Arçutlu (Ardıclı) yeniyetmə və gənclər üçün stimul və həvəs: Cəmiyyətin, elin və obanın idarəolunmasının əsasları
17 Fevral 2025 10:17 Sosial"ARDIC" Hərəkatının "Arça" Düşüncə Mərkəzinin təqdimatında
İdarəçilik özündə rəhbərliyi və tənzimləməni əks etdirən sistemli, iyerarxik bir prosesdir. Bu proseslər sayəsində elementlərin, subyektlərin və vasitələrin bir arada, bir mərkəzdə birləşdirilməsi prosesləri yaşanır. İdarəçilik müəyyən mərkəzlərdə qruplaşdırma, strukturlaşdırma, işlək mexanizmlər yaratma, sistemləşdirmə, tərkiblərə ayırma, mərkəzləşdirmə hadisələrinin və proseslərinin cəmidir. Proseslərdə axarlar, axınlar, cətəyanlar paralel şəkildə və koordinasiya olunmuş birləşdirici, bölücü və paylayıcı əsaslarda büruzə verir. İdarəçilik proseslərin müəyyən koordinatlarda uyğunlaşdırılması, uzlaşdırılmasıdır. İdarəçilik proseslərin və prosesləri təşkil edən elementlərin paralelləşdirilməsindən və təsnif olunmasından, seçilməsindən və təsnif olunmasından ibarət olan hadisələr məcmsuudur. İdarəçilik iyerarxik tabeçilik və səlahiyyətlərin bölgüsü, məsuliyyətlərin paylaşdırılması prosesləridir. İdarəçilik sayəsində ortaq maraqlar formalaşır, ortaq mənafelər təmin olunur. Hadisələrin fiziki forması və mahiyyəti arasında bağlılıq yaradılır. Ortaq mərkəzlərdə cəmləşmə sayəsində kollektivçilik, birgə iştirakçılıq meydana gəlir. Bu da özlüyündə güc və enerjini, hərəkətləri, cərəyanlar axarını özündə ifadə edir. Proseslərin çoxluğu, axını, dalğa forması alması bir tərəfdən təsir yaradır, ətrafı cəlb edir, digər tərəfdən də mərkəzi axınların ətrafa doğru təsirlərini artırır. Mərkəzə və mərkəzdən ətraflara bölünmə, paylanma meydana gəlir. Bununla da mərkəzdə faydalanma, ətraflarda faydalanma prosesləri yaşanır. İdarəçilik kollektiv maraqları təmin edən kollektiv qoşulma, birləşmə, hərəkətləri sintez etmək prosesidir. Bu baxımdan da idarəçilik özlüyündə müsbət bir hadisədir, pozitivlikləri özlüyündə ehtiva edir. İdarəçilikdə nəzarət, müşahidə, diqqət və qayğı amili var. Bu kimi kompleks amillər özlüyündə şəbəkə xarakterli qazancların əldə olunmasını şərtləndirir. İdarəçilik öz tənzimləməsi ilə faydalar verir, qazanclar əldə etməyə zəmin yaradır. İdarəçilik qaydalarla, normalarla tənzimlənir, qaydalar və qanunlar, normalar yaradır. Bu normalar prinsipləri özündə əks etdirir. Prinsiplər gücün birləşməsini özündə ehtiva edir. İdarəçilik fəaliyyət qanunlarının və prinsiplərinin yaranması şərtlərini özündə əks etdirir.
İdarəçilik dövlət, cəmiyyət, ailə, qəsəbə, məhlə, kənd və s. kimi toplumlarda geniş tətbiq olunur. Bu kimi məkanlarda idarəçiliyin formalaşması ilə elementlərin bir arada cəmləşməsi prosesləri yaşanır. Elementlər cəmləşdikdə potensial artır, güc və enerji meydana gəlir. İdarəçiliyin əraziyə tətbiqi sayəsində ərazinin doğmalaşması prosesləri yaşanır. Mərkəzdən elementlərin ətrafa doğru genişlənməsi, yayılması təmin edilir. Diqqət və qayğının yayılması prosesləri böyüyür. İdarəçilik sahiblik, üzərində qərar vermək kimi xüsusiyyətləri özündə əks etdirir. İdarəçiliklə aidiyyatlılıq, məxsusluq, mənsubluq kimi hallar meydana gəlir. İdarəçilik potensialların, bilik və bacarığın, istedadın üzərə çıxması şərtlərini birləşdirir. Mənəvi və fiziki keyfiyyətlərin üzərə çıxması potensialın çoxalmasına səbəb verir. Potensial, güc, qüvvə proseslərin axarının tənzimləməsini şərtləndirir.
