Milli geyimlər – parçaların içində gizlənən mədəniyyət
19:21 SosialSədaqət Zaurqızı: "Milli geyimlərin bayramlarda geyinilməsi əlbəttə gözəldir, lakin biz bununla kifayətlənməməli, onları məişətimizə də qaytarmağa çalışmalıyıq"
Milli geyimlər yalnız parçalardan, tikişlərdən və rənglərdən ibarət deyil. Onlar bir xalqın tarixinin, düşüncəsinin və ruhunun daşıyıcısıdır. Hər bir parça o xalqın yaşadığı dövrün, keçdiyi yolların, sevinclərinin və ağrılarının göstəricisidir. Azərbaycan milli geyimləri də məhz bu baxımdan tükənməz bir xəzinədir-həm estetik, həm də mənəvi dəyər baxımından. Hər dövrün milli geyimləri xalqın həyat fəlsəfəsini, təbiətlə və bir-biri ilə münasibətini simvolizə edir. Maraqlıdır ki, bu gün bir çoxlarımız üçün milli geyimlər sadəcə muzey eksponatı, bayramlarda və tədbirlərdə geyilən bir simvol halına gəlib. Halbuki, hər bir tikili parça, hər bir naxış xalq yaddaşının bir parçasıdır. Onlara baxdıqca təkcə bir dövrü deyil, xalqın ruhunu da oxumaq mümkündür. Məhz bu mədəni dərinliyi daha yaxından anlamaq üçün bu mövzuda- milli geyimlərin gizli mənalarını, tarix boyunca keçdiyi təkamül yolunu və bu irsin bu gün necə yaşadıldığını Sənətşünas Sədaqət Zaurqızı ilə söhbət etdik:
-Milli geyimlər yalnız geyim deyil, bir mədəni kod kimi də qəbul olunur. Sizcə, geyimlər xalqın dünyagörüşünü və yaşam fəlsəfəsini necə əks etdirir?
-Bəli, milli geyimlər sadəcə bədənimizi örtən paltar deyil- onlar bir xalqın kimliyini, dünyagörüşünü, hətta mənəvi dəyərlərini özündə daşıyan mədəni koddur. Hər bir geyimin forması, rəngi, parçası, naxışı və hətta geyilmə qaydası xalqın həyat fəlsəfəsini ifadə edir. Azərbaycan milli geyimlərindəki zərif bəzəklər, ipək və məxmər kimi materialların seçimi həm estetik zövqü, həm də rifah və qürur anlayışını göstərir. Qadın geyimlərindəki çoxqatlılıq və parlaq rənglər həyatın bolluğunu, bərəkətini simvolizə edir, eyni zamanda qadının cəmiyyət içindəki dəyərini və zərifliyini vurğulayır. Kişi geyimlərində isə daha çox nizam, funksionallıq və qürur hiss olunur.Bu da xalqın döyüşkən, eyni zamanda ləyaqətli xarakterinin əksidir. Milli geyimlərə sadəcə tarixən geyilmiş paltar kimi baxmaq düzgün olmaz. Onlar xalqın kimliyini, təbiətlə və cəmiyyətlə münasibətini, hətta mənəvi aləmini ifadə edən bir mədəni dildir. Geyim vasitəsilə xalq öz dünyasını danışır, bu dili anlamaq isə həm keçmişimizi, həm də bu günümüzü dərk etmək deməkdir.
