Şimali Kiprin gələcəyi Türkiyə ilə koordinasiyalı siyasətdən asılı olacaq - ÖZƏL
16:01 Siyasət" Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin nəticələri, əlbəttə ki, müəyyən qədər gözlənilməz oldu. Belə ki, Türkiyə ilə yaxın müttəfiqlik münasibətləri və ayrı dövlət statusunu dəstəkləyən Ərsin Tatarın rəqibi bu seçkilərdə qalib gəldi".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:
"O, Kipr adasında iki dövlətli model əsasında daha doğrusu federal quruluşun mümkünlüyü barədə düşüncəyə sahibdir. Amma bu, o demək deyil ki, Tufan Erhürman Kiprin sadəcə olaraq Yunan Kiprinə birləşməsi və yunanların dominant rol almasına razı olacaq. Onun seçkidən sonra verdiyi ilk açıqlama da göstərdi ki, Kiprdə hakimiyyətə gələn istənilən şəxs, o cümlədən Erhürman, Türkiyə ilə hökmən münasibətləri qaydasında saxlamalı və koordinasiyalı bir siyasət yürütməlidir.
Çünki hələ 60 il öncə o dövrdəki razılaşmalara görə Kiprdə iki icmalı bir dövlət quruluşu - federal sistem mövcud idi. Amma o zaman Kipr adasında hakimiyyətdə olan şəxslər, o cümlədən Yunanistandakı enosis (birləşmə) tərəfdarı olan qüvvələr bu razılaşmanı pozdular və türklərə qarşı soyqırım törətdilər. Bunun nəticəsində 1974-cü ildə Türkiyə adaya müdaxilə etmək və türk icmasını qorumaq məcburiyyətində qaldı.
Düşünürəm ki, bundan əvvəl, Ərsin Tatardan öncə də Şimali Kiprdə hakimiyyətdə olan şəxs təxminən eyni düşüncəyə sahib idi - yəni tərəflər anlaşa bilərlər və federal quruluşlu bir dövlət sisteminə keçid ola bilər. Amma bütün hallarda o siyasət də iflasa uğradı. Nəzərə alsaq ki, 2004-cü ildə Annan planına uyğun olaraq Kiprdə keçirilən referendumda faktiki olaraq türklərlə yunanlar fərqli mövqe sərgilədilər: o zaman türklər bir dövlət, iki toplum modelinə dəstək versələr də, yunanlar bunu inkar etdilər, əleyhinə çıxdılar və o zamandan etibarən proses dalana girib. Hazırda Quzey Kıbrıs üzərində Türkiyəyə qarşı da müəyyən təzyiqlər mövcuddur. Amma düşünürəm ki, bütün hallarda Tufan Erhürman səlahiyyətlərinin icrasına başlayandan sonra məsələnin ciddiliyini və məsuliyyətini nəzərə alaraq, Rauf Denktaş tərəfindən əsası qoyulmuş siyasətin həyata keçirilməsinə və Türkiyə ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməyə üstünlük verəcək".
Zeynəb Mustafazadə