Boşanmaq həyatın sonu deyil
21 Fevral 15:40 SosialEvlilik insan həyatının ən mühüm mərhələlərindən biridir. Bu, yalnız iki insanın bir araya gəlməsi deyil, eyni zamanda bir ailənin qurulması, sosial və şəxsi məsuliyyətlərin bölüşdürülməsi deməkdir. Lakin bəzən evlilikləri davam etdirmək cütlüklər tərəfindən mümkünsüz hal alır. Boşanma cəmiyyət tərəfindən müxtəlif formalarda dəyərləndirilir: bəzi insanlar bunu həyatın təbii bir hissəsi kimi qəbul edir, digərləri isə boşanmanı uğursuzluq kimi görür.
Cəmiyyətin boşanmaya baxışı: Günahkar kimdir?
Azərbaycan cəmiyyətində boşanma hələ də çox vaxt mənfi qarşılanır. Ailənin dağılması bəzən həyatın qaçılmaz bir gerçəkliyi olsa da, insanlar bunu qınamağa meyilli olurlar. Xüsusilə də qadınlar boşanma sonrası cəmiyyətin ciddi təzyiqi ilə üzləşirlər. Ənənəvi düşüncə tərzinə görə, qadın ailənin qoruyucusudur və evliliyin uğursuzluğu onun üzərinə yüklənir.
Bu yanaşmanın kökləri dərin sosial və mədəni inanc sistemlərinə əsaslanır:
• "Qadın ailəni qorumağa borcludur" - Bu düşüncə tərzi boşanmış qadınları günahlandırır və onların "yaxşı həyat yoldaşı" ola bilmədikləri iddiasını ortaya qoyur.
• "Boşanmaq kişini gücsüz göstərir" - Cəmiyyətdə bəzən boşanmış kişilər də uğursuz kimi qəbul edilir, çünki "ailəni idarə edə bilməmək" onların zəifliyi kimi görünə bilər.
• "Uşaqlar üçün boşanmaq travmadır" - Valideynlərin ayrılması uşaqlara təsir edə bilər, lakin bəzi hallarda münaqişə içində böyümək daha böyük travma yaradır.
Boşanmış insanlar bəzən cəmiyyətin sərt münasibətilə üzləşirlər. Onların yenidən ailə qurması çətinləşir, xüsusilə də qadınlar üçün. Boşanmış kişi subay biri ilə evləndikdə bu, adi hal kimi qəbul edilsə də, boşanmış qadın yenidən ailə qurduqda cəmiyyətin mühakiməsi daha sərt olur.
Çox az qisim insan bu ayrılığı yaşayan şəxslərə anlayışlı yanaşır. Onlar bunu həyatın bir təcrübəsi kimi görür və insanın yenidən xoşbəxt olmağa haqqı olduğuna inanırlar. Müasir dövrdə gənc nəsil boşanmaya daha rasional yanaşır və bunu şəxsi seçim kimi qəbul edir.
Boşanmanın ən vacib səbəblərindən biri də ailədaxili zorakılıqdır. Həm psixoloji, həm də fiziki şiddət evliliklərdə böyük problemlərə səbəb olur. Xüsusilə də cəmiyyətin "ailə hər şeydən üstündür" fikri insanları dözülməz münasibətləri davam etdirməyə məcbur edir. Lakin zorakılıq hallarına göz yummaq nə qədər doğrudur?
Ailə, insanın güvən yeri olmalıdır, qorxu mənbəyi yox. Əgər bir evlilikdə:
• Fiziki zorakılıq baş verirsə,
• Psixoloji təzyiqlər (alçaltma, təhqir, manipulyasiya və s.) mövcuddursa,
• Maddi asılılıq bir nəzarət mexanizminə çevrilibsə,
• Uşaqlar da bu zorakılığın şahidi olursa, bu evliliyin qorunması insanın özünü məhv etməsi deməkdir. Qorxudan, cəmiyyətin qınağından və ya "boşanmaq ayıbdır" düşüncəsindən dolayı şiddət içində qalmaq, insanın özünə vurduğu ən böyük zərbədir. Bəzən boşanmaq, sadəcə bir seçimi deyil, həyati əhəmiyyətli bir qərarı təmsil edir.
Boşanma psixoloji yükdürmü?
Hər bir ayrılıq emosional çətinliklər yaradır. İnsan vərdiş etdiyi mühitdən uzaqlaşır, gələcəyi ilə bağlı narahatlıq hiss edir və cəmiyyətin reaksiyasından çəkinir. Xüsusilə də boşanmış qadınlar depressiya, özünəinam itkisi və sosial təcrid hissləri ilə mübarizə aparmalı olurlar.
Lakin boşanma eyni zamanda yeni başlanğıc ola bilər. Uğursuz evlilikdən çıxdıqdan sonra insanlar özlərini daha yaxşı tanıyır, fərdi inkişaf üçün yeni imkanlar tapır və daha sağlam münasibətlər qurmaq şansı əldə edirlər. Burada əsas olan, ayrılığa məğlubiyyət kimi deyil, insanın rifahı üçün atılmış addım kimi baxmaqdır.
Boşanmış insanlara cəmiyyət tərəfindən daha anlayışlı yanaşılmalıdır. Onları günahlandırmaq, qınamaq və ya "yarımçıq" hesab etmək əvəzinə, qərarlarına hörmət edilməli və dəstək göstərilməlidir. Xüsusilə də zorakılıq qurbanı olmuş insanlara hüquqi və psixoloji dəstək imkanları artırılmalıdır.
Boşanmaq həyatın sonu deyil. Əsas olan, insanın öz rifahını, psixoloji və fiziki sağlamlığını qoruyaraq, həyatda ən doğru seçimi edə bilməsidir.
Zeynəb Rzayeva