Müasir çağırışların kontekstində ana dilimizin saflığının qorunması və qalib xalqın zəfər dili

Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amildir. Buna görə də zamanın ən müxtəlif çağlarında ana dilimizə qarşı təhdideci çıxışlara qarşı vətəndaşlıq mövqeyi milli qeyrət və əzm nümunəsi göstərmək tələb olunur. Müasir dünyanın aktual olan çağırışları sırasında ana dilimizin - Azərbaycan dilinin saflığını qorumaq vəzifəsi ümumxalq vəzifəsidir. Çünki ana dilimiz milli sərvətimiz, keçmişimizi və gələcəyimizi bu günümüzlə əlaqəndirən, bütün dünyadakı vətəndaşlarımızı bir vətən, bir dövlət idealında birləşdirən ali, müqəddəs dəyərimizdir.

Məlumdur ki, müəyyən dövrlərdə ana dilimizə müxtəlif dillərin, ictimai-siyasi təhdidlərin təsirləri olmuşdur. Nə etməli ki, hətta elə bir dövr olmuşdur ki, böyük fikir və yaradıcı adamlarımız türkcə düşünüb farsca və ya ərəbcə yazmaq məcburiyyətində olmuşlar. Yad təhdidlərə qarşı bir tərəfdən ana dilimizn özünün daxili imkanları, möhkəm dil quruluşu müqavimət göstərə, varlığını və saflığını mühafizə edə bilibsə, digər tərəfdən də xalqımız və onun vətənpərvər insanları milli qeyrət əzmi ilə ana dilimizi öz xəlqiliyi, milliliyilə yaşatmış və inkişaf etdrmişlər. İctimai-siyasi, dini, elmi və ədəbi səbəblər üzündən ana dilimizə ərəb-fars dillərinin təsiri və bu dillərdən daxilolmalar heç də az olmamışdır. Lakin bizim qüdrətli və vətənpərvər simalarımız ana dilimizin zəngin imkanlarından  ən maksimum səviyyədə yararlanmaqla dilimizin saflığının korlanmasına qarşı mübarizə aparmışlar. Bilirik ki, "Dədə Qorqud kitabı" ana dilimizdə yaradılmış qiymətli bir ədəbi abidədir. Bu abidə xalqımızın "ana abidəsi", "əxlaq və etika kitabı" adlandırılmışdır. Həsənoğludan başlayaraq böyük söz sənətkarlarımız Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir və başqaları şirin-şəkər Azərbaycan dilində yazıb-yaradaraq ana dilimizi yaşatmağa və inkişaf etdirməyə nail olmuşlar. Hətta Şah babamız Xətayi özünün gözəl, nəcib, humanist məzmunlu xalq şeiri tərzində yazılmış əsərləri ilə ana dilimizi inkişaf etdirdiyi kimi, rəsmi dövlətçilik işlərini də ana dilində aparmaqla ona dövlət dili qazandırmağa və inkişaf etdirməyə müvəffəq ola bilmişdir. Böyük dövlət xadimi Xətayi öz vəsiyyətində yeni nəsillərə müraciət edərək demişdir: "Ömrün son günlərini yaşayıram... Sizin üçün bu az ömrümdə əlimdən gələni elədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahiratdan üstün bildim. Hər ikisinin - Vətənimizin və dilimizin əbədiyyəti üçün.  Nə bacardımsa, onu elədim. Yaxşı nə başladımsa, onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur!..   Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, Vətənimiz - can sizin, can onlar əmanəti!" XV-XVI əsrlərdə yaşayıb-yaratmış Bayrək Quşçuoğlu adlı qiymətli şairimiz özünün sadə, anlaşıqlı şeirlərilə yazılı dilimizin xalq dili ilə həmahəngləşməsidə çox böyük rol oynamışdır. Onun şeirləri türk dilinin şeir-sənət dili olduğuna bayraq qaldırırdı. Hətta başqalarından bu böyük şairi fərqləndirən bir cəhət də var idi ki, o, türk dilinə daha böyük məhəbbət bəsləyir, onu hətta təkcə şeir-sənət dili olaraq deyil, Allahla bəndənin arasında danışılacaq ən müqəddəs dil olaraq da təqdim edirdi. Şair qətiyyətlə çıxış edirdi ki, türk dili Allahla insanın əhd-peyman dilidir. Yaradıcılığında ana dilinə üstünlük verən Quşçuoğlu deyirdi:

Əgər türki söylər olsam, düşər ərənlər beyninə,

Neçün sizə aci gəlir dadlı sözün həlavəti?

Münkir nədir, Quşçuoğluna deyə müsəvvət söyləmə!

