Zəmanəmizim görkəmli ziyalısı, vətənpərvər maarifçisi, yazıçı-publisist Yunus Oğuz haqqında

Bəşəriyyət şaxəli yaradıcılığı, əhatəli biliyi, zəngin dünyagörüşü olan istedadlı şəxsləri nadir hallarda yetişdirir. Kompleks nemətlərin, əksər insani keyfiyyətlərin taraz şəkildə bir şəxsdə cəmləşməsi artıq ali insani dəyərlər məcmusudur. Həm də fenomenoloji amildir. Mən deyərdim ki, şəxəli istedad sahibləri  Allah tərəfindən seçilən olurlar. Çünki bu qədər istedad, bilik və bacarıq hər bir şəxsdə olmur. Allah çox istedadlı şəxsləri məhz insanlığa xidmət üçün seçib göndərir. Onların zəkasını cəmiyyət və bəşəriyyət üçün xərclətdirir. Həm də onları mərkəzdə saxlayaraq zəkalarını zənginləşdirir. Şaxəli yaradıcılıq insan xarakteri ilə əməlinin ali məqamda vəhdətidir. İnsanın ali məqamı onun qəlbi ilə əməli arasındakı bağlılıqda özünü büruzə verir.
Bir tərəfdən siyasətçi və siyasətşünas olmaq, digər tərəfdən də yazıçı, jurnalist və publisist kimi geniş və yorulmaz fəaliyyət göstərmək bəşəriyyətə xidmət yolunda böyük enerji sərf etmək deməkdir. Bütün bunlar şəxsdə ali bir xidmət istəyidir.  
Yunus müəllim çox şaxəli yaradıcılıq sahibidir. O, öz yaradıcılığını qəlbinin siqnalları ilə pozitiv axarlara yönləndirir. Onun qələmi daimi olaraq beynindən və qəlbindən axan siqnalları həkk edir. Tarixi romanlar yazmaq məncə ədəbiyyatın ən çətin sahəsidir. Hadisələrin orijinallığı və reallığı tələb edir ki, faklar təxəyyül üzərində nəzarət funksiyasını yerinə yetirsin. Burada xronologiya və hadisələrin məzmunu elə bədii-estetik tərzdə və formada təqdim olunmalıdır ki, oxucu dərhal tarixi hadisələri sevə-sevə, estetik duyum ala-ala qavraya, öz təxəyyülündə canlandıra bilə. Tarixi roman yazmaq ustalıq və məharət tələb edir. Çünki bədii təxəyyül, obrazlı canlandırma  real hadisə sərhədlərini kənara çıxa bilməz. Bu kimi əsərlərdə tarix və hadisələrinin obrazlandırılması üzvi sürətdə bir-birini tamamlamalıdır.  Yunus müəllimin "Atilla" pyesi (2007), "Nadir Şah" tarixi romanı(2008), "Təhmasib şah" tarixi romanı (2009),  "Sultan Alp Arslan" tarixi romanı (2015),  "Atabəy Eldəniz" tarixi romanı (2017), "Nadir Şah" pyesi, "Çingiz xan" romanı  və digər bu kimi əsərləri öz real tarixi faktlarını qoruyub saxlamaqla  yanaşı, hadisələrdəki bədii üslubunu da yüksək səviyyədə oxuculara təqdim etməkdədir. Yunus Oğuzun yaradıcılığına nəzər saldıqda, görmək olur ki, O,   hərtərəflidir, siyasi, tarixi əsərlərlə zəngindir. Qələm sahibi həm də felyetonlar və esselərin mahir yaradıcısıdır.
Yunus müəllim, ilk növbədə vətənpərvərdir. Elə bu özlüyündə həm də bəşəri ruhlu olmaq deməkdir. Yaradıcılığında və ictimai və siyasi fəaliyyətində  onun kimliyi, ali məqamı açıq-aydın hiss olunur. Yunus müəllim, böyük türkdür. Bu onun yaradıcılığında tam şəkildə büruzə verir. Müəllifin həvəslə qələmə aldığı  "Türk etnonimi və törələri" başlıqlı əsəri  ilə tanışlıq bunu deməyə əsas verir.
​"22 iyul" tarixi təqvimizdə "Milli Mətbuat" günümüzdür. Eləcə də xalqımızın maarifpərvər və humanist evladlarından biri olan Yunus Oğuzun doğum  günüdür, bu il 65 yaşı tamam olur. Milli mətbuatımızın 150 illiyi və Yunus müəllimin yubileyi  münasibətilə həm xalqımızı, həm də yubilyarımızı təbrik edirəm! İnanıram ki, Allahın bəxş etdiyi uzun ömür yolunda Yunus müəllim yeni-yeni maraqlı əsərlərə imzalar atacaqdır! Müəllimin mətbuat günündə dünyaya gəlməsində də bir məna axtarmaq olar. Məncə, bu gün ona əlavə həvəs və stimul bəxş edir, onda məsuliyyət yaradır.
 
Dərin hörmətlə,
Elşən Nəsibov
Siyasətşünas-alim; yazıçı -publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31