"ERMƏNİLƏR İŞĞAL DÖVRÜNDƏ DOĞULDUĞUM EVİN DAŞINI BELƏ APARIB"
16 İyun 21:37 SosialMüsahibimiz tanınmış Azərbaycan şairi, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Manevr.az" , "Dalidag.az" saytlarının qurucusu, Prezident mükafatçısı Namiq Dəlidağlıdır.
İnanırıq ki, müasir poeziyamızın tanınmış simalarından olan Namiq Dəlidağlı ilə apardığımız müsahibə oxucuların marağına səbəb olacaq
- Namiq bəy, sizin fəaliyyətiniz çoxşaxəlidir. Aktiv ədəbi yaradıcılıqla məşğul olmaqla bərabər qurucusu olduğunuz saytlar, ədəbi birlik var. Eyni zamanda Türkiyədə fəaliyyət göstərən iki saytın köşə yazarısınız və s. Bu işlərin zəhmət, səbr tələb etdiyini bildiyimə görə, bu barədə sual verməyəcəm. Sizə doğma olan jurnalistika ilə ədəbiyyat arasındakı əlaqələr necədir və bu iki sahə bir-birinə necə bağlıdır?
- Əsas bağlılıq odur ki, ikisi də istedad tələb edir və yazmaq qabiliyyəti olan kəslər bu iki sahədə özlərini sınayır, imzalarını təsdiq edir. Fərqli tərəfi odur ki, ədəbiyyat sırf yaradıcılıq sahəsidir, jurnalistika isə həm də ədəbi - ictimai peşədir. Ancaq hər ikisinin materialı, xammalı SÖZDÜR.
-Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasdakı yeri haqqında nə düşünürsünüz?
Azərbaycan ədəbiyyatının tarixi çox qədim və zəngindir. Rəsmi mənbələr Qədim Azərbaycan ədəbiyyatının ilk nümunələrinin Herodotun "Tarix" kitabında saxlanılan "Midiya" və "Astiaq" əfsanələri olduğunu bildirir. Eləcə də Qədim Azərbaycan ədəbiyyatının bizə yadigar qalan ən böyük və mühüm abidəsi "Avesta"nın olması diqqətə çatdırılır.
"Kitabi - Dədə Qorqud" dastanı Azərbaycan türklərinin tarixi qəhrəmanlıq keçmişini əks etdirən möhtəşəm sənət abidəsi olaraq bu günümüzdə də aktualdır, oxunur. Qeyd edim ki, bu dastan, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq səviyyədə əhəmiyyətli bir mədəni irs nümunəsidir. 2000-ci ildə UNESCO tərəfindən "Dədə Qorqud" dastanı "Bəşəriyyətin Şifahi və Qeyri- Maddi Mədəni İrsinin Şah Əsərləri" siyahısına daxil edilmişdir. Bu, dastanın beynəlxalq səviyyədə tanınmasına və qorunmasına böyük töhfə vermişdir.
Onu da xüsusilə qeyd edim ki, Azərbaycan ədəbiyyatı müəyyən dövrlərdə təzyiqlərə məruz qalmış, çətin, eyni zamanda şərəfli tarixi yol keçmişdir.
1937-ci illərdə repressiya maşınının sükanı arxasında əyləşən Stalin-Bağırov cütlüyü "siyasi fəaliyyət"lərinə görə neçə-neçə milli düşüncə sahibinə, söz adamına, şair və yazıçımıza "xalq düşməni" damğası vuraraq həbs etdirdi, onlar işgəncələrə məruz qaldılar və edam edildilər.
Göründüyü kimi post-sovet dönəmində "sığala yatmayan", "sözə baxmayan" müəlliflər represiya qurbanı olublar. Azad sözə, yaradıcılığa ciddi maneələr yaradılıb. Bu da ədəbiyyatın inkişafına sözsüz ki, mənfi təsirini göstərib.
Bütün bunlara baxmayaraq, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatına layiqli töhfələr verib.
Təbii ki, müasir Azərbaycan ədəbiyyatının inkişaf dövrü ölkəmiz müstəqillik qazanandan sonra başladı. Artıq Azərbaycan ədəbiyyatı kifayət qədər inkişaf edib və dünya səviyyəsində nəzm və nəsr əsərləri ortaya qoyub.
-Özbəkistan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri ilə ədəbiyyat əlaqələrini inkişaf etdirmək istiqamətində nə kimi işlər görülür? Şəxsən sizin ələqələriniz hansı səviyyədədir?
