Azərbaycan liderinin fikirləri AP və AŞPA-nın nəticə çıxarması üçün bir mesajdır-Nəsib Məhəməliyev- ÖZƏL
22 Yanvar 23:16 Siyasət"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bütün beynəlxalq platformalarda, konfrans və forumlarda iştirakı, oradakı çıxışları yadda qalan olur, mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bir qayda olaraq bu kimi görüşlərdə həm ölkəmizin maraqlarını sərgiləyir, onu nümayiş etdirir, həm də dünyanı düşündürən, qlobal miqyasda artmaqda olan təhdidlər, təhlükələrin aradan qaldırılması istiqamətində səmərəli təkliflər, təşəbbüslərlə çıxış edir. Bu baxımdan Davos İqtisadi Forumu da əhəmiyyətli platforma rolunu oynayır". Bunu "Olaylar"a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib: "Məlum olduğu kimi Azərbaycan Prezidenti yanvarın 19-dan etibarən Davos İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə işgüzar səfərdədir. Səfərin ilk günündən dövlət başçısı çoxsaylı görüşlər keçirib, bir sıra iclaslarda iştirak edib. Kifayət qədər zəngin keçən görüşlərdə Cənab İlham Əliyev dialoq və görüşlər vasitəsilə regional və qlobal məsələlərə dair rəsmi Bakının mövqeyini beynəlxalq ictimaiyyətə çatdırır, tərəfdaş ölkələrlə qarşılıqlı anlaşmanı dərinləşdirir. Bu görüşlər beynəlxalq münasibətlərdə etimadın formalaşmasına və strateji tərəfdaşlıqların inkişafına zəmin yaradır.
Bu forumun əsasən iqtisadi mahiyyət daşıdığını nəzərə alsaq, burada keçirilən görüşlər ölkəyə xarici investisiyaların cəlb edilməsi baxımından böyük imkanlar aça bilər. Prezidentin aparıcı şirkətlərin və maliyyə institutlarının rəhbərləri ilə apardığı danışıqlar da məhz bu məqsədə xidmət edir. Bir sözlə prezidentin Davosdakı fəal fəaliyyəti ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfə verir.
Cənab İlham Əliyevin bu kimi platformalarda aktiv iştirakı, təşəbbüskarlığı istər-istəməz beynəlxalq medianın da diqqətini ölkə başçımıza çevirir. Elə "Euronews" televiziyasına müsahibə də məhz bu marağın, diqqətin göstəricisi idi. Bu və ya digər beynəlxalq forum və konfranslarda Azərbaycan liderindən xarici media qurumlarının telekanallarının müsahibə alması artıq ənənə halını alıb.
Dövlət başçısı sözügedən telekanala müsahibə zamanı hər zaman olduğu kimi hər şeyi açıq şəkildə ifadə etdi. Həm ölkəmizin mövqeyi, milli maraqları, gələcəyə baxışını ortaya qoydu, həm də ənənəsinə sadiq qalaraq bəlli dairələrə öz mesajını verdi. Xüsusilə, dövlət başçısı Avropa Parlamentinin qərəzli, qeyri-obyektiv yanaşmasına diqqət çəkərək bildirdi ki, rəsmi Bakı artıq AP-nin hansısa qərar və qətnamələrinə reaksiya vermir. Çünki, dövlət başçısının dediyi kimi Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Bu sıraya Avropa Şurası Parlament Assambleyası da daxildir. Əslində Azərbaycan liderinin bu fikirləri AP və AŞPA-nın öz fəaliyyətindən nəticə çıxarması üçün bir mesajdır. Hər nə qədər buna inamımız az olsa da, hər halda dövlət başçısının qeyd etdiyi kimi ümid edirik ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər".
Millət vəkili əlavə edib ki, Zayed İnsan Qardaşlığı Mükafatına Cənab İlham Əliyevin layiq görülməsi gözlənilən idi. Çünki Azərbaycan lideri bütün istiqamətdə olan fəaliyyətləri ilə həmin mükafatı almağı haqq edir: "Bir qayda olaraq sözügedən mükafat dünyada sülhün, tolerantlığın, multikultural dəyərlərin və dinlərarası dialoqun təşviqinə verdiyi töhfələrlə seçilən şəxslərə və qurumlara təqdim olunur. Bütün bu qeyd edilən müsbət keyfiyyətləri Cənab İlham Əliyev özündə cəmləşdirir. İlham Əliyev hələ Dağlıq Qarabağ münaqişəsi mövcud olduğu illərdə problemin sülh yolu ilə həllinə tərəfdar olub, hər zaman danışıqlar vasitəsilə məsələnin həllindən yana olub. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizdən sonra da İlham Əliyev sülh tərəfdarı kimi çıxış edir. Baxmayaraq ki, bir qayda olaraq qalib ölkə sülhə meyilli olmur, daha çox güc amilinə üstünlük verir. Lakin Azərbaycan Prezidenti regiona daimi, qalıcı sülhün gəlməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasına ciddi şəkildə çalışır.
Digər tərəfdən İlham Əliyevin rəhbərliyi altında ölkəmiz qalib dövlət olmaqla yanaşı, eyni zamanda multikultural və dini tolerant ölkə kimi də tanınır. Multikulturalizm və dini tolerantlığın qorunması İlham Əliyevin fəaliyyətinin əsas ana xəttini təşkil edir. Bu siyasət də öz növbəsində beynəlxalq aləm tərəfindən ciddi şəkildə izlənilir və öz layiqli qiymətini alır.
Heç kimə sir deyil ki, İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan multikulturalizm və dini tolerantlıq sahəsində özünəməxsus bir model formalaşdırıb. Müsəlmanların, xristianların, yəhudilərin və digər dini icmaların əsrlərdir sülh şəraitində birgə yaşadığı Azərbaycan bu dəyərləri dövlət siyasəti səviyyəsinə yüksəldib. Məscidlərin, kilsələrin və sinaqoqların bərpası və qorunması, dini icmalara dövlət dəstəyinin göstərilməsi Azərbaycanın təkcə regional deyil, qlobal miqyasda tolerant cəmiyyət nümunəsi kimi qəbul olunmasına səbəb olub. Həm sadaladığımız amillər, həm Azərbaycanın Şərqlə Qərb arasında körpü rolu oynaması, eyni zamanda Cənab İlham Əliyevin qlobal dialoqa verdiyi töhfə və Bakının İslam dünyası ilə Avropa arasında mühüm dialoq platformasına çevrilməsi Azərbaycan liderinə Zayed İnsan Qardaşlığı Mükafatının verilməsini şərtləndirən amillərdəndir".
Alim Hüseynli