlərə başlayırlar. Halbuki bəzən sadə bir kardioqramma və yaxud exokardioqrama belə həyatı xilas edə bilər. Ürəkdə gizli hipertrofik dəyişiklik, ritm pozğunluğu və ya elektrolit disbalansı varsa, ağır fiziki yük altında ölümcül nəticə yarada bilir. İdman zalına başlamazdan əvvəl tibbi müayinədən keçmək çox vacibdir. Hər bir şəxs məşqə başlamazdan əvvəl kardioqramma, exo, qan təzyiqi, şəkər, lipid profili və elektrolit səviyyəsini yoxlatmalıdır. Ailəsində ürək xəstəliyi olanlarda xüsusən Holter monitorinqi və stress testinin edilməsi vacibdir. Bu sadə addımlar həm ürək riskini azaldır, həm də məşqin təhlükəsizlik hədlərini müəyyən edir.
Digər vacib məsələ fərdi məşq proqramıdır. Hər bədən özünəməxsusdur, ona görə də idman proqramı universal deyil. Yəni həkimin və idman təbabəti üzrə mütəxəssisin rolu burada çox böyükdür. Onlar bədən tərkibini, nəbz zonasını, dözümlülüyü qiymətləndirir və uyğun məşq intensivliyini təyin edirlər. Bu yanaşma həm performansı artırır, həm də ürək yükünü nəzarətdə saxlayır. Bir də onu deyə bilərəm ki, zalların özündə də təhlükəsizlik protokolları olmalıdır. Hər idman mərkəzində təcili yardım planı, işlək vəziyyətdə avtomatik defibrilyator, ilk yardım üzrə təlim keçmiş personal və tibbi nəzarətçi olmalıdır. Təcili yardım nömrələri görünən yerdə asılmalıdır. Fövqəladə hal zamanı proses dəqiq planlaşdırılmalıdır. Unutmamalıyıq ki, idman sağlamlığın təməlidir, amma yalnız doğru yanaşma və tibbi təhlükəsizliklə sağlam qalmaq mümkündür. Əks halda fiziki fəallıq həyat gücü verməli olduğu halda, yanlış yanaşma nəticəsində risk mənbəyinə çevrilə bilər". 


Mövzunu tibbi tərəfdən incələdikdən sonra isə faydalı olar ki, məsələyə praktik baxış, yəni məşq prosesindəki real vəziyyət prizmasından nəzər salaq. Çünki idmanın təhlükəsizliyi yalnız sağlamlıq göstəricilərinə bağlı deyil, həm də məşq zamanı tətbiq olunan metodlar, məşqçinin müşahidəsi və fərdi yanaşmadan asılıdır. Bu baxımdan, gənclərin zalda daha effektiv və təhlükəsiz məşq etməsi üçün məşqçilərin tövsiyələri və müşahidələri də böyük önəm daşıyır. Mövzu ilə bağlı Azərbaycan Taekvondo federasiyası Bakılı taekvondo klubunun Baş məşqçisi Vüsal Hacıyev Olaylar.az-a açıqlama verib: 
" Ümumi olaraq qayda qoyulsa ki, idman zalına gələn şəxslər məşqçi nəzarəti olmadan məşq etməsinlər və əgər özbaşına məşq etmək üçün gəlib ödəniş etdikdə, onların ödənişləri geri qaytarılsa, məşqçi olmadan idman edilməsi qadağan olunsa, bu kimi hallar yüksək səviyyədə azalardı və məşqçilərin işinə də müsbət təsir edərdi. Məsələn, elə məşqçilər var ki, tələbə azlığından başqa işlərlə məşğul olurlar. Halbuki insanların idmana olan tələbatı məşqçi ilə paralel şəkildə olmalıdır. Özbaşına məşqlər zamanı baş verən travmalar, zədələnmələr də məhz bununla bağlıdır. 
