Füzulidə inşa olunacaq məscid türk qardaşlığının simvoluna çevriləcək – Hacı Salman Musayev

Azərbaycanın Füzuli şəhərində məscidin təməlinin qoyulması xalqların birliyinin və türk qardaşlığının mühüm simvoluna çevrildi.

Olaylar xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Füzulidə məscidin tikintisinə həsr olunmuş brifinqdə deyib.

"Bu gün bu mühüm işdə iştirak edən və dəstək verən hər kəsə minnətdarlığımızı bildiririk. Məscid əzab-əziyyətlərdən çıxmış xalqın birliyinin rəmzi olacaq və gələcək nəsillərə bu əlamətdar hadisələri xatırladacaq," - deyə o vurğulayıb.

Hacı Salman Musayev qeyd edib ki, bu tədbir liderlərin və dövlət xadimlərinin birləşmək və əməkdaşlıq etmək qabiliyyətini nümayiş etdirir.

"Qarabağın otuzillik işğal dövründən sonra biz ədalətin bərpası yolunda atılan addımların şahidi oluruq," - deyə o əlavə edib.

Sədr müavininin sözlərinə görə, məscidin təməlinin qoyulması türk qardaşlığının təcəssümüdür və Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlığı möhkəmləndirərək gələcək nəsillər üçün mühüm bir irs qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31