Ailə qurmaq deyil, uşaqlığı itirmək: Erkən nikahın görünməyən tərəfləri

Erkən nikah, yəni qanuni yaş həddinə çatmamış şəxslərin evliliyi bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da hələ də mövcud olan sosial problemlərdən biridir. Bəzi hallarda bu, ailə ənənələri, iqtisadi çətinliklər və ya cəmiyyətin təzyiqi ilə əsaslandırılsa da, əslində erkən nikahlar həm fərdin, həm də cəmiyyətin inkişafına mənfi təsir göstərən ciddi sosial problemdir. Bu məsələ təkcə şəxsi seçim deyil, həm də insan hüquqları, təhsil, səhiyyə və iqtisadiyyatla bağlı dərin nəticələr doğurur.
Erkən nikahların yaranmasında bir sıra sosial, iqtisadi və mədəni amillər mühüm rol oynayır. Bəzi bölgələrdə hələ də "qız uşağı böyüyəndə ailə qurmalıdır" düşüncəsi üstünlük təşkil edir. Qızların təhsilinə deyil, erkən ailə həyatına yönləndirilməsi cəmiyyətin sosial inersiyasının nəticəsidir. Maddi sıxıntı içində yaşayan ailələr, bəzən qız övladını erkən yaşda ərə verərək məsuliyyətdən azad olmağa çalışırlar. Bu, xüsusilə kənd yerlərində geniş yayılmış bir haldır. Təhsildən uzaq qalan qız uşaqları həyat haqqında geniş düşünmək, seçim etmək və öz hüquqlarını müdafiə etmək imkanından məhrum olurlar. Bu da onları erkən nikaha daha açıq hədəfə çevirir. Cəmiyyətin bəzi dairələrində qız uşaqlarının müəyyən yaşdan sonra ailə qurmaması "ayıb" kimi qəbul olunur. Bu cür təzyiqlər ailələri düşünülməmiş qərarlar verməyə vadar edir.

Mövzu ilə bağlı hüquqşünas Şamil Paşa Olaylar.az-a danışıb. Hüquqşünas bildirib ki, erkən nikahlar əsasən rayon yerlərində müşahidə olunur. Biz övlada, xüsusən də qız övladına fərdi bir insan kimi baxmırıq. Azərbaycanda bəzi ailələr elə düşünür ki, qız uşağı 16-18 yaşına çatanda "başımızdan edək getsin", məsuliyyəti başqası daşısın. Bu düşüncə, əsasən, biliksizlik və kasıblıqdan qaynaqlanır. Kasıb və maarifsiz olduqları üçün övladlarını ailədən uzaqlaşdırmaqla məsuliyyətdən qurtulmağa çalışırlar. Qız övladını "ərə verirlər ki", ailənin xərci azalsın, bir nəfər az dolansın.
İkinci mühüm məsələ məsuliyyət anlayışı ilə bağlıdır. Biz, Şərq insanı olaraq, öz üzərimizə çox böyük, bəzən də süni pafozlu məsuliyyət yükləmişik. Xüsusilə bu yükü qız övladlarının üzərinə salmışıq. "Namus", "qeyrət" kimi çox vaxt yanlış başa düşülən anlayışları onların üzərinə yükləyirik və nəticədə bu məsuliyyəti daşımaq istəmirik. Ona görə də qızı "başımızdan etmək" istəyirik ki, bu məsuliyyətdən azad olaq. Beləcə, məsuliyyəti başqa bir ailə, başqa bir kişi daşısın. Bundan sonra isə qıza yeni, daha sərt öhdəliklər yükləyirik: "Bu evdən ya gəlin köçü ilə, ya da kəfənlə çıxarsan." Belə absurd və pafoslu deyimlər təkcə qız övladlarını deyil, bütövlükdə ailəni zəhərləyir. Biz həm özümüzü, həm də övladlarımızı bu cür mənasız təzyiqlərlə incidirik. Bu məsələ təkcə qızlara aid deyil. Oğlan uşaqları da çox vaxt erkən evləndirilir. Bəzən valideyn düşünür ki, oğlan tez evlənsin, ailə qursun, uşağı olsun və atasına kömək etsin, evə pul gətirsin. Halbuki biz uşaq dünyaya gətirməyin və ailə qurmağın məsuliyyətini dərk etmirik.