-Ümimiyyətlə, türkdilli dövlətlərlə ölkəmizin bütün sahələrdə geniş əlaqələri var, buna çox maraqlıyıq. O cümlədən ədəbi sahədə də əlaqələrimiz genişlənib. Həm mətbuat və media vasitəsi ilə, həm də şəxsi münasibət quraraq yaradıcılığımızı daha geniş arenada təqdim etməyə, qarşılıqlı əlaqələr yaratmağa çalışırıq. Müxtəlif qurumlar, ədəbi birliklər var ki, sözügedən sahədə çox aktivdirlər.
Ötən il növbəti şeirlər kitabım qardaş Özbəkisatanda nəşr edildi, orada yaşayan, mənə dəstək olan dostlarıma minnətdaram. Digər türkdilli ölkələrdə də kitablarımın çap edilməsini arzulayıram və bu yöndə işlər davam edir. Yaradıcılığımdan nümunələr Mərkəzi Asiya ölkələrinin mətbuat və mediasında ardıcıl olaraq dərc edilir, yayınlanır. Orada yaşayan yaradıcı adamların yaradıcılıq nümunələrini mütəmadi olaraq burada, rəhbəri olduğum saytlarda yayınlayırıq.
-Sizcə, bu gün ədəbiyyata, kitab oxumağa maraq əvvəlki kimi qalırmı? Gənclərin kitab oxumağa marağını necə artıra, inkişaf etdirə bilərik?
-Əlbəttə, əvvəlki dövrlə müqayisədə kitab oxumağa maraq xeyli azalıb. Bunun da obyektiv səbəbləri var. İndiki informasiya bolluğunda, maraq dairəmizin digər istiqamətlərə yönəldiyi bir vaxtda kitab oxumağa həvəs azalıb. Hər şeyin asanına qaçdığımız kimi, mənəvi ehtiyaclarımızı da asan yollarla təmin etməyə çalışırıq. O üzdən, kitabı əvəz edən internet resursları bu boşluğu, ehtiyacı müəyyən qədər doldurur. Bu da təbii haldı. Dünya sürətlə inkişafdadır. Ancaq kitabdan aldığımız ruh qidasını, dincliyi heç nə əvəz edə bilməz. Odur ki, gənclərə tövsiyə edərdim, kitaba yadlaşmasınlar, kitab gerçəkdən ruha qida verən ən gözəl mənbədi.
-Həyatınızda hansısa təsadüflər olub və onlar yaradıcılıq fəaliyyətinizə necə təsir edib?
-Həyatımda və yaradıcılığımda hansısa bir təsadüfin yaddaqalan rolu olmayıb. Həyatda eləyə bildiklərim çətinliklə və öz gücümə olub.
-Əgər öz həyatınızın bir hissəsini dəyişdirmək imkanı olsa, nəyi dəyişdirərdiniz və niyə?
-Heç nəyi. Çünki, bu mümkün deyil.
-Sizcə, yaradıcı insanlar dünyanı necə başa düşürlər və bunu necə ifadə edirlər?
-Bu dünyanın müvəqqəti olduğunu hər kəs bilir. Yaradıcı olan da, olmayan da. Burda əsas fərq dərk məsələsindədir. (Əslində dünya əbədidir. Biz gəlib-gedirik, o qalır) Bu dünyanın əbədi olmadığını bilə-bilə bəzi insanlar yaxşılıqdan çox, yamanlıq edirlər.
Bir də yaradıcı adamların dünyanın içində öz dünyası da olur. Xəyallarında qurduqları öz dünyalarını bəlkə də əbədi bilirlər. Bu bir təsəllidir həm də...
- Namiq bəy, hazırkı Azərbaycan ədəbiyyatının əsas mövzuları hansılardır?
-Bu suala müəyyən qədər fərdi yanaşsam daha doğru olardı. Çünki, yaradıcılıq fərdi məsələdir. Başqasının adından danışmaq, fikir bildirmək düzgün olmazdı. Hərənin öz səsi, öz sözü, öz ruhu var.
Azərbaycan vətəndaşı olaraq hazırkı dövrdə mən ən çox zəfər ruhuna köklənmişəm. Düzdür, yağı düşmənin millətimizə, məmləkətimizə qarşı törətdiyi vəhşiliyi, ağrı-acını zaman-zaman öz yaradıcılığımızda canlandıracağıq, bunu unutmaq olmaz! Ancaq daha çox otuz ilə yaxın erməni təcavüzünə məruz qalan bir ölkənin vətəndaşı, qələm adamı olaraq yurd-ağrı acısından deyil, parlaq qələbəmizdən, zəfərimizdən, igid Azərbaycan əsgərinin şücaətindən, igidliyindən yazıram və düşünürəm.