Məgər deyə bilmərəm mən türki dildə müsəvvəti?!

Bu dil məhz bu kimi ərən babaların vətən sevgisi ilə yaşayıb varlığını sürdürmüş, əsrlərə sinə gərərək ədəbi dil səviyyəsində inkişaf etdmişdir. Sonralar Vaqifin, Vidadinin, Zakirin, Nəbatinin, Aşıq Ələsgərin, Mirzə Cəlilin, Sabirin, Cavidin və başqalarının milli ruhu ilə bizlərə miras qoyulmuşdur. Bizim ən böyük və ən dəyərli mirasımız,  milli sərvətimiz olan ana dilimiz Sovet dövründə itib-batmaqdan məhz xalqımızn böyük oğlu, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin qayğısı ilə mümükün olmuş, 50 milyondan çox azərbaycanlını birləşdirən dəyər  kimi yeni bir inkişaf dönəminə daxil olmuşdur.

Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Müdrik liderin ana dilimizlə bağlı çox zəruri və aktual olan bir  məsələyə münasibəti hamımız üçün çox vacib bir vəzifə müəyyənləşdirmişdir: "Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. ...gənclərimiz nə qədər çox dil bilsələr bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası odur ki, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini  mükəmməl bilməlidir". Bu baxımdan rus imperiyasının siyasi-mənəvi varisi olan sovet imperiyası ucqarlarda  manqurtlaşma siyasəti apararaq öncə ana dilini məhv etmək və milli-mənəvi  dəyərləri şikəst etmək məqsədini güdürdü. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ilin iyul ayında hakimiyyətə gələndən sonra bu məsələlərə çox diqqətlə yanaşmış, onların milli mənafedən həllini ön planda saxlamışdır. Heydər Əliyev müdriklik, qeyri-adi ağıl və cəsarətlə ilk növbədə Azərbaycan dilinin dövlət dili olmasını qanuniləşdirmişdir. Ulu öndər Heydər Əliyev 1978-ci ildə Azərbaycanın yeni Konstitusiya layihəsi müzakirə edilən zaman israrla, hətta öz şəxsi nüfuzundan istifadə etməklə 73-cü maddəni "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir" redaksiyasında təsbit etdirdi. Ümummilli lider Heydər Əliyev öz şəxsi nümunəsilə idarələrdə, tədbir və yığıncaqlarda doğma Azərbaycan dilində danışmaq və yazmaq ənənəsi yaratdı. Ümummlli lider Heydər Əliyev hətta o dövrü və bu problemi şərh edərkən deyirdi: "Bəzi adamlarda, təəssüf ki, öz dilinə düzgün münasibət çatmırdı". Bu mənada da ulu öndərimizin ciddi cəyləri və əvəzedilməz xidmətləri sayəsində ana dilimizin milli dil haqqı, qanuni mövqeyi və statusu özünə qaytarıldı. Bu istiqamətdə düzgün kadr siyasəti yeritmək də milli inkişafımız üçün əsas prinsiplərdən idi. Buna görə də məqsədli olaraq Heydər Əliyev milli kadr potensialını artırmağa diqqət göstərdi. Məhz bu səbəbdən Azərbaycan dili və dilçiliyini tədqiq edən kadrlar çoxaldıldı, nəticədə peşəkar alimlər meydana gəldi, sanballı dərslik və müxtəlif kitablar ərsəyə gətirildi. Azərbaycan dili və ədəbiyyat fakültələri yaradıldı, orta məktəblərdə ana dili və ədəbiyyatının tədrisinə diqqət daha da artırıldı və s. Ümummilli lider Heydər Əliyev deyirdi: "Bu dil bizi keçmişdə olduğu kimi indi də, gələcəkdə də birləşdirəcəkdir". Bizi birləşdirən, birləşdirici dəyər olan və milli birliyimizin təminatçısı kimi çıxış edən ana dilimiz təsirlərə və təzyiqlərə baxmayaraq min illərin abidəsi kimi möhkəm və vüqarla dayanıb. 

Hər bir dilin özünəməxsus gözəlliyi vardır. Amma milli dəyərlərimizin başında gələn ana dilimiz daha anlaşıqlı, ahəngdar, zəngin və musiqili bir dildir. Sözdüzümü, sabit qanunauyğunluqları və düzənliliyi ilə öncül bir dildir. Ana dili bir millətin ən böyük milli dəyəri, onun mənəvi varlığı, sehri, sirri, mövcudluğudur. Dil insanın ən böyük kəşfidir, dil möcüzədir, möcüzə yaradandır. Görkəmli Azərbaycan ziyalısı Firudin bəy Köçərlinin dediyi kimi: "Ana dili millətin mənəvi diriliyidir". Xalqımızın görkəmli ziyalıları ana dilimizdə möhtəşəm əsərlər yaratmaqla dilimizi qorumağa çalışmışlar. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdiyi kimi, böyük ziyalılarımız da ana dilinə bağlılıq və məhəbbət duyğuları bəxş edən əsərlər yazmışlar.

