Övlad böyütmək borcdur, yoxsa seçim?

Valideynlərin uşaqları üçün fədakarlıq etməsi normaldır, yoxsa bu, övladlara borc kimi yüklənir?

İnsan doğulanda özü ilə birlikdə heç bir borc gətirmir. Ancaq o bir gün böyüyəcək, cəmiyyətin bir parçasına çevriləcək və fərd olaraq formalaşacaq. O zaman sual yaranır: Uşaq böyütmək valideynin borcudur, yoxsa onun seçimi? Daha dəqiq desək, valideynlərin övladları üçün etdiyi fədakarlıqlar normal və gözlənilən bir davranışdırmı, yoxsa gələcəkdə uşaqlara ödənilməli olan borc kimi təqdim olunmalıdır?

Bu sual cəmiyyətimizdə bəzən açıq, bəzən isə səssiz şəkildə mübahisə predmetinə çevrilir. Bəzi valideynlər hesab edirlər ki, övlad böyütmək fədakarlıq və sonsuz sevgi tələb edən müqəddəs bir missiyadır. Digərləri isə bu prosesi bir növ borc kimi görür və bu borcun zamanla uşaqlar tərəfindən qaytarılmasını gözləyirlər.

Valideynliyin təməl prinsipi: Fədakarlıq, yoxsa gözlənti?

Bir çox insanlar üçün valideyn olmaq, sadəcə, dünyaya uşaq gətirmək deyil. Bu, həm də ona qayğı göstərmək, təhsil vermək və düzgün şəxsiyyət kimi formalaşmasına kömək etməkdir. Valideynlər övladlarının gələcəyi üçün çalışır, onları qoruyur, yedirir və geyindirir. Bu, onların öz öhdələrinə götürdükləri məsuliyyətdir və könüllü bir qərardır.

Ancaq bəzi hallarda bu fədakarlıq uşağa borc kimi təqdim edilir. Bəzi valideynlər yaşlandıqda və ya çətin vəziyyətə düşəndə övladlarının onlara baxmasını, bütün ehtiyaclarını ödəməsini, sanki, "qarşılığını qaytarmasını" gözləyirlər. Bunu bir neçə ifadə ilə də görmək mümkündür:

•    "Səni bu günə qədər mən böyütmüşəm, indi növbə sənindir."
•    "Biz sənin üçün hər şeyimizi fəda etdik, sən də bizim üçün etməlisən."
•    "Biz bu qədər əziyyət çəkdik, borcunuzu unutmayın!"

Bu yanaşma bəzi övladlar üçün psixoloji yükə çevrilir və onların şəxsi həyatlarına təsir edə bilir. Onlar öz seçimlərini deyil, valideynlərinin gözləntilərini yerinə yetirməyə çalışır, nəticədə isə öz həyatlarını qurban verməli olurlar.

Dünyanın müxtəlif mədəniyyətlərində valideyn-övlad münasibətləri fərqli yanaşmalarla formalaşır. Məsələn:
•    Şərq cəmiyyətlərində (Çin, Yaponiya, Hindistan, Azərbaycan və s.) valideynlərə qayğı göstərmək müqəddəs borc kimi qəbul edilir. Ailənin böyükləri yaşlandıqda onların ehtiyaclarını qarşılamaq övladların əsas vəzifələrindən biri hesab olunur. Hətta bəzi ölkələrdə bu, qanunlarla da tənzimlənir.
•    Qərb cəmiyyətlərində (ABŞ, Avropa ölkələri və s.) isə fərdilik ön planda olduğu üçün valideynlər övladlarına borc hissi aşılamır. Burada uşaqların müstəqil şəkildə böyüdülməsi və valideynlərin yaşlandıqda dövlətin sosial təminat sistemindən faydalanması daha çox rast gəlinən bir praktikadır.
Azərbaycanda isə bir tərəfdən valideynlər övladlarının gələcəyinə yatırım edir, digər tərəfdən isə bunun qarşılığını gözləyir.

Bir valideyn olaraq uşağı böyütmək fədakarlıq tələb edir, amma bu fədakarlığın qarşılığında övladlardan konkret gözləntilər qoymaq nə qədər doğrudur? Burada balansı qorumaq vacibdir.
Uşaq böyütmək könüllü bir qərardır. Əgər valideyn övladına sevgi və qayğı göstərirsə, bunu qarşılıq gözləmədən etməlidir. Bu, uşağın inkişafına müsbət təsir edir və onu daha sağlam şəxsiyyət kimi formalaşdırır.
Bəzən valideynlər uşaqları öz arzularını reallaşdırmaq üçün vasitə kimi görürlər. Onları müəyyən bir karyera istiqamətinə yönəldir, həyat seçimlərinə müdaxilə edirlər. Halbuki uşaqların öz yollarını seçmələrinə imkan vermək, onları xoşbəxt və uğurlu edəcək seçimləri etmələrinə şərait yaratmaq daha önəmlidir.
Ən gözəl ailə münasibətləri sevgi üzərində qurulur. Əgər valideyn övladına borc deyil, sevgi hissi ilə yanaşırsa, övlad da öz növbəsində böyüdükdə valideyninə sevgi ilə yanaşacaq. Bu zaman valideynə qayğı məcburiyyət deyil, könüllü bir seçim olacaq.

Övladlar valideynlərinə borcludurmu?

Bu sualın qəti cavabı yoxdur, çünki hər bir ailənin dinamikası fərqlidir. Ancaq əsas prinsip budur ki, valideynlər uşaqları böyütmək üçün fədakarlıq edərkən, bunu borc anlayışı ilə etməməlidir. Övlad valideyninə yalnız sevgi, hörmət və ehtiram borcludur - lakin bu, məcburiyyət olmamalıdır.

Düzgün tərbiyə almış bir uşaq valideyninə dəyər verəcək, onu sevəcək və yaşlandıqda ona qayğı göstərəcək. Lakin bu, heç bir zaman borc məntiqi ilə edilməməlidir. Çünki əgər bir insan öz valideyninə yalnız borc hissi ilə qayğı göstərirsə, deməli, bu münasibət məhəbbət deyil, ödənilməli olan məcburi bir hesab kimidir.

Övlad böyütmək nə borc, nə də qarşılıq gözləməli olduğumuz bir əməldir. Bu, sevgi və mərhəmətə əsaslanan təbii bir prosesdir. Əgər valideyn övladını qarşılıq gözləmədən sevərsə, övlad da onu eyni qayğı və ehtiramla sevəcəkdir. Ailədə münasibətlərin təməli məcburiyyət və borc anlayışı üzərində deyil, sevgi və anlayış üzərində qurulmalıdır.

Unutmayaq ki, sevgi ilə verilən hər şey zamanla daha böyük sevgi ilə geri qayıdır. Borc hissi ilə verilən isə yalnız yük yaradır.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31