İdarəçiliyin tətbiq olunduğu məkanlar növlərə, sahələrə ayrılır. Eləcə də idarəçilik özü də bir proses kimi sahələrə bölünür. Məsələn, idarəçilik tətbiq olunması sahəsinə, yerinə, məkanına görə dünya, ölkə, şəhər, qəsəbə, rayon, kənd, vilayət, əyalət, muxtar qurumun idarəolunması kimi istiqamətlərə bölünür. Eyni zamanda formasına görə, miqyasına görə və kəmiyyət idarəçiliyi də mövcud olur. Məsələn, siyasi idarəçilik, inzibati idarəçilik kimi tipləri ayırd etmək olur. Siyasi idarəçilik əsasən dövlət idarəçiliyidir, eləcə də partiyaların siyasətdə iştirakıdır. Siyasət institutları siyasi idarəçilikdə iştirak edirlər. İdarəçiliyi təşkil edir və axarını yönləndirirlər. Mərkəzi və ali xassəyə malikdir. Ölkədaxili və ölkəxarici münasibətləri özündə əks etdirir. İnzibati idarəçilik ölkədaxili inzibati idarələrin təşkili və idarəolunmasıdır. Aparat idarəçiliyidir. Funksiya, vəzifə mahiyyətinə görə inzibati məna kəsb edir.
İdarəçiliyin bir forması da cəmiyyətin ictimai idarəçiliyidir. Burada başlıca olaraq ictimai qurumlar, bu baxımdan birliklər, hərəkatlar, fondlar iştirak edir. Cəmiyyətin maraqlarını güdür və cəmiyyətin mənafeyinin təmin olunmasına istiqamətlənir. İctimai idarəçilik ictimai ruhun tənzimlənməsi funksiyasını yerinə yetirir. İctimai maraqlar ictimai ruhdan törəyir. İctimai maraqlara mədəniyyət, elm və incəsənət, ədəbiyyat sahəsində olan maraqlar, adət-ənənələr aid edilir. Xalqın etik və estetik dəyərləri ictimai maraqlarda öz əksini tapır. İctimai maraqların təmini sayəsində özünütəsdiq və özünüifadə müəyyən olunur. İdentifikasiya nəticəsində dərk olunma ortaya çıxır. İctimai idarəçilik bəşəriyyətin duyulmasıdır. İnsanlıq mənasının aşkarlanmasını təmin edən aktlar cəmidir. İctimai idarəçilik cəmiyyətin tərəqqisini və müdafiəsini təmin edən aktlar cəmindən ibarət olan məcmu prosesdir.
Cəmiyyət idarəçiliyinin əsas xassələrindən biri onda "yumşaq idarəçiliyin" olmasıdır. Burada yumşaq göstərişlər və yumşaq, öz istəyinə uyğun tabeçilik vardır. İmkanların könüllü şəkildə ifadə edilməsidir. İctimai işlər təbii ki, maddi marağa söykənmir, ictimai mənafeni güdür. Yaddaşın, tarixin, mədəniyyətin, adət-ənənənin qorunmasına əsaslanır. Burada ictimai mənafe güdülür. Kəndin ictimai idarəçiliyi icma idarəçilyini özündə ehtiva edir. Burada vəsaitlər könüllü olaraq cəmləşir. Fondlar könüllü şəkildə formalaşır. Yardımlar, ianələr toplanır. Layihələr, platformalar tərtib olunur. Layihələr ictimai maraqların təmin olunmasını başlıca prinsip və şərt olaraq müəyyən edir. İctimai idarəçilik adın, şərəfin, ləyaqətin və dəyanətin qorunmasına yönəlir. Toplanmış güc, qüvvə, enerji sayəsində ictimai müqtədirlik, iqtidarlılıq meydana gəlir. İctimai vəzifələrin bölgüsü yaranır və yumşaq strukturlaşma sayəsində könüll inizabti tənzimləmə formalaşır.
