Qriqoryan-Vətəndaş cəmiyyəti görüşü – İrəvan referendum və sülhə hazırlanır? – ÖZƏL
16:00 SiyasətErmənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, İrəvanda (21-22 oktyabr) Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Görüşdə sülh gündəliyi, qarşılıqlı etimadın gücləndirilməsi və Cənubi Qafqazda iqtisadi əməkdaşlıq müzakirə edilib. Qriqoryan bu təmasların sülhü möhkəmləndirəcəyini, Azərbaycan nümayəndələri isə dialoqun davamlı olmasının vacibliyini vurğulayıb.
"Hələ 44 günlük Vətən müharibəsindən əvvəl, yəni Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə də bu cür təşəbbüslər mövcud idi".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, "xalq diplomatiyası" adı altında qeyri-hökumət təşkilatları Gürcüstanda görüşlər keçirir, guya Ermənistan və Azərbaycan xalqları arasında barış missiyasını həyata keçirməyə çalışırdılar. O dövrdə bu görüşlər məqsədyönlü xarakter daşıyırdı. Məqsəd, əslində, Ermənistanın işğalçılıq siyasətini Azərbaycan cəmiyyətinə qəbul etdirmək idi.
Bu görüşlər, əsasən, xarici dövlətlərin və beynəlxalq təşkilatların himayəsi altında keçirilirdi və məqsəd "xalq diplomatiyası" adı altında erməni işğalını leqallaşdırmaq, yəni cəmiyyətdə onun qəbul edilməsinə nail olmaq idi.
"Təbii ki, o dövrdəki siyasi situasiya ilə indiki vəziyyət arasında böyük fərq var. Təxminən otuz ilə yaxın bir müddətdə Ermənistan Azərbaycanın ərazilərini işğal altında saxladı, lakin buna baxmayaraq, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmadı. Xaricdən Ermənistan rejiminə siyasi dəstək verilsə də, Azərbaycan cəmiyyəti öz torpaqlarını heç vaxt unutmadı.
Nəticə etibarilə, Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi", - deyə ekspert fikirlərinə əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, müharibədən sonra Azərbaycan Prezidenti sülhün təmin olunması məqsədilə Ermənistan tərəfinə "beş əsas prinsip"dən ibarət sülh sazişi təklifi irəli sürdü. Prezidentin siyasətinin əsasında qonşularla mehriban və qarşılıqlı hörmətə əsaslanan münasibətlər dayanır. Bu prinsiplərə uyğun olaraq Azərbaycan bütün qonşularla, o cümlədən Ermənistanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün təşəbbüskarlıq göstərib və bu mövqeyini açıq şəkildə bəyan edir.
"Təəssüf ki, Ermənistan hələ də bu sülh sazişinə getmək istəmir. Bunun əsas səbəblərindən biri Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə iddia doğuran müddələrin hələ də qalmasıdır. Belə olan halda, sülh sazişinin imzalanması real görünmür.
Əgər sülh sazişi imzalanarsa, bu, iki dövlət arasında diplomatik münasibətlərin bərpa olunmasına və qonşuluq əlaqələrinin normallaşmasına gətirib çıxara bilər", - deyə Azad Məsiyev vurğulayıb.
Siyasi şərhçi xatırladıb ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfər etmişdi. Qazaxıstan Prezidenti ilə keçirilən görüşlər zamanı o, mətbuat konfransında bəyan etdi ki, Qazaxıstanın taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına icazə veriləcək. Bu, Prezidentin xoş niyyətinin göstəricisi idi. Yəni, bu addım Ermənistanla sülh sazişinə aparan, xoşməramlı bir jest kimi qiymətləndirilməlidir və erməni cəmiyyəti də bunu düzgün anlamalıdır.
Ekspertin sözlərinə görə, ümumilikdə, bu, iki dövlət - Azərbaycan və Ermənistan arasında siyasi münasibətlərin normallaşmasına doğru atılmış mühüm addımdır. İctimaiyyətlər arasında əlaqələrin bərpası da qonşuluq münasibətlərinin yaxşılaşmasına hesablanıb. Sülh sazişindən sonra bu münasibətlər daha da intensiv xarakter almalı, iki xalq arasında düşmənçilik əhvalı birdəfəlik aradan qalxmalıdır. Bu, yalnız o halda mümkündür ki, erməni xalqı Azərbaycanın ərazi bütövlüyünü tanısın. Ermənistan dövləti referendum keçirərək Konstitusiyasında olan ərazi iddialarından imtina etsin.
"Əgər bu referendum keçirilməsə və Ermənistan öz Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə iddialı müddəaları saxlayarsa, təbii ki, münasibətlər yenidən gərginləşə bilər.
Ümumilikdə, sülh sazişi ən çox Ermənistan dövlətinə və erməni xalqına lazımdır. Çünki yalnız bu yolla Ermənistan beynəlxalq inteqrasiyaya qoşula, nəqliyyat infrastrukturlarını aça və iqtisadi inkişafını təmin edə bilər. Hazırda Ermənistan faktiki olaraq siyasi və iqtisadi dalana dirənmiş vəziyyətdədir. Bu baxımdan Ermənistanın dövlət siyasəti, eləcə də ictimaiyyətin münasibəti dəyişməlidir. Əgər Ermənistan həqiqətən sabitlik və inkişaf istəyirsə, referendum keçirərək Konstitusiyasında dəyişiklik etməli, Azərbaycanın ərazi bütövlüyünə iddiasından imtina etməlidir. Bu referendum xalqın iradəsi ilə həyata keçirilə bilər. Bu baxımdan qeyri-hökumət təşkilatlarının, ictimai fəalların və media təmsilçilərinin görüşləri gələcəkdə keçirilə biləcək referenduma hazırlıq xarakteri daşıya bilər. Yəni bu görüşlər erməni cəmiyyətini sülhə və reallığı qəbul etməyə hazırlayan bir proses kimi qiymətləndirilməlidir", - deyə siyasi ekspert fikirlərinə əlavə edib.
A. Məsiyevin fikrincə, belə görüşlərin keçirilməsi, ictimailəşdirilməsi və müxtəlif sosial təbəqələrdə bu mövzunun işıqlandırılması gələcək sülh sazişinə doğru atılmış addımlar kimi dəyərləndirilməlidir. Əgər bu proses ardıcıl və məqsədyönlü şəkildə davam etdirilərsə, Ermənistan cəmiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanımağa, düşmənçilikdən əl çəkməyə və sülhün bərqərar olmasına daha yaxın olacaq.
Sevda Dəniz