Uşaq idman zallarında sağlamlıq haqqında arayış tələb olunur, uşağın sağlamlıq problemləri barədə valideyndən məlumat alınır. Məşqlərə başladığı vaxtdan etibarən 3-6 ayda bir yenilənmə şərti ilə sağlamlıq haqqında məlumatlar tələb edilir. Təəssüf ki, bu qaydalar böyüklərə aid edilmir. Böyüklər məşqə gələrkən ya öz sağlamlıqları barədə məlumat verirlər, ya da ümumiyyətlə vermirlər və nəticədə belə hallarla üz-üzə qala bilirlər. Əgər söhbət trenajor zallarından gedirsə, baş verən ölüm hadisələrinin 90%-i dərman preparatlarının və lazımsız qida əlavələrinin həddən artıq qəbul edilməsindən irəli gəlir. İdman edən şəxsin sağlamlığı mütəmadi olaraq nəzarətdə olmalıdır. Xüsusilə 40 yaşdan yuxarı insanlarda bu nəzarət daha yüksək səviyyədə olmalıdır. Həkim nəzarəti mütləqdir-fərqi yoxdur, sağlamlıq problemi var, ya yox. Məsləhətli olardı ki, trenajor zallarında həkim nəzarəti və həkim kontrolleri olsun. Hər zalın öz həkimi fəaliyyət göstərməlidir. Daimi şəkildə orada olsun ki, belə hallar baş verməsin. Ən azından ilkin tibbi yardım göstərə biləcək bir həkim mütləq olmalıdır. Çox yaxşı olardı ki, ilkin yardım üçün tibbi ləvazimatlar-spirt, naşatır, pambıq və s. zallarda mütləq şəkildə mövcud olsun. Döyüş idmanı ilə məşğul olan məşqçilər bu məsələləri daha dərindən bilirlər. Onların tibbi hazırlığı müəyyən qədər olur. Lakin bütün bunlar təcrübədən irəli gəlir və   trenajor zallarında bunu bilən məşqçilər çox azdır. Çoxları müxtəlif vasitələrlə bədənlərini "şişirdirlər" və insanlar da elə düşünür ki, onlar hər şeyi bilirlər. Amma bu, belə deyil".
Bu mövzunu araşdırdıqca bir daha aydın olur ki, idman zalı sadəcə məşq məkanı deyil.  Orada həyatla bağlı qərarlar verilir. Hər kəs güclü, sağlam, daha enerjili olmaq istəyir. Amma görünən odur ki, bu yolda həm bədən, həm ürək, həm də zehin müəyyən təhlükələrlə üz-üzə qala bilər. Son aylarda yaşanan faciələr göstərdi ki, idmana başlamaq həm də insanın öz bədənini, sağlamlığını daha dərindən tanımaq öhdəliyidir. 
Burada məsuliyyət təkcə gənclərin və ya idmançıların üzərində deyil. Zallar da bu prosesin bir parçasıdır və təhlükəsizlik, nəzarət, tibbi hazırlıq onların birbaşa öhdəliyidir. İstənilən idman mərkəzində tibbi yardımın təmin edilməməsi, məşqçilərin ixtisaslaşdırılmış tibbi biliklərə sahib olmaması artıq mübahisə mövzusu yox, həyati risk faktorudur. Çünki bir zalda səhv verilmiş qərar bir insanın həyatını geri dönməz şəkildə dəyişə bilər.
İdman bizi sağlamlaşdırmalıdır, riskə atmamalıdır. Bu səbəbdən də həm fərdlərin, həm mütəxəssislərin, həm də idman mərkəzlərinin üzərinə düşən məsuliyyət böyükdür. Sonda bir həqiqət qalır, düzgün nəzarət, tibbi hazırlıq və şüurlu yanaşma ilə bu faciələrin qarşısını almaq mümkündür. Sadəcə idmana deyil, öz həyatımıza məsuliyyətlə yanaşmağı öyrənməliyik. 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31