Müstəqillik illərində Azərbaycanda milli dil siyasəti yürüdülməyə  başlandı. Çünki Ümummilli Lider qeyd etdiyi kimi: "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. ...doğma Azərbaycan dilimizi mənimsəyəcək və bunlar hamısı hər bir gənc Azərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaradacaqdır". Müstəqil Azərbaycanın Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2001-ci il iyunun 18-də Prezident Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Ana dilimizin daha da inkişaf etdirilməsi, işlənməsi və saflığının qorunması ilə əlaqədar müxtəlif illərdə dövlət başçısı tərəfindən fərmanlar imzalanmış və Milli Məclis tərəfindən qanunlar qəbul edilmişdir. 2002-ci il 30 sentyabr tarixdə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Elə Azərbaycanda latın qrafikalı əlifbaya keçidlə bağlı aparılan işlər, görülən zəruri tədbirlər və qazanılan uğurlar da  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu milli dil siyasəti və əlifba islahatlarını daha da inkişaf və davam etdirən Prezident cənab İlham Əliyev bədii ədəbiyyat və digər seriyalardan olan kitabların latın qrafikalı əlifba ilə kütləvi nəşrlərini həyata keçirdi.

Çox sevindirici və minnətdarlıq doğuran haldır ki, müdrik liderimizin dahiyanə siyasi kursu, banisi olduğu Azərbaycançılıq ideologiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli, "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" 2007-ci il 24 avqust tarixli Sərəncamları ölkəmizdə bu işlərin davamlı və ardıcıl həyata keçirilməsinin təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı da ana dilimizin müasir dövrün tələbləri şəraitində qorunması, saflaşdırılması kimi vacib, konseptual məsələləri qarşıya vəzifə qoymuş, həm də bu sahədə bundan sonra görüləcək vacib işlərin miqyasının müəyyənləşdirilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır. Bütün bunlar onu bir daha göstərir ki, ulu öndərimiz Heydər Əliyevin ana dilinə qayğı siyasəti bu gün də uğurla davam və inkişaf etdirilir. Prezident cənab İlham Əliyevin dediyi kimi: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".  

Bəli, əsrlərin qan yaddaşı, daş yaddaşı olan, heç bir dilin təsirində əriməyən, şirinliyini, axıcılığını, anlaşıqlılığını itirməyən, illər, əsrlər keçdikcə daha da cilalaşan və öz layiqli qiymətini alan ana dilimiz bu gün dünyada yaşayan 50 milyondan çox Azərbaycan xalqını bir ideya, bir bayraq, bir vətən ətrafında birləşdirən ən etibarlı vasitədir, milli varlığımızdır. Ana dilimizin, dövlət dilimizin inkişafı sahəsində əvəzolunmaz xidmətlər göstərmiş, çoxcəhətli fəaliyyət sahəsinə malik  ümummilli liderimiz Heydər Əliyev həm də ana dilimizi sevmək, onu bilmək və yaşatmaq, inkişaf etdirmək və təbliğ etmək məsuliyyətini də bir vəzifə kimi müəyyənləşdirərək hər bir azərbaycanlıya bu müdrik sözlərilə səslənərək demişdir: "...Biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir... Azərbaycan dilini daha da zənginləşdirmək, daha da  inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur". Bu səbəblə 2020-ci ilin noyabrında Azərbaycan xalqının qazandığı Şanlı Zəfərdən sonra ölkəmiz və xalqımız qalib olduğu kimi, dilimiz də qalib xalqın və dövlətin dili olaraq yeni inkişaf epoxasını yaşamağa başlamışdır. Şanlı Qələbə ana dilimizə, onun istifadə edildiyi bütün sahələrdə fəallığına qələbə ritorikası və üslubu bəxş etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbə nitqi və natiqlik üslubu ana dilimizə zəfər üslubu və ritorikasını gətirdi. Diplomatiya, mətbuat, mədəniyyət və ədəbiyyatda da zəfər ritorikası təcəssüm edilməklə qalib xalqın dilini nümayiş etdirdi. Bu gün Azərbaycan dili qalibiyyət və məğlubeedilməzlik üslubu ilə dünya dillərinə nümunə olmaqdadır.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31