Məsələn, Azərbaycan kişi geyimlərinin əsas hissələrindən biri olan papaq təkcə baş geyimi deyil, həm də namus və qeyrət rəmzi kimi qəbul olunurdu. Papaq evdə hər zaman ən uca, ən hörmətli yerdə saxlanardı. Hətta bir kişi dünyasını dəyişəndə onun papağı məzarın üstünə qoyular, sonrakı mərhələlərdə isə bu ənənə başdaşlarının yuxarı hissəsində papaq formasının yonulması ilə davam etdirilirdi. Bu, papağın Azərbaycan kişisi üçün necə uca mənəvi dəyər daşıdığını göstərir. Papağın oğurlanması və ya başdan salınması çox böyük təhqir sayılırdı, hətta bu, düşmənçiliyə və müharibəyə qədər aparan hadisəyə çevrilə bilərdi. Bununla yanaşı, papaq həm də kişinin sosial statusunun göstəricisi idi. Məsələn, varlı təbəqəyə mənsub olan şəxslər Qaragül dərisindən tikilmiş Buxara papaqlardan istifadə edirdilər. Daha kasıb təbəqələr isə şələ və ya motal papaqları geyinirdilər. Qacarı papaqları Qacarlar dövründə şahlar qoyardı və XIX sonu XX əvvəllərində isə bu papaqlar mirzələr və əhalinin ziyalı təbəqəsi geni. İstifadə etməyə başlayır. Bu, da bir daha o dövrdə cəmiyyətin zümrələşməsini, sinfi fərqləri əks etdirirdi. Eyni yanaşmanı qadın geyimlərində də görürük. Kəlağayı yalnız estetik bir parça deyil, həm də qadının yaşını, ailə vəziyyətini və sosial mənsubiyyətini göstərən bir simvol idi. Məsələn, varlı qadınlar bir neçə qat örtükdən istifadə edirdilər, kasıb qadınlar isə bir tək kəlağayı ilə kifayətlənirdilər. Həmçinin, kəlağayının rəngi, naxışı və bağlanma tərzi qadının evli və ya subay olmasına işarə idi. Ən maraqlı nümunələrdən biri isə çarıqlarla bağlıdır. O dövrdə bəzi çarıq növləri xalqın zövqünü, yumor hissini və həyatsevərliyini çox gözəl əks etdirirdi. Məsələn, "qız qaytaran" adlanan çarıqlar o qədər gözəl və bəzəkli olurdu ki, bu çarığı geyən gənc oğlanın yanından keçəndə arxasınca dönüb baxmamaq mümkün deyildi. Digər bir növ-"dikdaban" və ya "quşkeçən" adlanan ayaqqabını geyinib toya gedən qızlara oğlanlar müşdəri gözü ilə baxırdılar. Bu bir növ cəmiyyətə işarə idi ki, artıq dikdaban çarıq geyinən qız ailə qurmaq yaşına çatmışdır. Bu ayaqqabılar xüsusilə Naxçıvan bölgəsində məşhur idi və xalq folklorunda da öz əksini tapmışdı:
"Ay sarı yaylıq sarı kofta,
Badamı çit tuman,
Yandırıb yaxır adamı dikdaban".
Bütün bu nümunələr göstərir ki, geyim xalqın sadəcə zövqünü deyil, onun dünyaya baxışını da ifadə edir. Bu mənada milli geyimlər həm maddi, həm də mənəvi mədəniyyətin ən dəyərli daşıyıcılarından biridir.
-Müasir dövrdə qloballaşma milli geyimlərin simvolik mənalarını necə dəyişib? Onlar daha çox bayram atributuna çevrilib ?
-Sözsüz ki, müasir dövrdə qloballaşma milli geyimlərin simvolik mənalarına ciddi təsir göstərib. Əvvəllər milli geyim insanın kimliyini, mənsubiyyətini və mənəvi dəyərlərini ifadə edirdi. Lakin bu gün onların gündəlik həyatdan çıxması nəticəsində milli geyimlər daha çox bayram və mərasim atributuna çevrilib. Bu, müəyyən mənada təbii hal olsa da, eyni zamanda üzücüdür.
Bugünkü həyat tərzi çox dinamikdir, ona görə də milli geyimləri tam şəkildə gündəlik həyatda geyinmək çətindir. Məsələn, qadın geyimlərindəki gen ətəklərlə hərəkət etmək və işə getmək rahat deyil. Lakin biz milli geyimlərin bəzi elementlərini- arxalıq, çəpkən, küləkə və ləbadə kimi hissələri müasir geyimlərlə uyğunlaşdıraraq gündəlik həyatımıza qaytara bilərik. Mən özüm də bəzən bu cür geyinirəm və bu, həm rahat, həm də çox gözoxşayandır. Milli geyimlərin bayramlarda geyinilməsi əlbəttə gözəldir, lakin biz bununla kifayətlənməməli, onları məişətimizə də qaytarmağa çalışmalıyıq. Tarixi geyimlərimiz gündəlik həyatın bir parçası olmalıdır ki, gələcək nəsillərə bu irsi dolğun şəkildə ötürə bilək. Təəssüf ki, bu gün geniş yayılmış bir yanlışlıq da var-rəqs geyimlərinin milli geyim kimi təqdim olunması. Rəqs geyimləri milli geyim motivləri üzərində qurulmuş səhnə geyimləridir və onları tam milli geyim hesab etmək doğru deyil. Bu, həm vizual, həm də məlumat baxımından ictimaiyyətə yanlış təsəvvür yaradır.