Hüquqşünasın sözlərinə görə, əsas problem ondadır ki, biz bu mövzuları məktəbdə öyrənmirik. Ailələrimiz də bu haqda maariflənməyib. Lakin indi insanlar yavaş-yavaş gözünü açmağa başlayır. Sosial mediaya baxır, maarifləndirici videolar izləyir, kitablar oxuyurlar.
Bununla belə, hələ də bir ömür boyu eyni evdə yaşayıb bir-birinə fiziki və psixoloji təzyiq göstərən çox sayda ailə var. Bu təzyiqdən qorxan, bezən, iyrənən insanlar sonda boşanmağa qərar verirlər. Amma cəmiyyət bu zaman başqa bir məsələni qabardır - "Azərbaycanda boşanmaların sayı artır." Halbuki boşanmaqdan qorxub, sadəcə "evliliyi davam etdirən" nə qədər bədbəxt ailələr var, bundan danışan yoxdur. O ailələrdə ər-arvad bir-birinə psixoloji, bəzən də fiziki basqı göstərir, özlərini və uşaqlarını zədələyirlər. Bütün bunların kökündə isə eyni problem dayanır - ailə tərbiyəsini, ailə məsuliyyətini öyrənmirik. Nə məktəbdə bizə bu barədə məlumat verilir, nə də ailələrimiz bu sahədə öyüd verməyə hazırdır. Çünki sadəcə bilik yoxdur.

Ş. Paşa sözügedən məsələnin hüquqi tərəflərini də açıqlayıb: "18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. 18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Bu yerdə qeyd edək ki, erkən nikah, erkən nikaha məcbur etmə hallarına əsasən qızlar arasında rast gəlinir. Valideynlər uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verməməlidir. Bu hallar yolverilməz hesab edilir. Zorla ərə verilmə də bunların təzahürüdür. Heç kəs razılığı olmadan məcburi nikaha daxil olmağa məcbur edilə bilməz. Nikah yaşına çatmayan şəxsin evləndirilməsi isə qanunsuz və əsassızdır, eyni zamanda şəxs nikah yaşına çatsa belə, arzulamadığı, öz razılığı olmadan ailə qurulmasına məcbur etmə qanunla qadağan edilir. Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb."

Şəxsi və mənəvi inkişaf üzrə mentor, şüuraltı terapist, təlimçi İlahə Adil də mövzunu şərh edib. Terapist bildirib ki, erkən nikah problemi təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində hələ də aktual olaraq qalır. Təəssüf doğuran məqamlardan biri də odur ki, bu hal XXI əsrdə belə tam aradan qalxmır. Ümumiyyətlə, qız uşaqlarının on səkkiz yaşına çatmadan ailə həyatı qurması və erkən yaşda ana olması onların fiziki, emosional və sosial inkişafını tamamlaya bilməməsi ilə nəticələnir. Bu, təkcə fərdi həyatlara deyil, eyni zamanda cəmiyyətin ümumi inkişafına da mənfi təsir göstərir.

"Erkən nikahların davam etməsinə səbəb olan əsas sosial-mədəni amillərdən biri patriarxal düşüncə tərzi və ənənəvi ailə modelidir. Bir çox regionlarda qız uşağı ailənin "namusu" kimi qəbul olunur. Bu səbəbdən ailələr onu gənc yaşlarında, guya "təhlükəsizliyini təmin etmək" məqsədilə ərə verməyə çalışırlar. Digər tərəfdən, təhsil səviyyəsinin aşağı olması, iqtisadi asılılıq və sosial nəzarətin güclü olması da bu prosesi daha da dərinləşdirir.
Bəzi ailələr hesab edirlər ki, qız övladının təhsildən çox evlilik vasitəsilə təhlükəsizliyə və gələcəyə sahib olacağı mümkündür. Halbuki bu, çox böyük bir yanlış düşüncədir. Çünki erkən nikahların uşaqlıq psixologiyasına və ailə münasibətlərinə təsiri son dərəcə ciddidir. Qız uşağı hələ emosional olaraq yetişməmişkən, böyüklərə məxsus məsuliyyətləri daşımaq məcburiyyətində qalır. Bu da gələcəkdə onun özünü dəyərsiz hiss etməsinə, depressiyaya, narahatlığa və travmadan sonrakı stres pozuntularına səbəb ola bilər.
Ən acı məqam odur ki, hələ özü uşaq olan bir qız, uşaq dünyaya gətirir və onun tərbiyəsi ilə məşğul olur. Bu halda sağlam cəmiyyətin formalaşmasından danışmaq mümkün deyil, çünki formalaşmamış bir fərd başqasını formalaşdıra bilməz," - deyə təlimçi əlavə edib.

