Kamran Əsədov məhkəmədən sonra jurnalistlərin suallarını cavabsız qoyaraq qaçdı
20:15 SosialTanınmış təhsil eksperti Kamran Əsədovun Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə etməklə abituriyentlərə kömək etməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi bu gün, yanvarın 22-də Gəncə Şəhər Məhkəməsində keçirilib.
Məhkəmə iclasında ittiham aktı elan olunub, tərəflərin mövqeləri dinlənilib. Proses başa çatdıqdan sonra məhkəmə binasını tərk edən Kamran Əsədov onu gözləyən media nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edib. Təhsil eksperti heç bir açıqlama vermədən sürətlə ərazidən uzaqlaşıb. Musavat.com həmin anları əks etdirən videonu oxucularına təqdim edir.
İttihama əsasən, Kamran Əsədov və onunla birlikdə təqsirləndirilən tarix müəllimi Gündüz Abbasov 2025-ci ildə keçirilən qəbul imtahanları zamanı təxminən 15 abituriyentə qanunsuz yolla kömək etmək məqsədilə cinayət əlaqəsinə giriblər. Bildirilir ki, onlar gizli kamera, "vip smart" telefonlar və nano-qulaqlıqlar vasitəsilə imtahan suallarının cavablarını abituriyentlərə ötürüblər. Texniki vasitələrin əvvəlcədən imtahan iştirakçılarının ayaqqabılarının alt hissəsində gizlədilərək imtahan binalarına keçirildiyi qeyd olunur.
Hazırda Kamran Əsədov Cinayət Məcəlləsinin 302.3-cü maddəsi (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə) və 308.1-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik) ilə ittiham olunur. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Cinayət işi üzrə digər təqsirləndirilən şəxs Gündüz Abbasov isə hazırda həbsdədir.
Məhkəmə materiallarında qeyd olunur ki, istintaq zamanı Kamran Əsədovun ilkin mərhələdə ittihamları qismən etiraf etdiyi barədə məlumatlar yayılıb. Lakin o, sonrakı açıqlamalarında özünü irəli sürülən ittihamlar üzrə birmənalı şəkildə təqsirli hesab etmədiyini bildirib.
Məhkəmənin növbəti iclasının yanvarın 23-nə təyin edildiyi açıqlanıb.
Qeyd edək ki, proses cəmiyyətin və təhsil ictimaiyyətinin diqqət mərkəzində qalmaqda davam edir.
Musavat.com