Bu məsələdə dizaynerlərin, sənətşünasların və tədqiqatçıların üzərinə böyük məsuliyyət düşür. Onlar cəmiyyətə milli geyim haqqında düzgün məlumat ötürməlidirlər. Həmçinin, çox arzulayardım ki, Azərbaycanda milli geyim festivalı keçirilsin. Necə ki, xalça və qurama festivalları təşkil olunur, eləcə də milli geyimlərə həsr olunmuş festival İçərişəhər kimi tarixi bir məkanda reallaşdırıla bilər. Bu, həm maarifləndirici xarakter daşıyar, həm də milli geyimlərin yenidən düzgün tanıdılması və aktuallaşması üçün gözəl bir platforma olardı.
-Milli geyimlərdəki naxış və rənglər bir bölgədən digərinə dəyişir. Sizcə bu fərqlər yalnız estetik zövqün nəticəsidir, yoxsa hər bir bölgənin dünya görünüşünü və həyat tərzini də əks etdirir?
-Milli geyimlərimizdəki naxış və rənglər təkcə estetik zövqün nəticəsi deyil, xalqın psixologiyası, dünyagörüşü, həyat şəraiti və coğrafi mühiti ilə sıx bağlıdır. Hər bölgənin geyim tərzində onun təbiəti, iqlimi və mədəni ruhu əks olunur. Məsələn, Abşeronda biz Xəzər dənizinin maviliyini, boz qayalıqları və sarı torpaqları görürük. Buna görə də burada qadın geyimlərində mavi, boz, qəhvəyi və sarı tonlara üstünlük verilib. Şuşa və dağlıq bölgələrdə isə bol yaşıllıq, çiçəkli çəmənlər, qırmızı lalələr təbiəti rəngarəng edir və bu da geyimlərdə qırmızı və yaşıl tonların çoxluğu ilə özünü göstərir. Ornamentlər də sadəcə bəzək deyil, minilliklər boyu inkişaf etmiş mədəni kodlardır. Onların kökləri ibtidai dövrdəki qayaüstü təsvirlərə gedib çıxır. Qədim insan əvvəlcə bu simvolları qayalar üzərində çəkir, sonra keramika, metal və xalça məmulatlarına, daha sonra isə geyim üzərinə daşıyır. Geyim üzərində ornamentlər artıq ən zərif və təkmil formada görünür. Bu naxışları biz kəlağayılarda basma üsulu ilə, parça üzərində tikmələrdə və güləbətin işləmələrdə müşahidə edirik. Əsasən qollarda, ətəklərdə, arxalıqların sinə hissəsində və haşə zolaqları şəklində olurdu. Ornamentlərin mənaları da dərin simvolik məna daşıyır: qoç buynuzu- bərəkət və qorunma, dalğa elementi- suyu və həyat axınını, əjdaha motivi- gücü və mübarizəni ifadə edir. Bəzədilmədə buta, səkkiz ləçəkli çiçək, yarpaqlardan kompozisiya və nilufər gülü motivlərindən istifadə olunurdu. Nilufər gülü- "hun gülü" və "türkmən gülü" adları ilə də tanınır, "qaranlıqdan işıqlı dünyaya boylanma" mənasını daşıyır. Oxşar simvolika "sunqur quşu" və "çal qaraquş" motivlərində də ifadə olunur. Buta demək olar ki, bütün bölgələrin geyimlərində rast gəlinirdi. Bu element ailə rəmzi olmaqla yanaşı, tərəqqi və inkişafı simvolizə edir. Butaların geyim üzərindəki düzülüş forması onların mənasını dəyişir: sıra ilə düzülmüş butalar sülh və qohumluğu, mərkəz ətrafında dövrələnmiş butalar adət-ənənəyə bağlılığı göstərir. Buta motivləri müxtəlif cür adlandırılırdı, onlardan balalı buta, evli buta, qoşa arvadlı buta, baba buta, lələk buta, küsülü buta, qovuşan buta, əyri buta, dilikli buta, qıvrım buta, çiçəkli buta, qotazlı buta və s. Sadalanan bütün bu mötivlər bölgədən bölgəyə fərqlənsə də, bir-birinə sirayət edir,yəni, Azərbaycan geyim mədəniyyəti vahid estetik sistem təşkil edir. Məsələn, Qarabağda qadınların geyindiyi "baharı" adlı üst geyim üzərində çoxlu gül-çiçək naxışları olurdu, buna görə də elə bu adla tanınırdı. Digər bölgələrdə isə eyni formalı geyim "küləçə" adlanırdı. Yəni, formaca oxşar, amma bəzəyi fərqli idi. Qarabağda arxalıqların yaxası və ətəyi pullarla, bəzəkli hillərlə işlənirdi ki, qadın hərəkət etdikdə onlar bir-birinə dəyərək səs çıxarırdı. Bu, həm zəriflik, həm də sosial status göstəricisi idi. Ümumiyyətlə, milli geyim dediyimiz anlayış əsasən xanlıqlar dövründə öz formalaşmasını tamamlayıb. Hər bölgənin geyimində həm iqlim, həm xarici təsirlər, həm də yerli zövq özünü göstərib, məsələn, Osmanlı dövlətinin lalə dövründə geyinilən geyimlərin təsiri ilə "zanbaq yaxa", "nilufər qol" formaları Qarabağ geyimlərinə də keçmişdi. Milli geyimlərimizdəki naxış və rəng fərqləri xalqımızın mədəni yaddaşını, dünyagörüşünü və həyat tərzini daşıyan bir dildir. Hər bölgənin geyimi onun ruhunun, təbiətinin və tarixinin vizual təcəssümüdür.