İlahə Adil qeyd edib ki, sosial inkişaf və gender bərabərliyinə təsiri baxımından da erkən nikahlar olduqca mənfidir. Bu hal qadınların təhsildən və iqtisadi həyatdan kənarda qalmasına, beləliklə də sosial resursların bərabər bölüşdürülməməsinə gətirib çıxarır. Əgər bir gənc qız erkən yaşlarında ailə həyatı qurursa, artıq onun gələcəkdə nə təhsil alması, nə də işləməsi real görünmür. Halbuki həmin qız, düzgün istiqamətləndirilsəydi, cəmiyyətə böyük töhfələr verə bilərdi. Təəssüf ki, mövcud şərait bu potensialın qarşısını alır.

"Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə işləri qadağalar və məcburiyyət üzərindən deyil, şüur dəyişimi üzərindən qurulmalıdır. Təhsil sistemində gender bərabərliyi və hüquq dərsləri daha geniş şəkildə tədris olunmalıdır. Həm məktəb, həm də universitet səviyyəsində bu məsələlər müzakirə olunmalı, gənclər məlumatlandırılmalıdır.
Valideynlər üçün sosial-psixoloji təlimlər və maarifləndirici görüşlər keçirilməlidir - xüsusilə rayon və kənd yerlərində. Media və sosial şəbəkələrdə müsbət qadın modellərinin təqdim edilməsi də bu prosesdə mühüm rol oynayır. Gənclər üçün "özünə dəyər", "fərdi sərhədlər" və "məsuliyyətli münasibətlər" mövzularında xüsusi proqramlar hazırlanmalıdır," - deyə təlimçi bildirib.

Ekspert sonda vurğulayıb ki, erkən nikah təkcə sosial bir hadisə deyil, bu, həm də şüur və sistem problemidir. Cəmiyyət dəyişdikcə qadının yeri, rolu və dəyəri haqqında yeni düşüncə tərzinə ehtiyac yaranır. Artıq köhnə modellər işləmək qabiliyyətini itirib.
Qız uşaqlarının təhsili, özünü ifadə etmək bacarığı və azad seçim hüququ qorunduğu zaman, cəmiyyətin gələcəyi də sağlam təməllər üzərində qurular. Bir qadının azad, güvənli və dəyərli bir fərd kimi yetişməsi üçün bu proses onun erkən yaşlarından başlanmalıdır.
Bu, təkcə dövlətin və ya məktəbin yox, həm də medianın, ailənin və ümumilikdə cəmiyyətin üzərinə düşən məsuliyyətdir. İnsanlar məlumatlandıqca, problemi anladıqca və onun səbəblərini dərk etdikcə, daha doğru çıxış yolları tapmağa və bu problemi birgə həll etməyə başlayacaqlar.

Erkən nikah sadəcə bir ailə məsələsi deyil bu, cəmiyyətin sosial, iqtisadi və mədəni səviyyəsini müəyyən edən bir göstəricidir. Hər bir erkən evlilik, əslində, bir uşağın uşaqlığını əlindən almaq, onun gələcəyini məhdudlaşdırmaq deməkdir.
Cəmiyyət olaraq bu problemin köklərini aradan qaldırmaq üçün təhsili, bərabərliyi və insan hüquqlarını ön plana çəkməliyik. Unutmayaq ki, təhsilli və azad qadın güclü cəmiyyətin əsas sütunudur. 

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31