Arçut əsilli yeniyetmələr və gənclər kənd idarəçiliyi (icma idarəçiliyi) əsasında kəndin camaatının idarə olunması proseslərini yaxından dərk edə bilərlər. İcmaların idarə olunması və strukturlaşması özlüyündə baza olaraq iki mühüm mexanizmi əks etdirir: birincisi, real məkanda, birbaşa, əyani idarəçilik; ikincisi qiyabi, səpələnmiş məkanlardan idarəçilik. Təbii ki, ikinci variant çox çətindir. Düzdür, indiki informasiya resursları onlayn idarəçiliyi asanlaşdıra bilir. İdarəçilik üçün məlumatların(təlimatların, göstərişlərin, qərarların, bildirişlərin və s.) yayılmasını özündə ehtiva edir. Ofis idarəçilyi onlayn qaydada təmin oluna bilir.
Ardıcın ictimai əsaslarla idarə olunması öz çətinliyi və mürəkkəbliyi ilə seçilir. Belə ki, Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının Arçut (Ardıc) kəndi 1988-ci ilin dekabr ayında deportasiyaya məruz qalıb və bu səbəbdən də parçalanmış, pərən-pərən düşmüş vəziyyətdədir. Lakin Azərbaycanın Şabran rayonunda, Abşeron rayonunun Türkan Üzümçülük Sovxozunda, eləcə də Bakı şəhərinin bəzi küçə və qəsəbələrində (M.Ə.Rəsulzadə qəsəbəsində, Montin qəsəbəsində, İnqilab küçəsində və C.Məmmədquluzadə küçəsində və digər küçələrdə) kompakt şəkildə məskunlaşıblar. Bu baxımdan da ictimai idarəçilik əsasən onlayn qaydada həyata keçirilir. Bu gün kəndin ictimai idarəçiliyi, ictimai ruhunun tənzimlənməsi üçün Qərbi Azərbaycan İcmasının Böyük Qarakilsə İcmasının nəzdində Arçut İcması tərəfindən və 2020-ci ildə formalaşan "ARDIC" Hərəkatı tərəfindən həyata keçirilir. İctimai idarəçiliyin tərkibi olaraq müxtəlif ictimai layihələr həyata keçirilir. Layihələrdə kəndin mədəniyyəti, adət-ənənələri, incəsnət nümunələri nümayiş olunur. Yaddaş təzələnir və gələcək nəsillər üçün irs formalaşdırılır.
Ardıcın ictimai əsaslarla idarə olunmasının müsbət tərəflərini aşağıdakı nəzəri əsaslarla konseptuallaşdırmaq (strukturlaşdırmaq) və ümumiləşdirmək olar:
-idarəçilik gənclik strategiyasının təmin olunmasının tərkib hissəsidir;
-ictimai idarəçilik gəncləri bir araya gətirir, görülən müxtəlif tədbirlər sayəsində (məsələn, festival sayəsində) gənclərin birliyi yaranır;
-idarəçilik gənclərin ruhunu coşdurur, onlarda gələcəyə parlaq baxışları, inam və güvəncləri meydana gətirir;
-idarəçilik gənclik arzusunun, gənclik ümidinin yerinə yetirilməsi məqsədilə vasitələri qruplaşdırır, şəbəkə halına salır;
-idarəçilik sayəsində ilk növbədə sakinlərdə, o cümlədən oyanış və dirçəliş proseslərini şərtləndirir. Düşüncələrin, fikirlərin mərkəzləşməsi, vahid axarlara yönləndirilməsi prosesləri yaşanır;
-ictimai idarəçiliyin yaratdığı proseslər cəmiyyətin, ölkənin, dövlətin yaxından dərk olunmasını təmin edir və şəxsiyyətin tamamlanmasında bu kimi elementlərin mühüm rolunu aydınlaşdırır;
-ictimai idarəçilik gənclərin bir arada mərkəzləşməsini təmin etdiyindən kollektiv dərketməni özündə əks etdirir, gənclik təfəkkürünün formalaşmasını özündə ehtiva edir;
