Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi- ÖZƏL

"Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı." Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra 2020-ci il dekabr ayının 23-də Qubadlıya ilk səfəri zamanı Azərbaycan Bayrağının ucaldılmasından sonra səsələndirdiyi bu fikirlər sahibinə qovuşan torpaqlarımızın sevincinə havanın da dəstək olduğunu nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "25 oktyabr Qubadlı Şəhəri Günüdür. Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi  böyük strateji üstünlüyü təmin etdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi.  Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol  Ermənistanın dövlət sərhədinin yanı ilə keçir. Ona görə hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird, Səfiyan və  Türklər kəndi azad edildi və eyni zamanda, strateji yüksəkliklər ələ keçirildi.
Düşmən bilirdi ki, Şuşa azad edilmədən  müharibə dayana bilməz. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı da xüsusi qeyd etmişdir ki, erməni silahlı qüvvələri  Laçın rayonunun cənub hissəsini götürəndən sonra bu tərəfdən Şuşaya gedəcəyimizi düşünürdülər. Azərbaycan Ordusu  Şuşaya başqa yolla getdi. Bu günə qədər də onlar inana bilmirlər ki,  qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğaldan azad ediblər. Bu baxımdan  Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra  Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31