Düşənbə görüşü: Bakı-Moskva xəttində gərginlik azalır – ÖZƏL
9 Oktyabr 15:38 Siyasət"Azərbaycan xarici siyasət doktrinasında balanslaşdırılmış siyasətə üstünlük verir. Xüsusilə qonşularla dinc-yanaşı yaşamaq prinsipinə əməl edir və bu münasibətlərin beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır. Bu baxımdan Rusiya bizim əzəli və əbədi qonşumuzdur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi ekspert Azad Məsiyev deyib. Siyasi ekspert bildirib ki, Rusiya dünya güc mərkəzlərindən biridir. 2022-ci ilin fevral ayında Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında 43 maddədən ibarət "Müttəfiqlik və əməkdaşlıq haqqında Bəyannamə" imzalandı. Bu sənədin hər bir müddəası iki dövlət arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir və qarşılıqlı faydaya əsaslanır.
"Azərbaycan qonşularla, xüsusilə Rusiya ilə münasibətlərin yaxşı olmasında maraqlıdır. Bildiyiniz kimi, Rusiyada milyonlarla soydaşımız yaşayır və çalışır. Onların rahat şəkildə fəaliyyət göstərə bilməsi dövlətlərarası münasibətlərin sağlam və sabit olmasından asılıdır. Rusiya da Azərbaycanla münasibətlərin yaxşı olmasında maraqlıdır. Çünki Ukrayna münaqişəsindən sonra Rusiyanın Avropa ilə əlaqələri xeyli məhdudlaşıb. Bu şəraitdə Rusiyanın cənub istiqamətinin açıq qalması, yəni Cənubi Qafqazla, xüsusilə Azərbaycanla münasibətlərin möhkəm olması strateji əhəmiyyət daşıyır. Qafqaz Rusiyanın cənub cinahıdır və bu bölgədə aparıcı dövlət məhz Azərbaycandır. Şimal-Cənub nəqliyyat dəhlizinin tam işlək vəziyyətə gətirilməsi, İranla qaz kəmərlərinin çəkilməsi kimi layihələr bu münasibətlərin möhkəmliyinə bağlıdır. Bu əməkdaşlıq Rusiyaya İran körfəzinə, oradan isə Hind okeanına çıxış imkanı yaradır. Buna görə də Moskva üçün Bakı ilə münasibətlərin yaxşı olması həyati əhəmiyyət kəsb edir", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi vurğulayıb ki, Rusiya Türkiyə ilə də münasibətlərin yaxşı olmasında maraqlıdır. Bu baxımdan Rusiya-Azərbaycan əlaqələrinin sabit qalması həm regional, həm də beynəlxalq baxımdan vacibdir. Çünki Azərbaycana təzyiq göstərmək Türkiyəyə təzyiq göstərmək deməkdir, eləcə də əksinə. Azərbaycan və Türkiyə "bir millət, iki dövlət" fəlsəfəsi ilə siyasətlərini formalaşdırır.
A. Məsiyev bildirib ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər hər iki ölkənin dövlət və milli maraqlarına uyğundur. Son vaxtlar təyyarə hadisəsindən sonra müəyyən soyuqluq yaranmışdı. Bu hadisə beynəlxalq konvensiyaların pozulması kimi qiymətləndirildi və Azərbaycan öz haqlı mövqeyini beynəlxalq səviyyədə ifadə edərək məsuliyyətin müəyyənləşdirilməsini tələb etdi. Təəssüf ki, Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsində maraqlı olan üçüncü qüvvələr də mövcuddur. Rusiyanın bəzi siyasi elitalarında və KİV-lərində erməni mənşəli şəxslər fəaliyyət göstərir. Eyni zamanda erməni lobbisinin təsirində olan müəyyən dairələr də münasibətlərin pozulmasına çalışır. Qeyd etmək yerinə düşər ki, erməni strateji mərkəzləri, xüsusilə də kilsə ideoloji xəttində Azərbaycanla Rusiya arasındakı münasibətlərin korlanmasını hədəf götürüb. Çünki iki dövlət arasında münasibətlər gərginləşərsə, bundan ən çox fayda görən tərəf Ermənistan olur.
Ekspert əlavə edib ki, Azərbaycan-Rusiya münasibətlərinin pozulmasını arzulayan qüvvələr arasında bəzi Qərb dairələri də yer alır. Başda ABŞ olmaqla, bir sıra Avropa ölkələri Cənubi Qafqaz respublikalarından Rusiyaya qarşı istifadə etməyə çalışırlar. Gürcüstanın baş naziri və prezidenti də açıq şəkildə bəyan ediblər ki, Qərb, Gürcüstanı Rusiya əleyhinə ikinci cəbhə açmağa təhrik edir. Bu, ümumilikdə Qərbin regionda yaratmaq istədiyi gərginliyin göstəricisidir. Cənubi Qafqaz respublikaları içərisində aparıcı dövlət olan Azərbaycanın da bu prosesə cəlb olunması cəhdləri müşahidə olunur.
Təyyarə hadisəsindən sonra həm erməni lobbisi, həm də Qərb mediasında müəyyən dairələr bu məsələni şişirdərək iki dövlət arasında münasibətləri soyuqlaşdırmaq istəyiblər. Lakin əslində, əgər problem varsa, bu, dövlət başçıları səviyyəsində, diplomatik kanallar vasitəsilə müzakirə olunmalı və həll edilməlidir.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın birinci xanımını, eləcə də Azərbaycan Prezidentinin Rusiya Prezidentini doğum günündə təbrik etməsi qarşılıqlı hörmət və diqqətin göstəricisidir. Bu cür diplomatik jestlər iki dövlət başçısı arasında etimadın davam etdiyini sübut edir.
" Düşənbə görüşü də bu iki liderin mövcud problemləri müzakirə edərək ortaq anlaşma əldə etməsi üçün mühüm fürsət olacaq. Dövlətlərarası münasibətlər kütləvi informasiya vasitələrində aparılan debatlarla tənzimlənmir. Bu məsələlər yalnız Prezidentlər və Xarici İşlər Nazirlikləri səviyyəsində, diplomatik yolla həll edilməlidir. KİV-də aparılan müzakirələr bəzən ictimai rəydə çaşqınlıq yaradır. Xüsusilə Rusiyanın bəzi media orqanlarında erməni və ya Qərb təsiri altında yayılan qərəzli məlumatlara Azərbaycan mediasında sərt cavablar verildikcə, bu, ictimai rəydə iki xalq arasında müəyyən soyuqluğa səbəb ola bilər. Buna görə də hesab edirəm ki, dövlətlərarası münasibətlər mediada deyil, diplomatik kanallar vasitəsilə həll olunmalıdır", - deyə ekspert vurğulayıb.
Siyasi şərhçi sonda qeyd edib ki, Azərbaycan və Rusiya arasındakı münasibətlərin yaxşı olması hər iki dövlətin və xalqın maraqlarına xidmət edir.
Sevda Dəniz