- Milli geyimlərimizdəki hər bir detal-bəzək, kəmər, baş örtüyü,tikmə bir hekayə daşıyır. Bu hekayələrdən hansını biz bu gün artıq eşitmirik ?
- Bəşər tarixində geyimin formalaşmasında üç əsas şərt rol oynayıb: soyuqdan qorunma, etik normalar və estetik zövqün inkişafı. Azərbaycanın geyim mədəniyyəti uzun tarixi təkamül yolu keçərək formalaşmış və bu zaman kəsiyində milli geyimlərdəki baş örtüyü, kəmər, tikmə, bəzək kimi müxtəlif detallar yalnız estetik element olaraq deyil, bir hekayə daşıyıcısına da çevrilmişdir. Kəmərlər qorunma, sosial status və mədəni kod funksiyasını yerinə yetirirdi. Altayda yerləşən Pazarıq kurqanlarından birində aşkar olunmuş kilimlərin birinin üzərində maqam (muğam) ifa edən iki qadın təsvir olunub. Kilimin ana haşiyəsində göstərilmiş bu obrazlardan öndə dayanan qadının əlində qırmızı rəngli kəmər vardır. Tədqiqatlar göstərir ki, bu təsvir zərdüştlük dininə qəbul mərasiminə aid olan süjeti əks etdirir. Zərdüştlükdə dini qəbul edənlərin belinə müqəddəs kəmər bağlanırdı. Bənzər məqamı böyük şair Nizami Gəncəvi də öz əsərlərində vurğulamışdır. Bu gün isə biz həmin qırmızı kəməri, qırmızı lent formasında gəlinlərin belinə bağlamasında görürük. Bunun ilkin mahiyyəti itmiş olsa da, mənası qorunub saxlanmışdır. Burada həmin kəmər simvolik mənada gəlinin, qadının, qızın müqəddəsliyini ifadə edir. O, gedəcəyi ocağa müqəddəs varlıq kimi daxil olduğunu göstərir.
Beləliklə, qırmızı kəmər ilkinində din qəbul etmə mərasimlərinin ritualı olsa da, zamanla mərasim funksiyasını itirsə də, müqəddəslik məfhumunu ifadə edən simvol kimi günümüzə qədər çatmışdır. Tikmələrdəki motivlər həyatın davamını, məhsuldarlığı və qorunmanı ifadə edirdi. Lakin bu gün biz o hekayələri "eşitmirik", onların arxasındakı mənalar unudulub. Biz geyimin formasını saxlamışıq, amma onun dilini itirmişik. Əlavə olaraq, tarix boyunca tafta, ipək, atlaz, qanavuz, bafta, zərbaft, zərxara, darayı kimi müxtəlif parça növləri istifadə olunub. Onlara xalq arasında rənginə və xüsusiyyətinə görə poetik adlar verilmişdi. "Qonşu çatladan", "Hacı mənə bax", "Gec-gündüz", "Bu küçə mənə dar gəlir", "Alışdım yandım", "Pinti məni geyinməz" və s. Bu adlar geyim mədəniyyətimizin canlı şifrələrindən biri idi. Və hər biri müəyyən hekayədən yaranan adlardır.
- Əgər sizə Azərbaycanın milli geyimlərini gələcək nəsillərə bir cümlə ilə izah etmək imkanı verilsəydi, o cümlə necə olardı?
-Azərbaycanın milli geyimləri tariximizin, mədəniyyətimizin və xalq ruhumuzun rəngarəng naxışlarla toxunmuş canlı yaddaşıdır.
Zeynəb Mustafazadə