-ictimai idarəçilik gənclər üçün əyani və qiyabi əsaslı, bu baxımdan da onlayn və offlayn formatlı idarəçiliyə nail olmağın əsaslarını meydana gətirir;
-dirçəliş və oyanış proseslərindən həmrəylik, birlik, bütövlük ideyaları ortaya çıxır və bu istiqamətdə layihələr formalaşır;
-həmrəyləşməyə yönələn ideyaların məcmulaşması sayəsində sakinlərin özünüdərk prosesləri yaşanır;
-idarəçilik qabiliyyətləri, bilik və bacarıqları üzərə çıxardır, səriştələri ifadə edir;
-idarəçilik humanizmi təbliğ və təşviq etdiyindən humanitar layihələrin həyata keçməsini təmin edir, zəruriləşdirir;
-idarəçilik xeyriyyəçilik fəaliyyətini özündə ehtiva edir və fondların yaranmasını təmin edir;
-idarəçilik gənclərdə rəhbərlik ruhunu yaradır və gənclərin istedad, bilik və bacarıqlarının üzərə çıxması üçün şərtləri özündə ehtiva edir;
-ictimai idarəçilik gənclik nüfuzunun formalaşmasını təmin edir. Bunun sayəsində gənc özünü cəmiyyətdə təsdiq etmək imkanları qazanır;
-idarəçilik gənclər arasında kollektiv işləmək prinsiplərini özündə əks etdirir;
-kollektiv idarəçilik gənclərdə ifrat eqoizmin yaranmasının qarşısını alır və "yaylı" və "yumşaq" xarakterin formalaşmasını təmin edir;
-idarəçilik gənclər üçün struktur və mexanizm qaydalarının yaranmasını şərtləndirir, idarəçilik sistemini və strukturunu formalaşdırır. Qaydaların müəyyən olunması prinsiplərini öyrədir;
-idarəçilik gənclərin ictimai düşüncələrinin zənginləşməsini təmin edir və onların sosial inkişafına təkan verir. Sosial meydanlar, sahələr gəncləri daim məşğul edir, fəaliyyətlərini yönləndirir;
-ictimai idarəçilik gəncləri cəmiyyətə açıq elan edir və onların ünsiyyətcil olmasını şərtləndirir;
-ictimai idarəçilik gənclər üçün təcrübə imkanlarını bəxş edir və onları inzibati və siyasi idarəçiliyə hazırlayır, idarəçilik keyfiyyətlərini üzərə çıxarır;
-ictimai idarəçilikdə iştirak bütöv və təkmil gəncliyin formalaşmasını özündə əks etdirir;
-ictimai idarəçilik sayəsində gənclər tərəfindən cəmiyyətin əhatəli tanınması prosesləri yaşanır və gəncləri cəmiyyətə daha da yaxınlaşdırır. Onları mənalı həyata bağlayır;
-ictimai idarəçilik cəmiyyətlərdə gənclərin karyeralarının formalaşmasını şərtləndirir və onların iş və təcrübə qazanmlarına kömək edir;
-ictimai idarəçilik siyasi və inzibati idarəçilik arasında vasitə olduğundan gənclər üçün yüksək təcrübələrin qazanması şərtlərini özündə cəmləşdirir;
-ictimai idarəçilik gənclərdə yaradıcılıq və quruculuq ruhunun formalaşdırılmasını təbliğ və təşviq edir;
-ictimai strukturlaşdırılmış idarəçilik gənclər üçün direktivləri təaqdim edir, təlimatlar müəyyən edir;
-ictimai idarəçilik gənclərdə tələbkarlıq qabiliyyətinin formalaşmasını özündə ehtiva edir və digər müsbət keyfiyyətləri aşılayır.
Elşən Misir oğlu Nəsibov (Elşən Ardıc)
Siyasətşünas-alim, yazıçı-publisist. "ARDIC" Hərəkatının və "Arça" Düşüncə Mərkəzinin təsisçisi və məsul katibi. Qərbi Azərbaycan İcmasının üzvü
28 yanvar-3 fevral 2025-ci il