-Söz bu mövzudan düşmüşkən bildirim ki, beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin iyirmi faizi 30 ilə yaxın işğal altında qaldı. O cümlədən sizin doğulub boya-başa çatdığınız Kəlbəcər rayonu da işğal edilmişdir. Bu gün ölkənizin ərazi bütövlüyü təmin edilib, torpaqlarınız azaddı...
-Bəli. Havadarlarının köməyi və yardımı nəticəsində bütün parametrlərinə görə Azərbaycandan zəif olan Ermənistan ərazilərimizi uzun müddət işğal altında saxladı. Mən zəif deyəndə qarşı tərəfin təkcə hərbi gücünü, texnikasını nəzərdə tutmuram. Ermənilər bir toplum olaraq da zəif xalqdı. Onlarda vətən, torpaq sevgisi ötəridir. Çünki toplum olaraq həmişə köçəri həyat yaşayıblar, vətən sevgisi, yurda bağlılıq erməni toplumunda zəif olub, ya da heç olmayıb. Ermənistan bir dövlət kimi indi Azərbaycanın əzəli torpaqlarında mövcuddur. Tarixi vərəqləsəniz görərsiniz ki, burada heç bir erməni qəhrəmanının adı keçmir. Onlar həmişə terrora meyilli olub, günahsız insanları öldüməkdə "qəhrəmanlıq göstəriblər". Ermənilər bizim yaddaşımızda "öz qanından qorxan" bir toplum kimi qalıb. Üz-üzə döyüşdə zəif olan erməni əsgəri havadarları olmasaydı bizim ərazilərimizi işğal edə bilməzdi.
44 günlük Vətən savaşında qəhrəman Azərbaycan əsgəri döyüş meydanında düşmənin cavabını verdi, ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. 30 illik işğal dövründə ermənilər ancaq o yerlərdə oğurluqla, talançılıqla məşğul olub, demək olar ki, daşı-daş üstündə qoymayıblar qalsın. İtin yalqabını, ayaqyolunda unitazı belə aparıblar.
Mənim doğulduğum Kəlbəcər rayonu da bu işğalın, talançılığın qurbanı oldu. Ermənilər işğal dövründə onun təkrarolunmaz təbiətinə düşmən qənim kəsildi, bütün təbii sərvətini korkoranə, vəhşicəsinə daşıdı, taladı. Mənim doğulduğum kəndi, atam tikən evi də söküb dağıdıb, daşını belə aparıblar. Yersiz qisasçılq, insanlara nifrət bu toplumda çox güclüdür. Tarixən özlərinin heç nəyi olmadığı üçün həmişə qonşularının və digərlərinin torpağına, varına, mədəniyyətinə, ədəbiyyatına, mətbəxinə göz dikiblər, oğurluq ediblər.
-Yaradıcı adamın məsuliyyət ilə, şəxsi həyatındakı məsuliyyət arasında necə əlaqə var?
- Əslində məsuliyyət məsələsi insanın ən müsbət cəhətlərindən biridir. Həm şəxsi, həm də yaradıcı insanların məsuliyyətinin kökündə dəqiqlik dayanır. Şəxsi həyatında məsuliyyətli olan insanlar çox zaman yaradıcılıq sahəsində bu keyfiyyətə malik olur. Ancaq burada müşahidə elədiyim digər bir məqam var: bəzi hallarda yaradıcı insanlarda olan tənbəllik, məsuliyyət məsələsini kölgədə qoyur. Bu da insanın özündən asılı deyil.
-Sizcə, yazıçının, şairin dünyagörüşü digər insanlardan fərqlənirmi? O, hansı prinsiplərə əməl etməlidir?
- Yazıçı və ya şairin dünyagörüşü digər insanlarla eyni ola bilər. Ancaq dünyaya baxışılarında fərq var. Ancaq yaradıcı adamların cəmiyyətdə nüfuzu, çəkisi onları daha diqqətli, məsuliyyətli olmağa çağırır. Çünki onlar ictimai şüurun formalaşmasına, həm də insanların düşüncə tərzinə təsir edə bilirlər.
Cahangir Namazov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü