Köhnə dostlar arasında “Qrenlandiya buzlaşması” – Aİ-nin cavabı nə olacaq?

Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında "Qrenlandiya davası" bir-birini hədələmək müstəvisində davam edir. Xəbər verildiyi kimi, prezident Donald Tramp öncə Avropanın Qrenlandiya məsələsində Vaşinqtonun mövqeyi ilə razılaşmayacağı təqdirdə Aİ ölkələrinə yeni iqtisadi tariflər tətbiq edəcəyini bildirsə də, dünən fikrini dəyişərək bundan imtina edib.

Almaniya Kansleri Fridrix Merts isə Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib ki, Avropa ərazisinin güc yolu ilə alınması qəbuledilməzdir və ABŞ tərəfindən Aİ-yə yeni tariflərin tətbiqi Transatlantik ölkələrin əsasını sarsıda bilər. Mers vurğulayıb ki, Tramp təzədən fikrini dəyişib sanksiya tətbiq etmək istəsə, Avropa Danimarkanı yenə tək qoymayacaq: "Avropa İttifaqının yeni tariflərə cavabı müştərək, qətiyyətli və hesablanmış olacaq".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, Avropa İttifaqının ABŞ-ın mümkün yeni iqtisadi tariflərinə "müştərək, qətiyyətli və hesablanmış" cavabı bir neçə istiqamətdə formalaşa bilər:

"Burada əsas məqsəd həm ABŞ-a real iqtisadi-siyasi mesaj vermək, həm də transatlantik münasibətləri tam qırılma nöqtəsinə gətirməməkdir. ABŞ-dən idxal olunan strateji məhsullara - kənd təsərrüfatı məhsulları, avtomobil hissələri, texnologiya komponentləri, sənaye mallarına seçici rüsumların tətbiqi mümkündür. Tariflər elə sahələri hədəfləyə bilər ki, ABŞ-də daxili siyasi təzyiq yaratsın".

Deputatın fikrincə, Aİ-nin daha bir cavabı ABŞ şirkətləri üçün dövlət satınalmalarında məhdudiyyətlər, sertifikatlaşdırma, ekoloji standartlar və rəqəmsal tələblərin sərtləşdirilməsi kimi texniki baryerlər yaratmaq ola bilər: "Aİ xüsusilə ABŞ-nin güclü olduğu sahələri hədəfə ala bilər. Məsələn, rəqəmsal xidmətlərə yüksək vergi tətbiq edilməsi, süni intellekt, məlumatların qorunması və rəqəmsal bazar qaydalarının daha da sərtləşdirilməsi mümkündür".

Komitə üzvünün sözlərinə görə, Aİ ABŞ-yə mesaj verə bilər ki, enerji idxalında alternativ marşrutlara üstünlük veriləcək. Eyni zamanda, Aİ ölkələri müdafiə sifarişlərində ABŞ şirkətlərinin payının azaldılmasına gedə bilərlər: "Bundan başqa, Aİ ABŞ tariflərini Ümumdünya Ticarət Təşkilatının qaydalarının pozulması kimi təqdim edə bilər. Ardınca isə rəsmi şikayətlər və arbitraj prosesləri başladılar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31